AKP Ərdoğanla nə edəcək? Dünya

AKP Ərdoğanla nə edəcək?

Ərdoğan aid olduğu iddia olunan səs yazısı baş naziri çıxılmaz duruma salıb

Cavid

Türkiyədə 17 dekabr əməliyyatı sonrası internetə sızdırılan səs qeydlərinə bu dəfə bomba kimi təsir edəcək bir qeyd də əlavə edildi. Youtuba yüklənən və baş nazir Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu iddia edilən telefon danışığının 17 dekabr günü, yəni rüşvət əməliyyatının ilk günündə aparıldığı bildirilir.
Türkiyə mediası yazır ki, səs yazılarında baş nazirin, oğlu Bilal Ərdoğana saxladığı pulları təcili evdən çıxararaq, lazım olan iş adamlarına verməsinin vacib olduğu bildirilir. Səs yazısında Bilal Ərdoğana aid olduğu iddia edilən səsin son olaraq 30 milyon avro qaldığını və onu da aparacağını söylədiyi eşidilir.
Audioyazı internetdə yayılandan dərhal sonra baş nazir Ərdoğan bu danışığın montaj olduğunu bəyan edib. Səslər montajdırmı? Səs yazısı internetə yüklənən kimi sosial mediada da müzakirələr başlayıb. Bir qisim jurnalistlər bu səs yazısının montaj olduğunu bildirir. Şübhə yaradan başqa bir nüans isə mediaya sızdırılan səs yazısının polis qeydlərini yayması ilə məşhurlaşan "Haramzadələr" adlı bir internet ünvanından deyil, bilinməyən bir ünvandan Youtuba yüklənməsidir. Bundan əlavə, Ərdoğanın çox batıq səslə danışması və Bilal Ərdoğanın səsində yaranan qırıqlar, aralarda yaranan boşluqlar da səs yazısının montaj olması şübhələrini artırır. Yayılan səs yazısı ilə bağlı Türkiyə hökuməti açıqlama verib. Açıqlamada səs yazısının reallığı əks etdirmədiyi və bunun əxlaqsızca edilmiş montaj olduğu bildirilir. Daha sonra açıqlamada bu çirkli oyunu quranların qanun qarşısında cavab verəcəyi deyilir.
Onu da qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid edilən səs yazısının internetdə yayılmasından sonra Türkiyənin bir çox vilayətlərində əhali küçələrə çıxaraq etiraz nümayişlərinə başlayıb.
Polis bəzi vilayətlərdə etirazçıları gözyaşadıcı qazla dağıdıb. İzmir, İstanbul, Eskişehir və Muğla da daxil olmaqla 10-a yaxın vilayətdə nümayişlər qeydə alınıb. Bəzi vilayətlərdə etirazlar dinc yürüşlə gerçəkləşdirildiyi halda, digərlərində polislə etirazçılar arasında toqquşma qeydə alınıb.
500 nəfərdən ibarət qrup isə İstanbulda hakim partiya AKP-nin binasına hücum etmək istəyəndə polis onların qarşısını kəsib və su şırnaqları ilə partiyanın ofisindən uzaqlaşdırıb. Polislə nümayişçilər arasında gərginlik yaşanıb. İzmitdə isə 300 nəfərlik qrup AKP-nin rayon bölməsinin binasını yumurta yağışına tutub.
Daha geniş nümayiş İstanbulun Kadıköy rayonunda təşkil olunub. Polis etirazçıların həmləsinin qarşısını almaq üçün AKP-nin binasına aparan yolları bağlayıb. Kadıköyə 20 polis avtobusu yeridilib, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqları işə salınıb. Bəzi etirazçılar cavab olaraq polisi daş atəşinə tutub, yaxınlıqdakı bankların şüşələrini qırıb.
Paytaxt Ankarada da icazəsiz aksiya keçirən qrup polis müdaxiləsi ilə üzləşib. Kennedi küçəsinə toplanan nümayişçilər, hökumətə qarşı etiraz edərək, yolları bağlayıb. Polisin xəbərdarlığına baxmayaraq, etirazçılar barikadalar quraraq, zibil qalaqlarına od vurub. Daş hücumuna məruz qalan polis qüvvələri aksiyaya təzyiqli su və bibər qazı ilə müdaxilə edib. Müdaxilədən sonra etirazçılar ara küçələrə dağılışıb.
İzmirdə isə bir qrup şəxs Gündoğdu meydanına toplaşıb. Əllərində siyasi partiyaların bayraqlarını tutan fəallar, "Cumhuriyyet" meydanı istiqamətində yürüş edib. Kantar polis idarəsi önündən keçən etirazçılar polis maşının şüşələrini qırınca, çevik polis alayı aksiyaya bibər qazı və su şırnaqları ilə müdaxilə edib. "Kıbrıs şəhidləri" küçəsinə qaçan etirazçılar bir sıra şüarlar səsləndirdikdən sonra dağılışıb.
"Oğurluq oğuldan ataya yox, atadan oğula keçər". Bu sözlər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məxsusdur. Ərdoğan bu sözləri 90-cı illərdə İstanbul bələdiyyə başçısı olarkən səsləndirib.
Ərdoğan çıxışında bu günə qədər oğlundan oğurluq öyrənən ata görmədiyini deyir və oğurluğun atadan oğula keçdiyini söyləyir. O zaman bələdiyyə başçısı olan Ərdoğan bununla izah etmək istəyir ki, idarəçilikdə rüşvət yüksək vəzifəli şəxslərdən aşağı vəzifəlilərə keçir, oradan da xalqa.
Bu video illər öncə sosial şəbəkələrdə yerləşdirilib. İki gün ərzində isə bu videogörüntülər rekord sayda izlənilib. Buna səbəb isə Ərdoğanla oğlu Bilal arasında olduğu iddia edilən telefon danışığının mətbuatda yayılmasıdır.
Türkiyəli ekspert-yazar Ağıllı Sarıhan yazır: "Baş nazir Tayyib Ərdoğanın 17 dekabr günü oğlu Bilal Ərdoğanla etdiyi telefon danışması, onun yolun sonuna yaxınlaşdığını göstərir. Baş nazir bu danışıqda, oğlu Bilal Ərdoğandan polisin bəzi iş adamlarının evlərində axtarış aparmağa başladığını xatırladaraq, oğlundan evində saxlanan külli miqdarda pulun başqa evlərə aparılmasını istəyir. Aydındır ki, o gün oğlunun evində də axtarış ediləcəyini düşünərək bunun hesabının soruşulacağını təxmin edir. Beləcə baş nazir həm araşdırmadan xilas olmaq, həm də pulunu zəmanətə almaq istəyir. İctimaiyyətdə onsuz da iqtidara gəldikdən sonra böyük sərvətlər əldə etdiyi mövzusunda hədəfdə olan, 17 dekabr əməliyyatında da qınanılan Ərdoğan son dərəcə çətin vəziyyətdə qalıb. Baş nazir canının hayında özünü müdafiə etməyə girişib, hətta günahkar ikən güclü çıxmağa çalışmaqdadır. Lakin bu dəfə oğurlanan minarə üçün uyğun bir örtük yoxdur. Bir siyasətçi daşıdığı fəlsəfi və siyasi düşüncələrindən çıxış etməlidir. Bunlar onun siyasi şəxsiyyəti ilə əlaqədardır. Bunları millətə açıqlayaraq səs alıb. Lakin bu o demək deyil ki, ona və ya partiyasına verilən səslərin birinin belə hesabını verə bilməyəcəyi sərvətlər yığsın və bunu millətdən gizlətsin. Bu hadisələr üz qızardıcıdır. Onsuz da baş nazir özünü müdafiə edərkən "mənim o qədər pulum yoxdur" demir. Səsin özünə və oğluna aid olmadığını da irəli sürmür. Hətta telefonunun qapalı olduğunu bildirir. Yalnız səslərin montajlanmış olduğunu söyləyir. Bunun da inandırıcı bir tərəfi yoxdur...
Zəngin Qərb ölkələrində belə görünməmiş məbləğdə bir maaş alan, ticarət etdiyi dövrdən az-çox sərvət yığan, uşaqlarının təhsil xərclərinin iş adamları tərəfindən ödəndiyi bir baş naziri, böyük sərvət əldə etməyə və bunu gizlətməyə sövq edən motiv nədir? Aydındır ki, baş nazir iqtidarını bu sərvətləri istifadə edərək əlindən gəldiyi qədər uzatmaq istəyir. Pərəstişkarı olduğu klassik Osmanlı dövrü vəzirləri kimi küplərini doldurmağı məsləhət görür. İndi daha aydın görünür ki, Allah, Peyğəmbər, Kitab - bu sistemin üstünə sərilən bir örtüymüş. Baş nazir sui-istifadələrin ortaya çıxmaması üçün 17 dekabrdan bəri ard-arda tədbirlər görür. Polis şeflərini və prokurorları dəyişdirir, hakimlər və prokurorları özünə bağlamaq üçün qanun çıxarır. İnterneti yasaqlayır ki, bu kimi kasetlər və səs yazmaları yayımlanmasın. İndi bu şərtlərdə son səs qeydlərinin gerçək olub-olmadığı mövzusunda tərəfsiz, ədalətli bir araşdırma aparıla bilərmi?
Məclisin əksəriyyətini təşkil edən AKP qrupu, bundan sonra nə edəcək? Başçılarını fəda edib təmiz bir siyasətlə yollarına davammı edəcəklər, yoxsa onunla birlikdə dağılıb gedəcəklər? Türkiyə yeni siyasi proseslərə hamilədir".