ABŞ-da kütləvi nümayişlər Dünya

ABŞ-da kütləvi nümayişlər

Etirazlar Avropanı da bürüyüb

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi nümayişlər davam edir. “NBC” televiziyası polisə istinadən xəbər yayıb ki, Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində 46 yaşlı afroamerikalı Corc Floydun ölümünə etiraz olaraq keçirilən nümayişlərdə bir nəfər ölüb, beş nəfər güllə yarası alıb. Qeyd olunub ki, nümayişlər zamanı 240 nəfər saxlanılıb, nümayişçilərlə polis arasında baş verən toqquşmalarda isə 20-dən çox polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür.
Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosuna (FTB) və Ədliyyə Nazirliyinə Corc Floydun ölümü ilə əlaqədar istintaqı sürətləndirməyi tapşırıb. Hadisənin iştirakçısı olan 4 polis əməkdaşı işdən çıxarılıb, araşdırma aparılır.
CNN etirazçıların Vaşinqtonda Ağ Evin önündə qurulmuş barrikadanı yandırdıqlarını bildirib. Məlumatda olayların baş verdiyi vaxt Ağ Evdə olan Prezident Donald Trampın xüsusi sığınacağa aparıldığı qeyd edilib. Trampın xanımı Melaniya Tramp və oğlu Barronla birlikdə 1 saata yaxın sığınacaqda qaldığı deyilib. “The New York Times” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp, 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı Ağ Evin qarşısında keçirilən kütləvi etirazlar zamanı Vaşinqtonun mərkəzində yerləşən yeraltı bunkerdə gizlənib.
Mənbələrin verdiyi məlumata görə, qərar şənbə gecəsi etirazların ən qızğın vaxtı verilib. Buna ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları təkid edib. Nəşr qeyd edir ki, bəzi işçilərə iğtişaşların yenidən başlanması təhlükəsi səbəbindən Ağ Evə işə gəlməmələrinə icazə verilib. Prezidentin özü isə Tvitterdə paylaşdığı açıqlamada bunu təkzib edib. Digər yandan, polis qüvvələri Ağ Evin önündə gedən etirazlara müdaxilə edib. Etirazçılara səs bombaları və gözyaşardıcı qaz tətbiq olunub.
Vaşinqton, Atlanta, Çikaqo, Denver, Los-Anceles, Sittl və San-Fransisko da daxil olmaqla, ən azı 40 şəhərdə küçəyə çıxma qadağası elan edilib. Kaliforniyanın Lonq Biç və San Xose şəhərlərindəki etirazlardan istifadə edərək dükanları taladıqları halda, İndianapolisdəki mitinqlərdə baş verən qarşdurmada iki nəfərin həyatını itirdiyi açıqlanıb. Nyu-Yorkun ayrı-ayrı bölgələrində də polis və etirazçılar arasında toqquşmalar gedir. Nyu-Yorkdakı toqquşmalardan birində polis avtomobilini yandırıblar. Manhattanda da vəziyyət gərgindir. Etirazçılar tarix St. Patrik Katedralının divarına "Nəfəs ala bilmirəm" şüarları yazıblar. Bu şəhərdə iri ticarət mərkəzləri və dükanların talanması geniş vüsət alıb.
Onu da qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarına London və Berlində də qoşulanlar var. Xarici KİV xəbər verir ki, ABŞ-dakı aksiyalara dəstək məqsədilə keçirilən aksiyalarda Corcun son sözləri – “Nəfəs ala bilmirəm” şüar olaraq seçilib. Londonda Trafalqar meydanında minlərlə etirazçı diz üstə çöküb sağ əllərini yumruq şəklində tutub yuxarı qaldıraraq (irqi ayrı-seçkiliyə etiraz olaraq) “Ədalət yoxdursa, dünya yoxdur!” şüarını səsləndiriblər. Aksiyaçılar daha sonra ABŞ səfirliyinin binası önünə toplaşıblar.
Berlində də mitinqçilər ABŞ səfirliyinin binası önünə toplaşaraq “Corc Floyda ədalət!”, “Bizi öldürməyi dayandır!”, “İndi kimin boğazına çöküləcək?” şüarlarını səsləndiriblər. ABŞ Prezidenti Donald Tramp Corc Floyda görə keçirilən etirazlar səbəbindən Antifa (antifaşist) hərəkatını terror təşkilatı kimi tanıyacağını bildirib. Yerli KİV bildirir ki, Tramp bu barədə Tvitter hesabında yazıb. O, etirazların təşkilində Antifa hərəkatını ittiham edib. ABŞ-ın eks-prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays isə deyib ki, ABŞ-dakı etiraz aksiyalarının arxasında Rusiya dayana bilər. “Mən Rusiyanın hər iki tərəfi sosial şəbəkələrin köməyi ilə qızışdırdığını öyrənsəm, təəccüblənmirəm. Əgər onların hansısa formada buna sponsorluq etdiyi aşkarlanarsa, buna da təəccüb etmərəm”, – deyə o bildirib.