DSMF sədri Ağcabədidə vətəndaşları qəbul edib Hadisə

DSMF sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev noyabrın 19-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. AZƏRTAC xəbər verir ki, qəbulda Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonları sakinlərinin əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlərınə baxılıb. Görüş zamanı, həmçinin əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib. Həmçinin qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının, o cümlədən Ağcabədi, Beyləqan, Bərdə, Zərdab və Laçın rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edən sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq yerlərdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını bildirərək, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.