Astara rayonunun ucqar dağ kəndində kitab köşkü fəaliyyətə başlayıb Hadisə

Astara rayonunun ucqar dağ kəndində kitab köşkü fəaliyyətə başlayıb

Astara rayonunun Sım kəndində sosial maarifçi, fəal gənc Fəranə Fikrətin təşəbbüsü ilə kitab köşkünün açılışı mərasimi keçirilib.

“İşığa doğru” şüarı ilə reallaşan mərasimdə Milli Məclisin deputatları Rəşad Mahmudov və Etibar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov, YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, rayon icra hakimiyyətinin məsul şəxsləri, rəsmi qonaqlar və kənd sakinləri iştirak ediblər.
Tədbirin əsas məqsədi şagirdlərin, gənclərin inkişafında mütaliənin nə qədər zəruri olduğunu diqqətə çatdırmaq və bu məsələdə onlara dəstək olmaq, eyni zamanda, tələbə kreditlərinin istifadə qaydası, əhəmiyyəti və bundan əldə ediləcək faydalar haqqında kənd ictimaiyyətini məlumatlandırmaq olub.
Mərasimdə bu barədə fikirlər səsləndirilib, yeniyetmə və gənclərin intellektual qabiliyyətli və geniş dünyagörüşünə sahib bir gənclik kimi formalaşmasında, Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında kitabın önəmi yüksək qiymətləndirilib. Eyni zamanda, kitaba dəyər verən və bundan səmərəli yararlanan fərdlərdən ibarət bir cəmiyyətdə ölkənin hər zaman etibarlı əllərdə olacağı əminliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda qonaqlar tərəfindən 100-dən çox kitab Sım kitab köşkünə hədiyyə edilib.