“ABŞ–İran memorandumu yeni mərhələnin əsasını qoya bilər” Dünya

“ABŞ–İran memorandumu yeni mərhələnin əsasını qoya bilər”

“İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzalanmış memorandumu ölkənin gələcək xarici siyasətinin əsas elementlərindən biri kimi təqdim etməsi Tehran–Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bunu Milli Məclisin deputatı Azər Badamov Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.

Deputatın sözlərinə görə, Pezeşkianın bəhs etdiyi memorandum Yaxın Şərqdə davam edən müharibənin gedişində dönüş nöqtəsi hesab oluna bilər:
“Bu razılaşma imzalanana qədər regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətin idi. Memorandumun imzalanması isə heç olmasa müəyyən müddət üçün atəşkəsin əldə olunmasına və beynəlxalq enerji bazarlarında nisbi sabitliyin yaranmasına imkan verdi. İran rəhbərliyi bu sənədi aylarla davam edən danışıqların nəticəsi kimi qiymətləndirir və onun tam icra olunacağı təqdirdə ölkə üçün mühüm siyasi nəticələr verəcəyinə inanır.
Razılaşmanın əsas məqsədi diplomatik danışıqlara üstünlük verilməsi, münaqişənin idarə olunan siyasi prosesə çevrilməsi və İrana tətbiq olunan sanksiyaların mərhələli şəkildə yumşaldılmasıdır. Bununla yanaşı, ABŞ-ın əsas tələbləri hesab olunan Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və İranın nüvə proqramı ilə bağlı öhdəlikləri hələ də tam həllini tapmayıb. Məhz buna görə də tərəflərin razılaşmaya nə dərəcədə sadiq qalacağı əsas suallardan biri olaraq qalır”.

Onun fikrincə, memorandumun müddəalarına əməl olunacağı təqdirdə bu, müharibənin başa çatmasına və Tehran–Vaşinqton münasibətlərində yeni mərhələnin formalaşmasına zəmin yarada bilər:

“Lakin hazırkı mərhələdə proseslər göstərir ki, tərəflər razılaşmanın bütün şərtlərini tam şəkildə yerinə yetirməkdə çətinlik çəkirlər. Hörmüz boğazında təhlükəsizlik insidentləri, tankerlərə qarşı hücumlar və zaman-zaman qarşılıqlı atəşlərin davam etməsi bunu təsdiqləyir. ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın tam icrası təkcə regionun təhlükəsizlik balansına deyil, həm də İranın müttəfiqləri ilə münasibətlərinə müsbət təsir göstərə bilər.
Çünki müharibənin uzanması yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradır. Bu baxımdan memorandumun uğurla icra olunması regionda sabitliyin möhkəmlənməsinə və diplomatik münasibətlərin normallaşmasına xidmət edə bilər”.

Günel Elxan