Rusiya qisasa başladı Dünya

Rusiya qisasa başladı

Ermənistanda Rusiya əleyhinə hərəkatın fəalları həbs edilir

Cavid

Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən rus əsgərin Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi tələbilə keçirilmiş aksiyalarda iştirak edənlər arasında həbslər başlanıb.
Ötən gecə aksiya iştirakçılarından biri, Sarnaxbyur kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan çağırış vərəqəsi göndərilmədən polis şöbəsinə çağırılıb. Bir neçə saat saxlanıldıqdan sonra o, ibtidai istintaq təcridxanasına yerləşdirilib.
Yerli kütləvi informasiya vasitələrinə bu barədə məlumat verən Aleksanyanın qohumları onun ifadə verməkdən imtina etdiyini bildiriblər. Gümrü "Asparez" jurnalistlər klubunun rəhbəri Levon Barseğyan bu həbslərin şəhərdə ictimai gərginliyin daha artmasına səbəb olacağını bildirib.
Qeyd edək ki, yanvarın 15-də Avetisyan ailəsinin qətlə yetirilən üzvlərinin dəfn mərasimindən sonra minlərlə Gümrü sakini Ermənistan ərazisində cinayət törətməkdə ittiham olunan 102 saylı Rusiya hərbi bazanın əsgəri Valeri Permyakovun bazanın ərazisində saxlanılmasına qarşı və Ermənistan ədliyyə organlarına təhvil vermək tələbilə Şirak vilayət prokurorluğu önündə etiraz aksiyasına toplaşmışdı.
Yerli və mərkəzi hakimiyyətin fəaliyyətsizliyindən hiddətlənən yüzlərlə aksiya iştirakçısı Rusiya hərbi bazası və şəhərdəki Rusiya konsulluğu istiqamətində yürüş başlayıb, lakin gücləndirilmiş polis cərgələrilə rastlaşıb. Toqquşma nəticəsində 20-yə yaxın adam, o cümlədən polis əməkdaşları xəsarət alıb.
Barseğyan öz Facebook səhifəsində iğtişaşların polis tərəfindən təhrik edildiyini yazıb.
Ermənistan Baş prokurorluğu baş prokuror Gevorq Kostanyanın Avetisyan ailəsi üzvlərinin qətlə yetirilməsi faktı üzrə cinayət işinin icrasını Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi vəsatətilə Rusiya baş prokuroru Yuri Çaykaya müraciət etdiyini bildirib.
Eyni zamanda, İntrefaks agentliyi öz mənbələrinə istinadən məhkəmə prosesinin Ermənistan hərbi qarnizonunun məhkəməsində keçiriləcəyi haqqında məlumat yayıb.
Dünən isə Gümrü şəhərində Şirak vilayətinin prokurorluğu qarşısında avtoyürüş keçirilib.
Yürüş iştirakçıları 2 gün qabaq həbs edilmiş 22 yaşlı Mnasakan Aleksanyanın azad edilməsini tələb ediblər.
Gümrüdə təyin edilən yürüş göstərir ki, Ermənistanda Rusiya əleyhinə hərəkatın yeni dalğası başlayır.