Donetsk aeroportu uğrunda döyüşlər qızışıb Dünya

Donetsk aeroportu uğrunda döyüşlər qızışıb

Ukraynanın şərqində son 2 gün ərzində ən azı 300 Rusiya əsgərinin öldürüldüyü bildirilir

Ümumilikdə Dobasdakı münaqişə zamanı 4672 Rusiya hərbçisinin öldürüldüyü, 970 nəfərin yaralandığı, 2560 nəfərin isə itkin düşdüyü güman olunur

Cavid

"Rusiyapərəst separatçılar Donetsk aeroportuna hücumları yenidən bərpa edib".
Bu haqda məlumatı Ukrayna qoşunlarının mətbuat xidməti yayıb. Məlumata görə ötən gün ərzində Donetsk aeroportu ərazisində sakitlik müşahidə edilsə də atəşkəsin yerinə yetirilməsinə nəzarət edən müfəttişlər ərazini tərk etdikdən sonra rusiyapərəst separatçılar yenidən hücuma keçiblər.
Bundan əvvəl separatçılar Donetsk aeroportu ərazisində atəşkəsin elan edilməsi barədə razılığın əldə olunmasını xəbər vermişdilər. Ukrayna tərəfinin bildirdiyinə görə, Donetsk aeroportu uğrunda döyüşlərdə separatçılara Rusiya xüsusi təyinatlılari kömək edir.
Kreml Kiyev və Qərb rəsmilərinin Ukraynanın şərqində döyüşən separatçılara silah-sürsat və canlı qüvvə ilə komək etdiyi barədə ittihamları qətiyyətlə rədd edir.
Dünən yayılan məlumatlar sırasında Ukraynanın Donetsk aeroportunda rusiyalı zabitin öldürüldüyü də bildirilib. Bu haqda məlumatı Ukraynanın "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk bildirib.
Tımçuk özünün Facebook sosial şəbəkəsində yazıb ki, Donetskdə Rusiyanın Federal Mühafizə Xidmətinin 3 əməkdaşı da atışma zamanı həlak olub.
Bratislavada keçirilən beynəlxalq forumda Slovakiyanın baş naziri Robert Fiso isə çıxışında qeyd edib ki, Avropada bəzi liderlər Krımın Rusiya tərəfindən zəbt edilməsi məsələsini artıq həll olunmuş hesab edirlər.
"Təəssüf ki, bu belədir. Hətta Avropanın bəzi liderləri ünsiyyət vaxtı Krım məsələsini qaldırmırlar", - o, vurğulayıb.
Eyni zamanda Slovakiyanın baş naziri qeyd edib ki, Ukraynaya NATO-ya daxil olmaq lazım deyil. Ukraynanın qarşısında böyük hərbi münaqişə təhlükəsinə gəlincə, baş nazirin fikrincə, proseslərin bu istiqamətdə inkişafı ehtimalı 70 faiz təşkil edir.
R.Fiso müdafiəyə xərclərini artırmaq barədə fikirləri dəstəkləmədiyini bildirib: "Gəlin bir az praqmatik və rasional olaq. Əgər biz müdafiəyə xərclərini iki faizə qədər artırsaq, bu silahlanma üzrə geosiyasi kampaniyada sadəcə olaraq heç nəyi bildirməyəcək".
ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri isə Rusiya tərəfini Ukraynanın cənub-şərqindəki separatçıları silahla təchiz etməkdə ittiham edib
Con Kerri qeyd edib ki, sentyabrın 5-dən, yəni atəşkəs haqqında Minsk razılaşmasının imzalandığı andan bu vaxtadək Rusiya Ukraynadakı separatçılara birbaşa yüzlərlə tank, zirehli texnika, ağır artilleriya göndərib. Rusiya hərbçiləri əvvəlki kimi ölkənin şərqində əməliyyatlarda iştirak edir, idarə və nəzarət etməkdə separatçılara yardım edirlər", deyə dövlət katibi qeyd edib.
Litva prezidenti Dalya Qribauskayt da Rusiyanı tənqid edib. O, Rusiyanın hərəkətlərini "güc yox, ağılsızlıq" adlandırıb: "Bu güc nümayişi deyil. Gəlin onlara buna görə sevinməyə imkan verməyək. Bu ağılsızlığın nümayişidir, məsuliyyətsiz davranışdır".
Qeyd edək ki, bir müddət əvvəl Hollandiyanın Müdafiə Nazirliyi bildirmişdi ki, NATO çərçivəsində ölkəsinin Hərbi Hava Qüvvələrlərinin iki F16 qırıcısı Baltikyanı ölkələrin hava məkanında səma patrulu çəkən zaman "İl" Rusiya hərbi təyyarəsini Estoniyanın və Litvanın hava məkanında yaxalayıb. Rusiya Müdafiə Nazirliyi bu informasiyanı təkzib etmişdi.
Krım tatarlarının lideri Mustafa Cəmilov deyib ki, Rusiya zəbt edilmiş Krımın Herson vilayəti ilə sərhədində hərbi mövcudluğunu gücləndirir və tatarlara yarımadanı tərk etməyi məsləhət görür.
"Krım tatarlarına təklif edirlər ki, bu ərazini tərk etsinlər. Səbəb isə çox aydındır. Çünki onlar ehtiyat edirlər ki, hərbi hərəkətlər olacağı halda Krım tatarları Ukrayna güclərinə kömək edəcəklər", - M.Cəmilov bildirib.
Ukraynanın NATO-dakı səfiri İqor Doldov isə bildirib ki, NATO Ukrayna ordusunda xüsusi təyinatlı qrupların yaradılmasına kömək edəcək. Onun sözlərinə görə, xüsusi təyinatlıların yaradılması hərbi alyansın Ukraynaya yardımının əsas istiqamətlərindən biri olacaq.
"Mən sizə konkret layihə ilə bağlı kiçik bir sirr açacağam. Söhbət NATO-nun Ukrayna ordusunda xüsusi təyinatlı qüvvələrinin yaradılmasına edəcəyi yardımdan gedir. Biz hazırda bunun üzərində işləyirik", - o, ukraynalı jurnalistlərə açıqlamasında deyib.
O, NATO-nun Ukraynaya hərbi dəstəyinin zamanla yeni formalarının ortaya çıxa biləcəyini vurğulayıb.
Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko isə deyib ki, NATO alyansın dirçəlməsi üçün Ukraynadakı böhrandan istifadə edir: "Rusiya NATO-nun şərq istiqamətində mövqelərinin gücləndirilməsi ilə əlaqədar artıq tədbirlər görür. Bu tədbirlər alyansın hərəkətlərindən asılı olaraq davam etdiriləcək".
"Bu ərazilərdə əlavə qüvvələr yerləşdirmək, hərbi təlimlərin miqyasını böyütmək üçün gerçək səbəblər yoxdur. NATO-nun məntiqi milli təhlükəsizlik maraqlarına deyil, daha çox alyansın öz maraqlarına əsaslanır", - deyə o vurğulayıb.
A.Qruşko həmçinin qeyd edib ki, NATO-nun ən böyük səhvlərindən biri Rusiya ilə hərbi sahədə təmaslara son qoymaq idi. Onun sözlərinə görə, Rusiya-NATO əməkdaşlığı prosesini idarə edən bütün işçi qrupların fəaliyyəti dayandırılıb.
Bununla yanaşı A. Qruşko bildirib ki, alyans nümayəndələri ilə diplomatik kanallarla təmaslar qalmaqdadır: "Təmaslar qalsa da, iclaslar keçirilmir".
Onu da qeyd edək ki, "Ukraynadan Rusiyaya yük-200" hüquq müdafiə təşkilatı isə qış fəslinin ilk günlərində Ukraynada ölən Rusiya əsgərləri haqda məlumat dərc edib. Donetsk aeroportunun hücumu zamanı 1-2 dekabr tarixlərində ən azı 300 Rusiya əsgəri öldürülüb.
Təşkilatın məlumatına görə, aeroport uğrunda döyüşlərdə noyabrın 30-da 200 Rusiya hərbçisi öldürülüb. Ümumilikdə Dobasdakı münaqişə zamanı 4672 Rusiya hərbçisinin öldürüldüyü, 970 nəfrin yaralandığı məlumatı var. 2560 nəfər itkin düşmüş sayılır.
İtkilərə baxmayaraq, Kreml hələ də Ukraynanın şərqində döyüşən Rusiya əsgərlərinin mövcudiyyətini tanımaq istəmir.