Ali Məhkəmədən mühüm qərar Hadisə

Ali Məhkəmədən mühüm qərar

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davasına bu gün Ali Məhkəmədə baxılıb.
Zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layıcov bildirib ki, bugünkü prosesdə Ali Məhkəmə tərəfindən zərərçəkənin şikayəti qismən təmin edilib:
"Kassasiya şikayətimiz qismən təmin olundu və Apelyasiya Məhkəməsinin qərarının mənəvi zərərlə bağlı hissəsinə dəyişiklik edildi. Ali Məhkəmə klinakadan, eyni zamanda, digər həkimlərdən tutulan mənəvi təzminatın məbləğini bir qədər də artıraraq, 75 min manata çatdırdı".
Aqil Layıcov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov tərəfindən yaradılan bu ilk müsbət presedent Ali Məhkəmədə daha da genişləndirilib: "Etiraf edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsindən sonra başlayan istintaq işi və məhkəmə prosesləri, onların ciddi şəkildə ictimailəşməsi cəmiyyətdə həkim səhlənkarlığı ilə bağlı şikayətlərin sayına müəyyən qədər də olsa, təsir edib və həkim məsuliyyətsizliyinin qismən azaldığını statistika da təsdiqləyir. Bu, o deməkdir ki, Anar Niftəliyevin mərhum Elnarə Tofiqqozının timsalında ortaya qoyduğu prinsipiallıq, hüquq-mühafizə orqanlarının qətiyyəti və məhkəmə sisteminin bu məsələdə ciddi bir presedentin əsasını qoyması cəmiyyətə önəmli bir mesaj verib. Mesaj ondan ibarətdir ki, həkimlər artıq öz məsuliyyətini daha ciddi şəkildə dərk etməyə məcburdurlar. İndiyə qədər Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun prosesdəki humanist səyləri və başlatdığı presedentin rolu çox böyük oldu. İkram Şirinova, eyni zamanda, bu məhkəmə prosesinin uğurla başa çatmasında xüsusi rol oynayan Ali Məhkəmənin hakimlərinə - Əhməd Nurməmmədova, İslam Əliyevə və Akif İsgəndərova dərin təşəkkürlərimi bildirirəm. Onlar həkim məsuliyyətsizliyinin qarşısına böyük bir iradə ilə çıxdılar".

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov "Medi Sina" klinikasına qarşı cinayət işinin başlanması barədə çıxardığı qərarı Baş Prokurorluğa göndərib. Eyni zamanda, iddiaçıların maddi və mənəvi tələbinin yalnız mənəvi hissəsini qismən təmin etməklə, "Medi Sina" klinikasının 20 min, anestezioloq Firuz İbrahimovun 10 min, cərrah Mahir Məmmədovun 6 min, asistent Fərəcullah İdrisovun 6 min (ümumilikdə 42 min) zərərçəkənin ailəsinə ödəməsinə qərar verib.

İkram Şirinovun qəbul etdiyi qərarda zərərçəkən tərəfə maddi təzminat üçün ayrıca iddia qaldırması barədə müstəsna hüququnun olduğu da xatırladılıb.

Ali Məhkəmənin dünən keçirilən iclasında isə zərərçəkən tərəfin mənəvi təzminatın artırılması barədə iddiası qismən təmin edilib. Belə ki, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən iclasın verdiyi qərara əsasən, "Medi Sina" klinikası 40 min, anestezioloq Firuz İbrahimov 15 min, cərrah Mahir Məmmədov 10 min, asistent Fərəcullah İdrisov 10 min manat mənəvi təzminat ödəməlidir.
Zərərçəkən Anar Niftəliyev açıqlamasında bildirib ki, Azərbaycanda mənəvi təzminat olaraq bu məbləğ ilk presedentdir: "Hakimlərə ədalətli qərarlarına görə təşəkkür edirəm. İlk presedent olduğu üçün bu qərarı dəstəkləyirik. Ancaq əlbəttə ki, bu məbləğ Avropa meyarları üçün çox simvolik hesab olunur. Ona görə də mənəvi təzminatla bağlı iddiamızın Avropa Məhkəməsinə göndərilməsində qərarlıyıq. Maddi təzminatla bağlı iddiamızı isə, qərarda göstərildiyi kimi, ilkin məhkəmə instansiyasına verəcəyik".
Anar Niftəliyev artıq sözün Baş Prokurorluqda olduğunu da nəzərə çatdırdı:
"Məndə olan məlumata görə, "Medi Sina" klinikasının sahibi Muğdət Həşimov hazırda dələduzluq maddəsi ilə həbs edilib, onun 3 sahibkarın etibarından sui-istifadə etməklə bir milyon manat miqdarında pul mənimsədiyi bildirilir. İnanıram ki, "Medi Sina" klinikası ilə bağlı məhkəmənin verdiyi qərarı da Baş Prokurorluq ciddi araşdıracaq və günahkarları layiqincə cəzalandıracaq".