İŞİD Liviyanın neft yataqlarına hücum edib Dünya

İŞİD Liviyanın neft yataqlarına hücum edib

İŞİD terrorçu qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib. RİA Novosti agentliyinin məlumatına görə, bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.
"Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib", deyə Ə.Xasi bildirib.
Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.
Terror təşkilatı İŞİD İraqın Mosul bölgəsində yerləşən strateji hərbi obyektləri də bombardman edib. Türkiyə mətbuatı xəbər verir ki, Mosulun şərqindəki Duberdan düşərgəsində hərbi vəzifəsini icra edən zabit Yasin Cəburi İŞİD-in Qazəlani qərargahı, Mosul Hərbi Əməliyyatlar Mərkəzi və Terrorla Mübarizə İdarəsi kimi əhəmiyyətli obyektləri bombardman etdiyini deyib.
Cəburi təşkilatın bu addımı Mosulu itirmək qorxusundan atdığını deyib:
"İŞİD Mosulun onların nəzarətindən çıxdığını gördüyü üçün ordu və digər güc strukturlarını tamamilə çökdürməyə çalışır".
Qeyd edək ki, dünən Bağdad şəhərinə yaxın ərazilərdə koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyat keçirdiyi və 16 təşkilat üzvünü öldürdüyü bildirilib.