Sarkisyana qarşı üsyan güclənir Dünya

Sarkisyana qarşı üsyan güclənir

Əsgər anaları və sahibkarlar prezidentin istefasını tələb edirlər

Cavid

Ermənistanda hökumət əleyhinə etirazlar daha da gərginləşib. Sahibkarlarıın ardınca bu dəfə əsgər anaları nümayiş keçirərək Sarkisyanı istefaya çağırıblar. Onları sakitləşdirmək istəyən baş keşişə isə, "Siz kim üçün dua edirsiniz? Eybəcər prezident üçünmü?" sualı verilib. Ermənistanda prezident iqamətgahı önündəki aksiyada minlərlə əsgər anası iştirak edib. Nümayişçilər Ermənistan ordusunda olan özbaşnalığa və əsgər ölümünə son qoyulmasını tələb ediblər. Etirazçıların əsas şüarı müharibəyə son və rədd ol Sakisyan olub. Aksiya iştirakçıları Serj Sarkisyanın şəkillərini yerə ataraq tapdalayıb və yandırıblar. Daha sonra nümayiş iştirakçıları prezident aparatının nümayəndələri ilə görüşmək istəyib. Onların qəzəbindən ehtiyatlanan qarşı tərəf görüşdən imtina edib. Bununla belə prezident iqamətgahından çıxan İrəvanın baş keşişi Baqrat Srbazan əsgər anaları ilə görüşüb. Baş keşişin nümayişçiləri sakitləşdirmək cəhdləri də boşa çıxıb. Əsgər anaları qeyd edib ki, prezident Serj Sarkisyan 4 il əvvəl cinayət işlərinin araşdırılmasının ədalətli aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verib. Lakin bu vaxtadək bu vədlər yerinə yetirilməyib. Onlar övladlarının Ermənistanda aparılan mənfur siyasətin qurbanı olduqlarını bildirib. Dünən isə erməni sahibkarlar ölkə hökumətinin binasının qarşısında kütləvi aksiya keçiriblər. Bu barədə erməni KİV xəbər verir. Məlumata əsasən, sahibkarlar "Dövriyyədən verginin tutulması" qanunun qüvvəyə minməsinə görə etiraz aksiyası keçirirlər. Sahibkarlar yeni qanunla yanaşı, köhnə qanunun da saxlanılmasını istəyirlər. Yəni onlar istəyirlər ki, ən azı bu yolla sahibkarlara daha bir il möhlət verilsin. Etirazçılar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər. Xatırladaq ki, "Dövriyyədən verginin tutulması" haqda yeni qanuna əsasən yarmarkada işləyən sahibkarlar ticarət dövriyyəsi haqqında sənədləri müvafiq orqanlara təqdim etməlidir. Əks halda onlar cərimələnəcəklər.