Gerçəklər ortaya çıxanda… Dünya

Gerçəklər ortaya çıxanda…

Oktay Ekşi: "O zaman üzr istəmə öhdəliyi hadisələrin səbəbkarlarının nəvələrinin üzərinə düşəcək"

"Gerçəklər ortaya çıxanda üzr istəmə öhdəliyi hadisələrin səbəbkarlarının nəvələrinin üzərinə düşəcək". Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili Oktay Ekşi deyib.
"HDP millət vəkili Səbahat Tuncel 1915-ci il hadisələrinə görə Türkiyə dövlətinin üzr istəməsinin zəruriliyini gündəmə gətirib. Bununla bağlı nə demək istərdiniz?" – sualına O. Ekşi belə cavab verib:
"Məncə, hörmətli Səbahat Tuncel Türkiyə Cümhuriyyəti prezidentinin 24 aprel günü ermənilərdən üzr istəməsini tələb edərkən boyundan çox dərin suda üzməyə cəhd edib. Onun bəhs etdiyi Kahramanmaraş, Çorum, Sivas hadisələri ilə 1915 və 1937-38-ci illər hadisələrini eyni müstəviyə qoymaq cahilliyin olmasa da, mənfi niyyətin sübutu ola bilər. 1915-ci ildə "köçürmə" qərarıyla konkretləşən hadisələrlə 1937-38-ci il Dersim hadisələri də təməldə dövlətə qarşı silah qaldırmış insanlara qarşı dövlətin istifadə etdiyi qanuni "islah etmə haqqı" ilə izah edilə bilər. Silahlı üsyanı qanuni hala gətirəcək bir vəziyyət yox ikən, üzr istəmək dövlətin yox, öz dövlətinə qarşı silahdan istifadə edənin borcudur. Bu islah etmə əməliyyatı zamanı səlahiyyətini aşan, günahsız mülki insanlara ziyan vuran, qətlə yetirən, qəsb edən, zorlayan varsa, hamımızın vəzifəsi bu hadisələri törədənləri ortaya çıxarmalı və cəzalandırmalı olan dövlətdən haqq-hesabını soruşmaqdır. Ancaq belə bir haqq-hesabın soruşulması məqsədiylə, xüsusilə köçürülmə qərarının həyata keçirildiyi vaxtda yaşanmış vəhşilik, soyğun, təcavüz kimi hadisələri törədənlərə qarşı araşdırmaya başlanılıb nəticə əldə edilərsə, hörmətli Tuncel açıqlamaqda çətinlik çəkəcəyi həqiqətlərlə üzləşə biləcəyini unutmamalıdır. Belə bir vəziyyətdə üzr istəmə məsuliyyəti o hadisələri törədənlərin nəvələrinin üzərinə düşəcək".