Sarkisyan hakimiyyətini itirəcək Dünya

Sarkisyan hakimiyyətini itirəcək

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Ermənistanda baş verən hadisələrə münasibətində deyib ki, Rusiya ilə qeyri-müəyyən münasibətlər fonunda güc nümayiş etdirmək Sərkisyana hakimiyyətini itirmək bahasına başa gələ bilər.
Ermənistana məxsus pilotsuz təyyarənin Azərbaycan tərəfindən vurulması haqda danışan politoloq bunu kifayət qədər ciddi məsələ adlandırıb: "Cəmi bir neçə gün əvvəl Serj Sərkisyan Azərbaycanı hədələdi. Bundan sonra isə Ermənistanın pilotsuz təyyarəsi Azərbaycanın hava məkanına daxil olduğu üçün dərhal məhv edildi. İndi qarşı tərəf o ritorikasına uyğun hansısa addımlar atmalıdır".
Politoloq bildirib ki, bu cür proseslər bundan sonra da təkrarlana bilər: "Ermənistanın pilotsuz təyyarəsinin sərhədi pozması cəmi bir neçə gün əvvəl Serj Sərkisyanın Azərbaycanı hədələməsinin davamı sayıla bilərsə, həmin təyyarənin dərhal məhv edilməsi İrəvanın nəyə "qadir olduğunu" faş elədi. İndi qarşı tərəf hansısa addımlar atmalıdır. Ancaq çox yaxşı bilirik ki, Ermənistan heç bir addım ata bilməz. Çünki nəinki cəsarətləri, heç gücləri belə yoxdur. Eyni zamanda, Rusiya ilə hazırkı münasibətləri də buna imkan vermir. Belə olan halda isə çaşqın, isterik açıqlamalar verirlər. İrəvan inandırmağa çalışır ki, təyyarəsi vurulmayıb, başqa sözlə, sərhədi pozmayıb. Yəni faktı ört-basdır etməyə çalışırlar. Bu isə onu təsdiqləyir ki, təmas xəttində hərbi əməliyyatların aktiv fazaya keçməsindən qorxurlar. Maksimum dərəcədə baş verənləri və itkilərini gizlətməyə çalışacaqlar. Amma bu heç də o demək deyil ki, provokasiyaları davam etdirməyəcəklər".
Ə.Oruclu Sərkisyanın hazırda ən ağlasığmaz addımlara gedə biləcəyini də istisna etməyib:
"Ermənistanın daxilində vəziyyət son dərəcə gərgindir və demək olar ki, sosial-iqtisadi tələblərlə bağlı ölkənin bütün şəhərlərində etiraz aksiyaları keçirilir. Bu gün Ermənistanda Rusiya tərəfindən mərkəzləşmiş vahid müxalifət var. Bu da faktiki olaraq indiki hakimiyyəti götürməyə hazırdır. Belə olan halda Sərkisyan hakimiyyəti ən ağlasığmaz addımlara belə getməyə hazırdır. Mənə elə gəlir ki, bu gün baş verənlərin əsl səbəbi budur. Yəni Sərkisyan hökuməti xarici düşmən faktorunu aktivləşdirməklə ölkədə öz mövqeyini gücləndirmək istəyir".
Xatırladaq ki, ötən gün təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınaraq Azərbaycan ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənə məxsus pilotsuz müşahidə aparatı Ağdam rayonunun Alıbəyli kəndi ərazisində məhv edilib.