“Diplomatiya müharibəni hələlik təxirə salıb” Dünya

“Diplomatiya müharibəni hələlik təxirə salıb”

“ABŞ ilə İran arasında iyunun 18-də imzalanmış 14 bəndlik Anlaşma Memorandumu müharibənin dayandırılması üçün müəyyən ümidlər yaratsa da, iyulun 8-dən etibarən tərəflər arasında qarşılıqlı hücumların yenidən başlaması bu gözləntiləri puça çıxardı”.

Bu fikirləri siyasi şərhçi Əli Oruclu Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, tərəflər bir-birini atəşkəsi və əldə olunan razılaşmaları pozmaqda ittiham etməklə məsuliyyəti qarşı tərəfin üzərinə yönəltməyə çalışıblar:
“Memorandumda açıq qalan mühüm məsələlər var idi. Xüsusilə də 60 gün ərzində İranın nüvə proqramı, sanksiyaların tam ləğvi, zənginləşdirilmiş uranın təhvil verilməsi kimi fundamental məsələlər sonrakı mərhələyə saxlanılmışdı. Bundan başqa, Livanda İsrailin hərbi əməliyyatları dayandırması və qoşunlarını həmin ölkədən çıxarması ilə bağlı müddəalar da yer alırdı ki, bu da Təl-Əvivin planlarına tam uyğun gəlmirdi.
ABŞ və İran arasında müharibənin yenidən alovlanması onun daha geniş coğrafiyaya yayılması, digər dövlətlərin münaqişəyə cəlb olunması və dünya iqtisadiyyatına ağır zərbə vurması riskini artırırdı.
Gəmi nəqliyyatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının bağlanması və ya blokadaya alınması, eləcə də Bab əl-Məndab boğazında keçidlərin məhdudlaşdırılması həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlər yaradırdı. Buna görə də diplomatik missiyanın yenidən ön plana çıxması dağıdıcı müharibəni, heç olmasa, müvəqqəti olaraq təxirə sala bildi”.

Siyasi şərhçi hesab edir ki, memorandumda əksini tapan müddəalar tam icra olunacağı təqdirdə heç bir tərəf özünü məğlub hesab etməyəcək:
“Tehran üçün hava zərbələrinin vurduğu ziyan və Hörmüz bölgəsində yaranmış qeyri-sabitlik ciddi iqtisadi və sosial nəticələr doğurub. İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəiflədilib, arsenalındakı silahların böyük hissəsi ya istifadə olunub, ya da məhv edilib. Buna baxmayaraq, Tehran rejimi öz mövcudluğunu qoruyub saxlaya bilibsə, bunu daxili auditoriyaya uğur kimi təqdim etməyə çalışacaq və təbliğat məqsədilə bundan geniş istifadə edəcək. Lakin əvvəlki kimi regionda təsir imkanlarına malik olmayacaq. Proksi qüvvələri də demək olar ki, sıradan çıxarılıb. İranın zəifləməsi Yaxın Şərqdə qüvvələr balansını kökündən dəyişə bilər.
Sonrakı mərhələdə Səudiyyə Ərəbistanının daha fəal rol oynayacağı gözlənilir. Türkiyə artıq regionun əsas güc mərkəzlərindən biri kimi çıxış edir. İran amilinin zəifləməsi İsrailin regional hegemonluq istiqamətində irəliləməsi baxımından mühüm maneələrdən birinin aradan qalxması deməkdir. Əgər razılaşma sonadək davam edərsə, bu, eyni zamanda İrana da müəyyən nəfəs dərmək imkanı verə bilər”.

Günel Elxan