Ukrayna hərbi texnikasını cəbhəyə yığır Dünya

Ukrayna hərbi texnikasını cəbhəyə yığır

Separatçılar hücuma keçib

Cavid

Ukrayna ordusu təmas xəttinə yenidən hərbi texnika və canlı qüvvə yığır. Bunu qondarma Donetsk Xalq Respublikasının Qərargah rəisinin müavini Eduard Basurin jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib. "Kəşfiyyatımızdan Ukrayna qoşunlarının təmas xətti boyunca yerləşməsi ilə bağlı həyəcanlı məlumatlar alırıq", - Basurin bildirib.
Separatçıların nümayəndəsinin sözlərinə görə, bazar günü Ukrayna qoşunlarının Debaltsevonun şimalında yerləşən Artyomovsk yaşayış məntəqəsində yerləşməsi ilə bağlı məlumat alıblar: "Bu yaşayış məntəqəsində hazırda 200-ə qədər zirehli texnika, 6 Uraqan reaktiv yaylım atəş sistemi və 6 ədəd 122 və 152 mm kalibrli artilleriya silahı yerləşdirilib". Basurin bildirib ki, Artyomovskın özündə Ukrayna Silahlı Qüvvələrinin 54-cü əlahiddə motoatıcı briqadasının 2000-dən çox hərbçisi cəmləşib.
Ukrayna Ordusu isə məlumat yayıb ki, separatçılar hücuma keçib.Verilən məlumata görə, separatçılar Mariupol yaxınlığındakı Şirokino qəsəbəsi ətrafında Ukrayna qüvvələrinin mövqelərinə hücum cəhdi ediblər. Hücum zamanı tank və minatanlardan istifadə olunubğu qeyd olunur.
"Ukrayna ordusu öz mövqelərində qalaraq qarşı tərəfin həmlələrinin qarşısını alır", - Ukrayna şərqində xüsusi əməliyyat üzrə qüvvələrin mətbuat mərkəzinin açıqlamasında qeyd olunur.
Tanınmamış "Donetsk Xalq Respublikasının" nümayəndəsi bu məlumatı təkzib edib. Eduard Basurin Şirokino yaşayış məntəqəsi rayonunda hücumun olmadığını deyib.
Xatırladaq ki, fevral ayının 15-dən Ukraynada atəşkəs rejimi qüvvədədir, lakin Kiyev və separatçılar mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.
Bu arada Almaniyanın ABŞ-dakı səfiri Piter Vittix "Associated Press" agentliyinə müsahibəsində deyib ki, ABŞ prezidenti Barak Obama Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra Ukraynaya silahları çatdırmaqdan imtina edib.
Onun sözlərinə görə, Merkel Donbas hövzəsində silahlı konfliktin həlli üzrə diplomatik və siyasi səylərin davam etdirilməsinin əhəmiyyəti haqqında inandırıcı dəlilləri ortaya qoyub. Səfir Barak Obamanın bu dəlillərlə razılaşdığını bildirib.
Piter Vittix qeyd edib ki, ABŞ və Almaniyanın liderləri Ukraynaya silahların çatdırılmasına hələ ehtiyacın olmadığına əmindirlər.
Barak Obama Ağ Evdə Almaniyanın kansleri ilə görüşdən sonra mətbuata bildirib ki, Donbas hövzəsindəki münaqişənin diplomatik həllini dəstəkləyir. Ukraynaya silahların çatdırılması barədə qəti qərarın qəbul edilmədiyini deyən prezident gələcəkdə bunun istisna olmayacağını vurğulayıb.
Amerikalı ekspert Deniel Makadams isə bildirib ki, ABŞ tərəfindən hazırlanaraq Yaxın Şərq və Ukraynada sınaqdan keçirilmiş dövlət çevrilişi layihələri Rusiyada yararlı olmayacaq.
O, Amerikanın Ukrayna böhranında rolunun olmaması ilə bağlı dediklərinin yalan olduğunu bildirib: "Ukrayna böhranını və mitinqlərini birbaşa Ağ Evdən olan kuratorlar həyata keçirirdilər. Bu kuratorlardan biri isə Viktoriya Nulanddır. Amerika QHT-ləri gənc kosmopolit qüvvələrə dövlət çevrilişini həyata keçirmək yollarını öyrədirdilər. 2014-cü ildə Nyu Yorkdakı ukraynalılara kütləvi toplaşma və sosial şəbəkələrlə bağlı bir sıra təlimlər keçirildi. Məhz bu Ukraynadakı etirazların ürəyi oldu".