“AKP-nin bu seçkidə 40%-i aşacağına inanmıram” Dünya

“AKP-nin bu seçkidə 40%-i aşacağına inanmıram”

Vurğun Həsənli: "Kürd xalqına böyük güzəştlər olunub və artıq məsələ təhlükəli həddə gəlib çatıb"
İlham İsmayıl: "Ərdoğan yumşalma prosesini həyata keçirmək üçün ordunun Türkiyədəki rolunu nəzərə alıb generalları şərti azadlığa buraxdı"

30 mart bələdiyyə seçkiləri yaxınlaşdıqca Türkiyədə daxili gərginlik daha da yüksəlir. Türkiyənin baş naziri Ərdoğana aid olduğu idda edilən növbəti səs yazıları qardaş ölkənin gündəmini yenidən dəyişib. Səs yazısında Bilal Ərdoğan atasına deyir ki, "ata, deyəsən, Zəkəriyya Öz də bunlarla ("camaat"ı nəzərədə tutur) çalışır. Baş nazir isə oğluna "Zəkəriyya onlarladır, canım" deyir. İkinci səs yazısı isə saat 15 radələrində qeydə alınıb. Bilal Ərdoğan atasına deyir ki, Hamdi Topçu ilə danışıb, saat 18-də o, Zəkəriyya Özlə danışacaq. Baş nazir isə deyir ki, "saat 6 gecdir": "Həbs edilənlər məhkəməyə aparılacaq. Saat 6-da onlar artıq həbs edilə bilər". Bilal atasına söyləyir ki, Zəkəriyya Öz baş verənlərdən xəbərsiz olduğunu, ancaq ortada xeyli sənəd olduğunu deyir. Bu sözə baş nazir əsəbləşir: "Yalan deyir. Həm xəbərim yoxdur deyir, həm də deyir ki, ortada çoxlu sənəd var".
İkinci səs yazısı isə baş nazirin müavini ilə kürd millət vəkili arasında baş verən danışıqdır. "Xəyanət sürəci" adlı istifadəçinin twitter və youtube sosial şəbəkələrində yerləşdirdiyi səs yazısının tarixi 2012-ci ilin oktyabr ayı olaraq göstərilir. Kürd millət vəkili Aysel Tuğlukla baş nazirin müavini Bülənt Arınça aid olduğu iddia edilən söhbətdə Arınç Tuğluka "muxtariyyət, ana dilində təhsil təbii haqqınızdır" deyir.
Səs yazısının internetə yerləşdirilməsi yenidən hakim AKP-yə qarşı etirazları qızışdırıb, sosial mediada AKP-nin ünvanına tənqidlərlə yanaşı təhqirlər də yer alıb.
Onu da əlavə edək ki, fevralın sonlarında Türkiyənin kürd kəsimini təmsil edən BDP-nin həmsədri Səlahəddin Dəmirtaş Diyarbəkirdə keçirdiyi mitinqlərdən birində 30 mart seçkilərindən sonra muxtariyyət məsələsinin gündəmə gələcəyini açıqlamışdı. Həmin mitinqdən bir neçə gün sonra isə Diyarbəkirdə keçirilən mitinqdə kürd millət vəkilləri əhaliyə "liderinizi gətirəcəyik" açıqlamasını vermişdilər.
Türkiyə üzrə bir sıra ekspertləri iddia edir ki, bir neçə aydır nisbətən sakitləşən PKK terror qrupu seçkilərdən sonra aktivləşəcək. Ekspertlər onu da bildirir ki, "Ergenekon" məhbuslarının azadlığa buraxılması eyni zamanda Silivridə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın azadlığına da yol aça bilər.
CHP və MHP-dən olan siyasilər isə seçkidən sonra kürd separatçılarının muxtariyyət elan edəcəklərini bildirirlər.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq İlham İsmayıl son günlər Türkiyənin siyasi gündəmində baş verən sürətli gərgin siyasi proseslərlə bağlı açıqlama verərkən qeyd edib ki, Türkiyədə yaşanan gərgin siyasi proseslər 30 mart bələdiyyə seçkiləri ilə bağlıdır: "Belə ki, hər seçki ərəfəsində Türkiyədəki siyasi aktivlik həmişə artan xətt üzrə inkişaf edir. Ona görə də bizlərdən fərqli olaraq onlarda bələdiyyə seçkilərində əldə edilən qabiliyyət, perspektiv parlament seçkilərin taleyinə birbaşa təsir göstərir". Onun sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı mövcud siyasi güclər bütün güclərini ortalığa qoyublar: "Bir-birinə rəqib olan siyasi qüvvələr kompromat materiallar yayaraq öz tərəflərinə insanları daha çox çəkmək istəyirlər. Aydın məsələdir ki, Ərdoğan hal-hazırda zəifləmiş qalibdir. Onun istinad etdiyi qüvvələr isə az siyasiləşmiş və ya ümumiyyətlə siyasiləşməyən qüvvələrdir".
Əvvəlki hakimiyyətlərdən fərqli olaraq Ərdoğan hökuməti dövründə korrupsiyanın azaldığını və əhalinin maddi rifahının qismən yüksəldiyini söyləyən ekspert, "ona görə də qeyri-siyasi kütlə Ərdoğan hökumətinin tərəfindədir və o da daima onlara əsaslanaraq rəqiblərini siyasi sandıq başı ilə hədələyir. Sözügedən kütlə Türkiyədə kifayət qədər böyük çoxluqdur", - deyə bildirib: "Bununla yanaşı rəqiblər əllərindəki kompromat materiallarla Ərdoğan hökumətini sözün əsl mənasında küncə sıxışdırıblar. Ona görə də Ərdoğan yumşalma prosesini həyata keçirmək üçün ordunun Türkiyədəki rolunu nəzərə alıb generalları şərti azadlığa buraxdı. Yayda başına zərbə dəyən Berkinin dəfn mərasimində polisin etirazçılara qarşı göstərdiyi münasibət ondan xəbər verir ki, Ərdoğan hökuməti bir addım da olsun geri çəkilməyib".
Ekspert onu da bildirib ki, bütün siyasi proseslərin sonu 30 martda bəlli olacaq: "Bələdiyyə seçkilərinin nəticələrindən bəlli olacaq ki, qarşıdan gələn parlament seçkilərində kim qalib gələcək".
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana seçki ilə bağlı sorğu anketləri təqdim olunub. Türkiyənin "Yeni Şəfəq" qəzetinin yaydığı məlumata görə, fevralın əvvəlindəki sorğularda 44 faiz səs alacağı ehtimal edilən AKP-nin indi 49 faizlik nəticə əldə edəcəyi gözlənilir. Anket-sorğu tədqiqatlarına görə bu ilk dəfə baş verən bir hadisədir çünki eyni zamanda parlament seçkiləri barədə anketlərdə də AKP-nin səs faizi 49-dur. Son aylar davam etməkdə olan siyasi çalxanmadan AKP-nin zədə aldığını deyən və buna gördə də seçkilərdə səs faizinin düşəcəyini proqnozlaşdıran ekspertlər üçün ilk real cavab hələ ki bu anket sorğusu olub.
Politoloq Vurğun Həsənli isə diqqətə çatdırdı ki, Türkiyə demokratik ənənələrə malik bir ölkədir və seçki prosesi də bu ənənələrə uyğun aparılır: "Ümumiyyətlə, Türkiyədə bütün seçki təbliğatları gərgin mübarizə şəraitində keçir. Sadəcə hazırkı seçki təbliğatını fərqliləşdirən bəzi amillər var. Məsələn, xalqın əksəriyyəti Ərdoğanı müqəddəsləşdirmişdi və telefon danışıqlarının sızmasıyla "Ərdoğan əfsanəsi" sürətlə çökməyə başladı. Bu belə seçki atmosferini dəyişdi, fərqliləşdirdi. Ərdoğan da öz hakimiyyətini qorumaq üçün seçki ritorikasını dəyişərək hədəfdən yayınmağa çalışdı. Nəticədə də aqressiv üslub seçərək, təbliğatı daha da qızışdırdı. Lakin, Türkiyənin seçkilər tarixini az-çox araşdırmış biri kimi deyə bilərəm ki, türk elektoratı seçkiqabağı skandalları bağışlamır. Ona görə də, AKP-nin bu seçkidə 40%-i aşacağına inanmıram. Muxtariyyət məsələsinə gəlincə isə, kürd xalqına böyük güzəştlər olunub və artıq məsələ təhlükəli həddə gəlib çatıb. Ancaq bu o demək deyil ki, seçkidən sonra Türkiyə parçalanacaq. Bu kürd elektoratını ətrafında birləşdirməyi hədəfləyən BDP-nin seçkiqabağı "böyük vədi" hesab olunmalıdır. Türkiyə böyük dövlətdir və əbədi də belə qalacaq. Türkiyəni parçalamaq iqtidarların "bacara biləcəyi" işlər deyil".

Əli