Ayaz Mütəllibovun Elçibəyi təhqir etməsi sərt etirazla qarşılandı Hadisə

Ayaz Mütəllibovun Elçibəyi təhqir etməsi sərt etirazla qarşılandı

Bünyamin Qəmbərli: "Moskvada gizlənib gözə görünməməsi Ayaz Niyazoviçin kimliyini və necəliyini az da olsa unutdurmuşdu"

Oqtay Qasımov:"Adam gərək başını o qədər itirsin ki, bu cür fikirlər söyləyə bilsin"


Fazil Mustafa:"Elçibəy haqqında inanın ki, bu böyüklükdə iftira, qələt, böhtan və şərlə ilk dəfədir ki, rastlaşıram"



Eks prezident Ayaz Mütəllibovun Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəy haqqında təhqiramiz fikirlər səsləndirməsi cəmiyyətdə etriazla qarşılanıb. Xatırladaq ki, o, Elçibəyi "primitiv millətçi" adlandırıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilat məsələləri üzrə katibi Bünyamin Qəmbərli Mütəllibova tutarlı cavab verib: "Bizdə belə bir məsəl var. Deyirlər "özü özünə elədiyini el yığılsa edə bilməz". Ayaz Niyazoviç (adətən rus başlılar onlara belə deyilməsi ilə qürur duyduqlarından mən də onları həmişə qürur duyduqları şəkildə qeyd edirəm) bu qoca vaxtında (hələ yaşın çoxluğu, saqqalın ağlığı insana ağsaqqallıq haqqı vermir) özünü çox pis bir zibilə saldı. Azərbaycan xalqının ona vurduğu sillədən sonra özünə gəlmək üçün uzun müddət köləliyini elədiyi Moskvada gizlənib gözə görünməməsi Ayaz Niyazoviçin kimliyini və necəliyini az da olsa unutdurmuşdu. Son müsahibəsi ilə, necə deyərlər qaş düzəltmək istədiyi yerdə vurdu göz çıxardı. Yəni İlham Əliyevə yarınmaq üçün dəridən qabıqdan çıxan Ayaz Niyazoviç rəhmətlik Heydər Əliyev demiş ağlının yoxluğundan və sillənin təsirindən unutdu ki, dəridən (yəni masqadan) çıxanda kimliyi bu millətin yadına düşəcək, qabıqdan çıxanda isə necəliyi görünəcək. Gələk məsələyə. Ayaz Niyazoviç müsahibəsində deyir: "Mənə (rəhmətlik Heydər Əliyevi nəzərdə tutur) dedi: "Ayaz, sən mənim haqqımda yazılanı oxudun da yəqin ki". Dedim ki, oxudum. Bildirdi ki, "Pravda"nı məhkəməyə vermək istəyir. Mən isə gülümsədim və bildirdim ki, "Pravda" qəzetini məhkəməyə vermək çətin məsələdir." Vallah bircə bu son cümlədən sonra rəhmətlik Heydər Əliyev demiş məndə Ayaz Niyazoviçin ağlına ciddi şübhə yarandı. Görün Ayaz Niyazoviç özünü nə qədər ağıllı və bilgili sayır ki, SSRİ-nin bütün cikini bikini ən yaxşı bilənlərdən biri olan Heydər Əliyevə irad tutur ki, "Pravda" qəzetini məhkəməyə vermək çətin məsələdir." Bu fikir Ayaz Niyazoviç hələ də özünə gəlmədiyi və millətin ikinci silləsinin qorxusundan hakimiyyətə yarınmaq üçün baş-ayaq vurub alabəzək yalan danışır. Digər tərəfdən bu adamda aşağılıq kompleksi o dərəcədədir ki, dünən hər cür təhqir etmək istədiyi adamla görüşməyi bugün yarınmaq üçün şərəf saydığını vurğulayır. Ayaz Niyazoviçin yarınmaq eşqi o qədər güclüdür ki, onun ağıl cəhənnəm yaddaşını da iflic edərək yalan və böhtan bataqlığında batırır. Ayaz Niyazoviçin yadına salım ki, Heydər Əliyev 1990-cı ilin yayında Naxçıvanda idi. Ayaz Niyazoviçin başqa bir gülləməsi: "SSRİ-də Eduard Şevardnadze xarici işlər naziri vəzifəsində qaldığı halda, siz Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdınız. Bizim xalq sizi başa düşmür",-deyə əlavə etdim. Mən Qorbaçov kimilərlə danışanda heç vaxt qabağımdan yeməzdim." Birinci, Ayaz Niyazoviçin bu küçə jarqonları ilə danışığı onun ağlının da, mədəniyyətinin də səviyyəsini, siyasi kimliyini göstərir. İkinci, bu adamın riyakarlığına baxın ki, Moskvanın bütün əmr və göstərişlərinə müticəsinə əməl edən bu məxluq indi deyir ki, "Mən Qorbaçov kimilərlə danışanda heç vaxt qabağımdan yeməzdim." Üçüncüsü, əgər onun bu sözlərini doğru qəbul etsək məntiqilə belə çıxır ki, Qorbaçov kimilərlə qabağından yeməyən Ayaz Niyazoviç 20 il Yeltsin, Putin və Medvedev kimilərə görə qabağından yeyib. Və ən nəhayət gələk "Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var" fikrinə. Ayaz Niyazoviç dünyasını dəyişməsindən 15 il keçməsinə baxmayaraq milyonların sevgi və sayğı ilə andığı, özünə lider və ideal olaraq qəbul etdiyi Elçibəyi primitiv millətçi adlandıraraq vətənə xəyanətdə suçlayır. Bax burda Kərəmi ağlamaq tutdu. Ayaz Niyazoviç Rəhmətlik Heydər Əliyev demiş sənin ağlının yoxdu heç, cəsarətin yoxdu heç, daha nələrin yoxdu (bilmək istiyən bu linkdəki videonu izləsin https://www.youtube.com/watch?v=9xIrEv7Jcuc&list=PL2E1F8AED437E6210&index=4) bunlar da heç, yəni utanan üzün, qızaran sifətin də yoxdu? Elçibəyə primitiv millətçi deyəndə heç düşünmədin ki, birdən soruşarlar ki, Ayaz Niyazoviç bəs sən kimsən? Ayaz Niyazoviç İstənilən halda millətçil olmaq millətinə qənim kəsilən imperiya köləsindən daha şərəfli və ləyaqətlidir. Vətənə xəyanətə gəlincə onu da sənə xatırladım ki, Elçibəy hakimiyyətdən salınsa da Azərbaycandan bir an belə ayrılmadığı halda, sən hakimiyyətdən düşən kimi bir an belə vətəndə duruş gətirə bilməyib köləsi olduğun ağalarının yanına qaçdın. Nə isə... İndi məni bir şey düşündürür. Ayaz Niyazovuç bu millətdən bir dəfə aldığı zərbədən 20 il özünə gələ bilmədiyi üçün Moskvada gizləndi, indi mən düşünürəm bu məxluqun ikinci dəfə bu millətdən alacağı zərbədən özünə gəlməsi üçün harda və nə müddətə gizlənəcək?".
Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, Ayaz Mütəllibovun Elçibəy haqqında söylədiyi fikirlər tamamilə böhtandır: "Adam gərək başını o qədər itirsin ki, bu cür fikirlər söyləyə bilsin. Xalqını istəyən hansı ölkənin prezidenti ağılının ucundan belə fikirlər keçirə bilər? Bunları yalnız Ayaz Mütəllibov edə bilərdi. Ayaz Mütəllibov hələ də Əbülfəz Elçibəyə qarşı saxladığı kin-ədavəti unuda bilməyib. Azərbaycandan rusların təyyarəsi ilə Moskvaya qaçan bir adamın Azərbaycanın müstəqilliyində müstəsna xidmətləri olmuş lider haqqında mənfi fikirlər söyləməyə heç bir haqqı yoxdur".
O.Qasımov bildirib ki, Ayaz Mütəllibov Azərbaycanda ən qeyri-ciddi adamlardan biridir: "Çox təəssüf ki, Azərbaycanın taleyinə belə bir adamın prezidentliyi altında yaşamaq düşüb. Əgər Ayaz Mütəllibov təcrübəli siyasətçi olsaydı, o zaman onun hakimiyyəti dövründə Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmazdı. Təbii ki, Xocalı faciəsini ermənilər törədiblər. Ayaz Mütəllibovdan fərqli olaraq, biz buna görə azərbaycanlıları günahlandırmırıq. Ancaq ermənilər tərəfindən Xocalı faciəsi törədilən zaman Azərbaycanda hakimiyyətdə Ayaz Mütəllibov olub. Ona görə də Xocalı faciəsinə görə Ayaz Mütəllibov məsuliyyət daşıyır. Ən azı ona görə ki, Xocalı ilə bağlı rəhmətlik Əbülfəz Elçibəyin Ayaz Mütəllibova müraciətləri olub. Əbülfəz Elçibəy öz müraciətində deyirdi ki, Xocalıda müdafiə tədbirləri görülməlidir və insanların həyatı qorunmalıdır".
Elçibəyin sabiq köməkçisi qeyd edib ki, Ayaz Mütəllibov vaxtilə Azərbaycanı SSRİ-də saxlamaq üçün saxta referendum keçirib: "O, hakimiyyətdən gedəndən sonra Azərbaycanın dövlət büdcəsində cəmi 1 milyon dollar vəsait qalmışdı. Bu, Ayaz Mütəllibovun idarə etdiyi dövlətin durumu idi. Ayaz Mütəllibov Azərbaycanda ordunun yaradılmasına qarşı çıxan şəxs idi. 1991-ci ilin 9 oktyabrında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hərəkatın təzyiqi ilə Azərbaycanda Milli Ordunun yaradılması haqqında qanun qəbul olunmuşdu. Ancaq Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Azərbaycan ordusunda ümumilikdə 150 nəfər əsgər var idi. Yəni, Ayaz Mütəllibov düşünməsin ki, Azərbaycan cəmiyyəti bütün bunları unudub".
Ayaz Mütəllibovun vaxtilə indiki Azərbaycan hakimiyyətinə qarşı da olduğunu diqqətə çatdıran O.Qasımov deyib: "Azərbaycan cəmiyyəti yaxşı xatırlayar ki, 1990-1991-ci illərdə Ayaz Mütəllibovun göstərişi ilə Heydər Əliyevə qarşı da hansı tərbiyəsizliklər edilirdi. O dövrdə Milli Məclisdə Heydər Əliyevi dəstəkləyən xeyli sayda deputatlar var idi ki, onlar parlamentdə çıxış edən zaman Ayaz Mütəllibovun adamları onlara əngəl olurdular, çıxış etməyə imkan vermirdilər. Bu adamların hamısı da şəxsən Ayaz Mütəllibov tərəfindən idarə olunurdu".
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa
Mütəllibovun dediklərinin böhtan olduğunu söyləyib: "Ayaz Mütəllibovdan soruşurlar ki, "Sizdən sonra Əbülfəz Elçibəy prezident oldu, daha sonra isə Heydər Əliyev. Məncə hər ikisinin Azərbaycan tarixində ayrıca yeri var. Maraqlıdır, ilk prezident kimi bu iki şəxsi necə müqayisə edərdiniz?" Aşağıdakı cavabı verir: "Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil. Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var."
Təbii ki, cavabın birinci müqayisə hissəsi adamın subyektiv dəyərləndirməsidir və buna müdaxilə etməyi düzgün saymıram. Ağlından, dünyagörüşündən asılı olaraq belə bir qiymətləndirməni razılaşmasam belə, normal qarşılayıram. Ancaq cavabın ikinci hissəsi, yəni "Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var." Hələ Elçibəy haqqında inanın ki, bu böyüklükdə iftira, qələt, böhtan və şərlə ilk dəfədir ki, rastlaşıram. Bunu uzun illər öncə ölkəmizin prezidenti olmuş bir şəxs qəti əminliklə Vətənə xəyanətdə, Kəlbəcəri satmaqda ittiham edir. Buyursun, bir ay ərzində istənilən rus və ya Azərbaycan arxivlərindən nəinki belə məzmunda bir müraciət, hətta belə bir məzmunda bir cümlə təqdim edə bilsə, mətbuat vasitəsilə Ayaz Mütəllibovdan üzr istəyəcəyəm. İşdir əgər bu müddətdə belə bir material ortaya qoymazsa, o zaman hər dəfə Ayaz Mütəllibov sözündən öncə Vətən xaini ifadəsindən başlamış digər sərt ifadələri işlətmək haqqımızdan istifadə edəcəyimizdən əmin ola bilər".