“İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib” Dünya

“İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib”

“ABŞ və İsrail İrana qarşı müharibədə onu strateji resurslarından və müdafiə imkanlarından məhrum etməyə çalışırlar. İran isə buna cavab olaraq bütün regionu müharibə arealına çevirməyə çalışaraq, bununla ABŞ-nin təzyiq siyasətini dəyişdirə biləcəyini düşünür. Əslində, İran müəyyən qədər istəyinə nail ola bilir. Məsələn, müharibənin birinci mərhələsində (28 fevral-8 aprel) məhz ABŞ-nin regional müttəfiqlərinin təzyiqi ilə danışıqlar perioduna keçid edilmiş və 17 iyunda ABŞ əsas İran tələblərini özündə ehtiva edən memoranduma imza atmalı olmuşdu. İndi müharibənin ikinci mərhələsi yenə region üçün dağıdıcı xarakter alıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Ş.Cəlilzadənin fikirlərinə görə, Birinci dünya müharibəsindən də bildiyimiz kimi regional nizamı dəyişən genişmiqyaslı müharibələrdə böyük regional aktor çökərsə bütün region onun dağıntıları altında qalır: “Bu mənada İran da hazırda çöküşünü ləngitmək və ya qeyri-mümkün etmək üçün bütün Yaxın Şərqi genişmiqyaslı müharibə alovuna verməyə hazırdır. Lakin Körfəz ölkələri Qərbin mühüm enerji tərəfdaşları olduqları üçün, burada böyük yatırımların itirilməsi qorxusu olduğu üçün bu, heç də arzuolunan ssenari deyil. Başqa sözlə, İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib. Belə ki, qlobal neft təchizatçılarından olan Səudiyyə Hörmüzə alternativ olaraq yaranan gərginlik fonunda Qırmızı dəniz marşrutu ilə ixracı 4-5 dəfə artırmışdı. Burada yaradılan neft emalı təsislərinin gücü olduqca böyükdür. Bab-əl-Məndəb boğazı və Qırmızı dənizlə şimala ordan isə Qərbə yönələn Səudiyyə hazırda husilərin Bab-əl-Məndəbdə yaratdığı hərbi eskalasiyadan artıq ciddi şəkildə təsir görüb”.

O əlavə edib ki, husilər Qırmızı dənizdə Səudiyyə tankerlərini vurub, əsas iki neft emal zavoduna (Jizan və Yanbu) zərbələr endirib: “Müqayisə üçün Jizanın günlük neft emalı gücü Azərbaycanın günlük toplam neft emalı gücünə (Bakıdakı və Türkiyədəki STAR NEZ-nun birgə gücünə) yaxındır. Belə bir enerji təsislərinin məhvi sadəcə Səudiyyə üçün deyil, Qərb üçün də ciddi itki olar. Odur ki, Səudiyyə rəsmiləri Trampa İrana qarşı təzyiqləri azaltmaq çağırışı edib. İran isə təklif edib ki, ABŞ Hörmüzdə İranın enerji ixracı imkanlarını bərpa etsin və ümumiyyətlə Hörmüzdə İranın Omanla birgə suveren hüququnu tanısın. Yalnız bu şərtlərdə İran da regionda genişmiqyaslı hücumu dayandıracaq. Başqa sözlə, əgər belə bir razılaşma əldə olunarsa, Yəmən husiləri də təhdid faktoru olaraq geri çəkiləcəklər. Tramp artıq danışıqların başlandığını bəyan edib”.

Röya İsrafilova