“Radikalizmin qarşısını ancaq bir şeylə almaq olar” Hadisə

“Radikalizmin qarşısını ancaq bir şeylə almaq olar”

Tofiq Abbsov: "Mötədil cərəyanların kölgədən çıxması ilə"

"Dini maarifçilik özünə daimi diqqət tələb edən sahələrdəndir. Onu düzgün və qənaətbəxş formada aparmaqdan ötrü, əlbəttə ki, savadlı institutların olması vacibdir. Bunu dedikdə bir çoxlarının gözü önündə ilk növbədə Qafqaz Müsəlmanları İdarəsinin obrazı canlanır. Söz yox ki, həmin təsisat dini təbliğatın, maarifçiliyinin önündə getməlidir. Lakin tək bu qurumun imkanları ilə iri həcmli prosesin öhdəsindən gəlmək qeyri-mümkündür". Bunu politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, ilk növbədə cəmiyyət dərk etməlidir ki, dini sahə ilə mariflənmə əvəzsiz işdir və onu təmin etməkdən ötrü savadlı, tərbiyyəli insanlara meydan vermək lazımdır. Təəssüf ki, bizim təhsil ocaqlarımızda, elm mərkəzlərimizdə bu işlə bağlı, demək olar heç bir iş aparılmır: "Mütləq şəkildə təhsil proqramlarına bu fən daxil edilməlidir ki, böyüməkdə olan nəsillərin nümayəndələri ilk növbədə İlahiyyətlə bağlı biliklər əldə etsinlər. Bu baş verdikdən sonra insanlar istər-istəməz düşünüb paralellər aparırılar, müqayisələrdə özləri üçün qənaətlər əldə edirlər, İslamın digər dinlər qarşısında üstünlüklərin mahiyyətini dərk etməyə başlayırlar. Bizdə bütün bunlar yox səviyyəsindədir. Ən yaxşı halda bəqi dairələrdə mübahisələr gedir və ortaya konkret bir şey çıxmır.
Bəzən bizlər İslamın radikallaşmasının şahidi oluruq. Hətta gözümüz önündə yad cərəyanların nümayəndələri nümayişkəranə oyunbazlıqla məşğul olmaqlarından syi-istifadə də edirlər".
O, əlavə edib ki, radikalızmın qarşısını ancaq bir şeylə almaq olar - mötədil cərəyanların kölgədən çıxması ilə: "Onların mövcudluğu gözə gəlmir, halbuki vardırlar. Təbliğat və tərbiyyəvi işi süst tərzdə aparmaq olmaz. Sabit və dözümlü İslam gərək meydanda olsun ki, arxasınca insanları aparsın. Radikalların meydanını isə tam nəzarətdə saxlayıb tədbirlər görmək vacibdir. Baxın və görün - onların yığışdıqları məbədləri ətrafı bir qayda olaraq təbliğat meydanına çevrilir. Oralarda dükan-bazar, diskussiya, tərəfdaş cəlb etmə məntəqələri təşkil edirlər. Hamı bunu görür, amma bir tədbir görmür. Buna son qoymaq lazımdır. Məhz həmin radikallar dini siyasiləşdirib insasnları yoldan çıxarırlar. Bunun qarşısını almaqdan ötrü artıq hərəkətə keçmək lazımdır. Bir sözlə, Azərbaycanda tarixən islamın iki qolu - şiyə və sünnü cərəyanəı olub. İndi isə yad cərəyanları bura ixrac edənlər cəmiyyətdə dumanlı abu-hava formalaşdırmağa cəhdlər edirlər. Belə meyillərin qarşısını silah-sursatla deyil, ağıllı və savadlı maariflənmə işi ilə almaq lazımdır. Bunun üçün isə imkanlar var. Və əgər bu işdə ciddi pozitiv dəyişikliklər baş verərsə, onda cavanlarımız yad ellərdə əlində silahla məhvə doğru getməzlər".


Əli