Afrikada koronavirusa görə 20 milyona yaxın iş yeri bağlana bilər Dünya

Afrikada koronavirusa görə 20 milyona yaxın iş yeri bağlana bilər

Afrika iqtisadiyyatının koronavirus pandemiyasının təsiri səbəbindən bu il azalacağına görə qitədə 20 milyona yaxın iş yeri təhlükə altındadır
"APA-Economics" bu barədə Afrika İttifaqının mütəxəssisləri tərəfindən aparılan araşdırmaya istinadən xəbər verir.
Araşdırmaların nəticələrinə görə, realistik ssenariyə əsasən, tədqiqatçılar Afrika iqtisadiyyatının 0,8% azalacağını proqnozlaşdırır. Pessimistik ssenari isə iqtisadiyyatın 1,1% azalacağını nəzərdə tutur. Bununla yanaşı, Afrika birbaşa xarici investisiyaların 15%-ni itirə bilər.
"Vəziyyət bu cür davam edərsə, həm rəsmi, həm də qeyri-rəsmi sektorlarda 20 milyona yaxın iş yeri ləğv oluna bilər", - tədqiqatda deyilir.
Afrika ölkələri büdcə gəlirlərinin 20-30%-ni itirə bilər, eyni zamanda COVID-19 virusunun yayılmasına qarşı mübarizə dövlət xərclərini ən azı 130 mlrd. ABŞ dolları artıracaq. Bununla yanaşı, ixrac və idxalın 2019-cu illə müqayisədə ən azı 35% azalacağı gözlənilir.
Neftin ucuzlaşması fonunda ən çox zərər çəkəcək ölkələr neft istehsalçıları olacaq. Təkcə Nigeriya və Anqola gəlirlərin 65 mlrd. dollarını itirə bilər. Bu il Afrika neft ixracatçılarının büdcə kəsirinin iki dəfə artacağı, onların iqtisadiyyatı isə orta hesabla 3% azalacağı gözlənilir.