MDB-nin qürubu Dünya

MDB-nin qürubu

Gürcüstandan sonra növbə Ukrayna və Moldovanındır
Quruma üzv ölkələrin hamısı Rusiyanın təcavüzünə məruz qalıb

Cavid

Ukrayna Müstəqil Dövlətlər Birliyini tərk etməyə hazırlaşır. Bunu ölkənin xarici işlər naziri Andrey Deşitsa Rusiya radiostansiyalarından birinə açıqlamasında deyib. Onun sözlərinə görə, MDB öz üzvləri arasındakı anlaşılmazlıqları yoluna qoymaq iqtidarında deyil.
Andrey Deşitsa bildirib ki, Ukrayna Krımdakı son hadisələrlə bağlı MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, buna nail ola bilməyib: "Bir ölkə qonşusuna qarşı hücuma keçir. MDB-yə sədrlik edən Ukrayna Şuranın iclasının çağırılması üçün İcraiyyə Komitəsinə müraciət edir. Amma heç bir reaksiya yoxdur. O zaman bu təşkilat nəyə lazımdır".
Xatırladaq ki, 1991-ci ildə əsası qoyulan bu birlik qarşısına qoyuduğu məqsədlərə çatmayıb, əksinə rəsmi Moskvanın imperialist siyasəti MDB məkanındakı bütün münaqişələrə yol açıb və hazırda həmin münaqişə ocaqları dondurulmuş vəziyyətdə saxlanılmaqdadır. Elə bundan irəli gəlir ki, Ermənistan istisna olmaq şərtilə MDB üzvü olan dövlətlər rəsmi Moskvanın bu siyasətinə etirazlarını gizlətmirlər. Gürcüstanı isə Rusiya tərəfindən ərazi bütövlüyünə təcavüzə etiraz olaraq 2008-ci ildə qurumdan çıxıb. Bir müddət öncə Moldovanın da MDB-dən çıxmağa hazırlaşdıbı barədə məlumatlar yayılmışdı. Yerli "Publika TV"-də Moldovanın prezidenti Nikolae Timofti də müvafiq açıqlama vermişdi. Onun sözlərinə görə, Avropa Birliyi ilə müqayisədə Müstəqil Dövlət Birliyində həyat tərzi həddindən artıq aşağı səviyyədədir: "Bəli, biz MDB-nin bir hissəsiyik, amma burada həyat tərzi o qədər aşağı səviyyədədir ki, bizi Avropada ən kasıb ölkə sayırlar. Baxın, Baltikyanı ölkələrin həyat səviyyəsi çox yüksək səviyyədədir - əmək haqları, pensiyalar yüksəkdir. Niyə? Ona görə ki, onlar MDB-də deyil, Avropa Birliyindədirlər. İnsanın özünü tapması üçün burada mükəmməl qaydalar və qanunlar mövcuddur. Odur ki, Moldovanın da anoloji addım atacağına inanıram".
Onu da bildirək ki, hələ 2008-ci ildə Ukrayna bu qurumla vidalaşmaq niyyətində olub. Belə ki, o zaman Ali Radanın müzakirəsinə MDB-nin yaradılması haqqında razılaşmanın qüvvədən salınması barədə qanun layihəsi təqdim edilib.
Layihənin müəllifi "Bizim Ukrayna - Xalq Özünümüdafiə" Blokundan olan keçmiş deputat, millətçi Ukrayna Xalq Partiyasının lideri Yuri Kostenko olub. Lakin müəyyən səbəblər üzündən bu sənəd müzakirəyə çıxarılmayıb. Yeri gəlmişkən, Ukrayna MDB-nin sadəcə üzvü deyil, həm də təsisçilərindən biridir.
Ekspert Hüseynbala Səlimovun fikrincə, artıq neçənci haldır ki, MDB-nin bir üzvü başqa bir üzvünün ərazisinə təcavüz edib: "Bəzən düşünürsən ki, bəlkə də MDB də bir ideya kimi baş tutardı. Amma Rusiyanın imperialist siyasəti buna imkan vermədi. Bu neçə ildə təhlilçilər bir neçə dəfə MDB-nin daxili strukturunu cızdılar və belə fikrə gəldilər ki, bu sistemdə iki alt sistem müəyyənləşdirmək olar. Sonradan GUAM yarandı və onda həmin təhlillər özünün təsdiqini tapdı. İndi faktiki olaraq GUAM ölkələrinin MDB-dən qopması prosesi başlayıb. Üç ölkə Rusiya ilə münasibətlərinin ən gərgin çağını yaşayır. Tək Azərbaycan sükut içindədir".
Ekspert bildirib ki, düzdür, diplomatiya sükutu inkar etmir, bəzən hətta onu təqdir edir. Amma elə anlar olur ki, səndən də konkret münasibət bildirmək tələb olunur. Bu, elə ölkələrə də aiddir: "Doğrudur, Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyini, hətta oradakı demokratik prosesi dəstəklədiyini bəyan edib. Amma indi başqa məqamdır. Rusiya siyasəti ikinci dəfədir ki, öz qiyafəsini kənara atır, necə deyərlər, çılpaqlaşır. Birinci dəfə bu, Gürcüstana müdaxilə zamanı olmuşdu. İndi bu hadisə təkrar baş verir. Belə məqamda Azərbaycan Ukrayna ilə birlikdə MDB-dən çıxdığını bəyan edə bilərmi? Bu addımın lehinə danışanlar da var, onu inkar edənlər də. Daha çox birinci tendensiya maraqlı görünür. Ona görə ki, "ehtiyatlı addımlar" siyasətinin tərəfdarlarının nə dedikləri hamıya yaxşı məlumdur. Bu xüsusda bütün deyilənləri qruplaşdırsaq bir tezis alınar: Rusiya ilə ehtiyatlı olmaq və onunla oynamamaq lazımdır. Bir-iki ay bundan əvvəl biz də xüsusda yazmışdıq ki, qışda ayını oyatmazlar. Amma artıq yazdır, "ayı" da özü oyanıb və ayaq üstdədir".
Bəs Azərbaycan Rusiyaya qarşı getsə nə baş verər? Bu suala cavab verərkən ilk öncə Qarabağı yada salırlar. Amma Qarabağda bundan sonra nə ola bilər ki, o, artıq baş verməyib? Dövlətin bir ərazisində baş verə biləcək ən pis şeylər Qarabağda olub - bu ərazidə bircə nəfər belə olsun azərbaycanlı yoxdur, orada Azərbaycanın heç bir nəzarəti, suverenlik atributu qalmayıb. Gürcüstan bu vəziyyətə Rusiya-Gürcüstan müharibəsindən sonra gəldi. Azərbaycan isə artıq 20 ildir ki, bu vəziyyətdədir.
Ona görə də MDB-də qalmaq və ya qalmamaq Azərbaycan üçün fərqli situasiyalar deyil. Təbii ki, situasiyanın bir az da durulmasını, aydınlaşmasını gözləmək olar. Olsun. Amma reallıq nə deyir? Nə Rusiyanın, nə də Ukraynanın güzəşt etmək fikri yoxdur. Ukraynanın baş naziri açıq mətnlə bildirdi ki, onun ölkəsi Rusiyanın filialı olmayacaq. Rusiya da güzəştsiz mövqe tutub, Krımdakı etnik rusları Ukraynaya qarşı qaldırmaqda, öz qoşunlarını bu bölgə ətrafında artırmaqda davam edir. Ona görə də Rusiya ilə Ukrayna arasında münaqişənin çözülməsindən daha çox, bu iki ölkənin uzunmüddətli konfrontasiyaya qədəm qoymasından bəhs etmək daha düzgün olardı. Bu yeni münaqişə də çox çəkəcək.
İndi Ukrayna da etnik münaqişələr yaşayan Azərbaycanın, Gürcüstanın və Moldovanın sırasında özünə yer eləyir. Adı çəkilən üç ölkə bu münaqişəni on illərdir ki, yaşayır. Ukrayna isə bu hala hələ indi gəlir. Ona görə də onlar arasındakı birliyə yeni məzmun vermək olardı, çünki bu ölkələrin hamısı Rusiyanın təcavüzünə məruz qalıb. Üstəlik, MDB faktiki və hüquqi olaraq çökür. Onun bir adı qalıb. Bu adı yaşatmağa dəyərmi? Xüsusən də nəzərə alanda ki, bu ad getdikcə hamıda daha çox ikrah doğurur. Bəli, siyasəti mümkün olanın sənəti adlandırırlar. Amma mümkün olanın sərhədi də daim genişlənməlidir, əks təqdirdə dünya və insanlar yaxşılığa doğru dəyişməzdi, dünya da, insanlar da elə bir halda qalardı".
Ekspertlər yaranmış vəziyyətdən GUAM ölkələrinin öz xeyrinə istifadə etmək imkanlarının böyük olduğunu da istisna etmirlər. Politoloq Leyla Əliyeva hesab edir ki, Gürcüstan və Ukraynadan sonra digər GUAM ölkələri də oxşar addımlar atsa, bu, MDB-nin dağılması prosesinin başlanmasına səbəb ola bilər: "İndi Rusiya özünü Qafqazda hegemon kimi hiss edir. Ona görə də Rusiyaya qarşı məhz indi adekvat addımlar atılmalıdır. Gürcüstan və Ukraynanın MDB-dən çıxması qurumun digər üzv dövlətləri tərəfindən dəstəklənərsə, Rusiya pis vəziyyətdə qalacaq. Ona görə də düşünürəm ki, bu işi bir-bir yox, birlikdə etmək daha çox effekt verərdi. Əgər Qərb də bu prosesə dəstək versə, MDB-nin dağılması prosesi yaxın vaxtlarda başlaya bilər. Burada məsələləri təkcə MDB ölkələrinin üzərinə qoymaq olmaz. Doğrudur, onlarda bu addımı atmaq üçün cəsarət olmalıdı. Amma mən düşünürəm ki, hər bir ölkə müstəqil şəkildə belə bir qərar qəbul edə bilər və bunu Rusiya heç cür əngəlləyə bilməz. Kollektiv şəkildə qərar qəbul edilməsi də mümkündür. Onsuz da MDB artıq mənasız quruma çevrilib. Rusiyaya da sadəcə onun adı lazımdır".
Ekspert Hail Cəlil isə bildirib ki, MDB-nin ölüm ayağında olduğunu rəsmi Moskva da dərk edib: "Özü də çoxdan. Çünki Rusiyanın MDB məkanında bu cür işğalçılıq siyasəti qurumun iflası ilə nəticələnməliydi. Qurumdan çıxan və bundan sonra çıxacaq ölkələr təbii ki, Qərbə üz tutmaq məcburiyyətində qalacaqlar. Rəsmi Moskva bu qurumun dağılmaması üçün KTMT-ni yaratdı. Amma KTMT də MDB kimi nüfuzsuz bir quruma çevrilib. Gürcüstandan sonra digər dövlətlər də buranı tərk etməliydilər. Moldova, Azərbaycan, Özbəkistan da MDB-ni tərk etməli və GUAM-ı gücləndirməliydilər. Bu qurumda qalmağın nə faydası var? Rusiya Ermənistanı silahlandırır, Azərbaycanın işğal altında qalan torpaqlarının qaytarlmasına imkan vermir, Moldovanın Dnestryanı bölgəsində vəziyyət gərgindir. Bu gərginlik Orta Asiya dövlətlərinə də çatacaq. Bunun qarşısını vaxtında almaq lazımdır".
Almaniya Xarici Siyasət Şurasının Rusiya proqramları direktoru Aleksandr Rar da bildirib ki, MDB hamının gözü qarşısında dağılır və Moskva bunu etiraf etməlidir. Ekspert Rusiyanın MDB üzrə tərəfdaşları ilə münasibətlərində kifayət qədər mənfi tendensiyaların yarandığını bildirib.
Məsələn, Qazaxıstan inciyib ki, Rusiya Ümumdünya Ticarət Təşkilatına Belarusla birlikdə daxil olmaq istəyir. Tacikistan Rusiyadan daha çox iqtisadi yardım gözləyirdi, ancaq gözlədiyini ala bilmir. Türkmənistanla Rusiya arasında qazla bağlı problemlər yaranıb. Özbəkistan prezidenti Kərimov Rusiyanın Qırğızıstanın bu ölkə ilə sərhədində yeni hərbi baza açmaq niyyətlərindən inciyib, üstəlik Qərb Əndican hadisələrinə görə onun günahından keçib və hərbi tərəfdaşlıq üçün Kərimova yenidən minnətçi düşüb. Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin də Moskvadan küsməyə əsası var, çünki Rusiya vəd etdiyi 1.7 milyard dollar krediti vaxtında ayırmır. Kreml Bakiyevdən tələb edir ki, ölkədəki Amerika bazalarını birdəfəlik bağlasın.
Moskvanın Minsklə münasibətləri də çoxdan korlanıb. Rusiya Belarusa iqtisadi böhranın qarşısını almaq üçün kredit verməyib, əvəzində Aleksandr Lukaşenkoya Qərb yardım əlini uzatdı.
Aleksandr Rarın fikrincə, Azərbaycan da Qərbə meyl edir. Ekspert hesab edib ki, əslində çoxdan təşkilat üzvləri öz aralarında MDB-ni buraxmaq haqda razılığa gəlməli idilər. Dəfələrlə bu təşkilatı diriltmək üçün səylər göstərilib, MDB daxilində inteqrasiyanı möhkəmləndirmək üçün müxtəlif təşəbbüslər irəli sürülüb, vahid iqtisadi zona ideyası təklif olunub. Ancaq heç biri həyata keçməyib.