İraqdan Əfqanıstana... Dünya

İraqdan Əfqanıstana...

İŞİD təhlükəsi AŞ PA-da müzakirə olunacaq

Cavid

İraq və Suriyada geniş ərazilərə nəzarət edən "İslam Dövləti"nin (İŞİD) yeni hədəfi Əfqanıstandır. Xarici media xəbər verir ki, Əfqanıstanla bağlı hazırlanan hesabatlarda İŞİD-in bu hədəfinə yaxınlaşdığı bildirilir.
Məlumata görə, İŞİD 2015-ci ilə ilk aylarından başlayaraq Əfqanıstanda Talibanla yaranan boşluğu doldurmaq üçün hərəkətə keçib. Yanvar ayında Talibanın bəzi üzvləri İŞİD-in lideri Əbubəkr Əl-Bağdadiyə sədaqət andı içib. ABŞ və Əfqanıstan rəsmiləri İŞİD-in Əfqanıstanda tərəfdarlar toplamaq üçün hərəkətə keçdiyini təsdiqləyir.
Əfqanıstanla bağlı hazırlanan son hesabatlara görə, İŞİD-in Əfqanıstanda mövqeyi hər keçən gün güclənir. Əfqanıstanda baş verən proseslərdən Rusiya olduqca narahatdır. İŞİD-in Şimali Əfqanıstandakı fəaliyyəti ilə bağlı hazırlanan hesabatların ciddi qəbul edilməli olduğunu deyən Rusiyanın BMT nümayəndəsi Vladimir Safronkov xəbərdarlıq edib ki, Orta Asiya ölkələri İŞİD-in yeni dayanacağı ola bilər.
Hazırda ABŞ-ın Əfqanıstanda təxminən 10 min əsgəri var və 2015-ci ilin sonuna kimi onların sayının 5500-ə qədər azaldılması planlaşdırılır. Ekspertlər isə hesab edir ki, İŞİD təhlükəsi ABŞ-ın Əfqanıstandan çıxmaması üçün bir bəhanə ola bilər. ABŞ-ın maraqlarına cavab verəcək daha bir məqam isə Rusiyanı cənubdan daim təzyiqdə saxlamaqdır.
Onu da qeyd edək ki, İŞİD təhlükəsi AŞPA-nın gündəliyinə salınıb. Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-dən 24-dək davam edəcək yaz sessiyasının gündəliyi açıqlanıb.
Sessiya AŞPA-nın sədrinin çıxışı ilə başlayacaq, gündəlik təsdiq olunacaq, büronun və daimi komitələrin fəaliyyəti müzakirə ediləcək. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders qurumun qış sessiyasından ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verəcək və sərbəst dinləmələr aparılacaq.
Sessiyanın ikinci iş günündə İnsan Haqları üzrə Avropa Məhkəməsinə yeni üzvlərin seçkisi keçiriləcək, Avropa Şurasının baş katibi Torbyorn Yaqland deputatların ona ünvanlayacağı sualları cavablandıracaq. Həmçinin Avropa Şurasının 2016-2017-ci illər üçün büdcəsi və prioritetləri, İŞİD terrorçu qruplaşması tərəfindən bəşəriyyəti təhdid edən hərəkətlər müzakirə ediləcək.
Yeri gəlmişkən, dünən Mosulda intihar hücumu üçün bir avtomobilə bomba yükləyən 7 İŞİD üzvü baş verən partlayışda ölüb.
"Rudaw.net" saytına danışan Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul üzrə nümayəndəsi Səid Memuzini hadisənin Bazvaya kəndində baş verdiyini söyləyib.
O, İŞİD terror təşkilatının hücum və müdafiə gücünün azaldığını və buna görə də intihar hücumlarına üstünlük verdiyini deyib. Səid Memuzini İraq ordusu və Peşmərgə güclərinin Mosul əməliyyatına hazırlaşdığını bildirib.
Nineva vilayətinin inzibati paytaxtı olan Mosul 2014-cü ilin iyun ayından İŞİD-in əlindədir.