Azərbaycanda 2021-ci ildə istehsal edilən balın həcmi açıqlanıb Hadisə

Azərbaycanda 2021-ci ildə istehsal edilən balın həcmi açıqlanıb

Azərbaycanda 2021-ci ildə istehsal edilən balın həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2021-ci ildə 33332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırmış, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib.

Belə ki, 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib.