Gəncədə narkomaniyaya qarşı hansı işlər görülür? –  ONLAYN TƏDBİR /FOTOLAR Hadisə

Gəncədə narkomaniyaya qarşı hansı işlər görülür? –  ONLAYN TƏDBİR /FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrası davam edir. Fəaliyyət Planına uyğun olaraq layihənin tələbə və gənclərlə ZOOM üzərindən ikinici müzakirəsi keçirilib.

Gəncə şəhərinin 100-ə yaxın tələbə və gəncinin iştirak etdiyi müzakirədə qaldırılan problemin həll yolları, ”ağ ölüm”lə üz-üzə qalmış gənclər və digər yaş qrupundan olan şəxslərin bu zərərli vərdişlərdən çəkindirməyin vacibliyi diqqətə çatdırılıb.

Tədbir 31 mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyindən, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa (Məmmədov) görüş iştirakçılarına faciənin qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılmasını rica edib.Daha sonra o, təmsil etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirilən layihələrdən, həmçinin narkomaniya ilə bağlı mövzunun aktuallığndan bəhs edərək, göstərdiyi dəstəyə görə, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Gəncədən olan millət vəkili Müşfiq Cəfərov məsələnin aktuallığına diqqət çəkib. Quba Soyqırımı Memorial Kompleksində təşkil olunmuş konfransdan tədbirə onlayn qatılan parlament üzvü bildirib ki, hazırda Azərbaycanın qarşılaşdığı ən mürəkkəb problemlərdən biri narkomaniyanın yayılmasıdır:

“Xüsusilə, gənclər və yeniyetmələrin bu zərərli vərdişə meyli onların həm ailələri, həm də dövlət üçün dağıdıcı təsirə çevrilib. Narkomaniya cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini sarsıdan, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan başlıca amillərdəndir. Azərbaycanda müsadirə olunan narkotiklərin son illərdə sayı kəskin artıb”.

Deputat bu sahə üzrə qanunlara əlavə və dəyişikliyə ehtiyac olduğunu nəzərə çatdırıb.

YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov isə təmsil olunduğu regionda “ağ ölüm”lə mübarizədən bəhs edərək, gənclərin, tələbələrin sağlam həyat tərzinin təmin olunmasının, eləcə də onların bilik və bacarıqlarının artırlmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova və digər natiqlər layihə barədə fikir bildiriblər. Məruzəçilər narkomaniyanın artmasının əsas səbəblərindən biri kimi informasiya azlığı, düzgün maarifləndirmə işinin aparılmaması ilə izah ediblər.Onların qənaətinə görə, narkomaniyayla mübarizə ardıcıl, məqsədyönlü və kompleks xarakterli tədbirlərin icra edilməsini zəruri edir. Əlavə olunub ki, təbliğat-maarifləndirmə işlərinin orta təhsil müəssisələrində aparılması ictimai bəla olan narkomaniya ilə mübarizədə böyük əhəmiyyət kəsb edir.Hətta narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun sayılıb.

Tədir sonra sual-cavab şəklində davam edib.

Təşkilatdan bildirilib ki, layihənin icra müddəti 4 aydır.