“Bu vərdiş bizə sovet dönəmindən miras qalıb” Hadisə

“Bu vərdiş bizə sovet dönəmindən miras qalıb”

Şəmsəddin Əliyev: "Onu dəyişə, sovet ideologiyasını beynimizdən silə bilmirik"

Son zamanlar sosial şəbəkələrdə dövlət qulluğunun xüsusi növündə çalışan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan, onlara itaətsizlik göstərən, ictimai təhlükəsizliyi və yol hərəkətini nizama salan dövlət yol polisinin səlahiyyətli nümayəndələrinə qarşı xüsusi amansızlıqla müşayət edilən ağır hadisələrin yayılması narahatlıq yaradır. Maraqlıdır, görəsən niyə insanlar bu qədər mərhəmətsizlik nümayiş etdirir, dini, dili bir qardaşına sayğısız davranır? Niyə müəyyən qism insanlar əsəblərini cilovlaya, hərəkətlərində və davranışlarında korrektlər edə bilmir? Bəlkə, polis başqa planetin adamıdır?! Onların sırasında doğmalarımız, tanışlarımız yoxdurmu? Niyə polisin işini rəğbətləndirməyi bacarmırıq? "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirib ki, bu vərdiş bizə sovet dönəmindən miras qalıb, onu dəyişə, sovet ideologiyasını beynimizdə silə bilmirik. Deməli, dəyişikliyə ehtiyac var. Axı polisin də anası, atası, övladı və ətrafı var. Onlar da Azərbaycan vətəndaşıdırlar: "Amma bəzi həmvətənlərimizin "polis müvazinətini saxlaya bilmədi" fikirləri ilə razı deyiləm. Əgər, polis əməkdaşı - hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarət edən, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görən səlahiyyət sahibi həddini aşırsa, onu qınamaq olar. Lakin dövlətin simvolları ilə bəzədilmiş xüsusi geyimli şəxslərə qarşı kiminsə həddini aşmağa haqqı yoxdur. Belə şəxslərə havadarlıq etmək və əməlini bağışlamaq da qəbul edilməzdir. Şüurlu şəkildə, qəsdən yol verilən bu cür əməllərin sahibi ciddi, lakin ədalətlə tənbeh və ittiham olunmalıdır ki, arzuolunmaz presedentlərə imkan yaranmasın". Onun sözlərinə görə, "Polis haqqında" Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinin tələbi polisə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, humanistlik və təkbaşçılıq prinsipləri əsasında səlahiyyətlər verir. Bu səlahiyyətlər ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir: "Baş verən hadisələrə vətəndaşların düşüncə və şüur səviyyəsi baxımından yanaşsaq ictimai yerlərdə, nəqliyyat vasitələrini idarə etmək hüququna malik əksər insanlar və vətəndaşlar bu qanundan, hətta konstitutsiyamızda ehtiva edilən vətəndaşların hüquq və vəzifələrindən bixəbərdirlər və yaxud az məlumatlıdırlar. Hüquqi nihilizmin həddi ictimaiyyət arasında yüksəkdir. Məhz belə hallar cəmiyyətdə intellekt bərabərsizliyini üzə çıxarır ki, hər şey də zənnimcə burdan başlayır. Xidməti vəzifəsini icra edən polisin vətəndaş tərəfindən yandırılması, yol polisinin "tabe ol" əmrinə məhəl qoymayıb, polis əməkdaşı ilə həyəsızcasına əlbəyaxa olma, avtomobili yol polisi əməkdaşının üzərinə sürmə azğınlıqdan, çoxminli polis heyətinə qatı, qanunlara,onu qəbul edənlərə müstəsna həyasızlıqdan və hörmətsizlikdən xəbər verir. Faktların internet saytlarında yayılması da bir növ belə "ana uşaqları"nın qanunsuz hərəkətlərinin təbliğidir. Çünki, məlumat şəbəkələrində daha çox "polis əməlinə görə payını alır" kimi ictimaiyyətə təqdim olunur". İctimai birlik sədri hesab edir ki, belə hərəkətlərə rəvac verən səbəblərdən biri də ailədəki tərbiyənin, formalaşdığı kollektivin təsiri az deyil. Gəncədə yol polisi əməkdaşı xidmət apararkən 1990-cı il təvəllüdlü "Mersedes E200" markalı avtomobillə polis əməkldaşının üzərinə sürərək sağ və sol diz nahiyyəsindən xəsarətlər yetirir, sonra hadisə yerindən qaçır və yaxud "qanunsuz balıq ovuna qarşı" mübarizə aparan su polisi əməkdaşının qəsdən öldürülməsi və s. . Faktlar çoxalmaqda davam edir... "Bu qəbildən olan hadisələrin yayılması cəmiyyət və cinayətkarlıqla mübarizə aparan qurumun əməkdaşları üçün çox zərərlidir. Nə vaxtsa əziyyətini çəkəcəyik. Mən, bəzən düşünürəm: İmmunitet hüququna ehtiyac duyulmayan, immunitet və silah daşımaq hüququna malik millət vəkilləri niyə səs verdikləri seçicilərin müdafiəsinə qalxmır? Polis əmkdaşlarına qarşı baş verən ağır hadisələrin bir səbəbi də cəmiyyətin və seçdiyimiz millət vəkillərinin susmasıdır. Niyə bu cür tərbiyə almış uşaqların valideynləri övladlarının hərəkətlərinə göz yumurlar? Mən, sosial şəbəkədə "İŞİD"lə bağlı həbs edilən oğluna "onu güllələmək lazımdır" – deyən ananı anlayıram. Axı, belə oğulla necə fəxr etmək olar? Millətə, dövlətə və onun vətəndaşlarına qarşı soyuq, hədsiz soyuq davranan, qəlbində qanunlara qarşı zərrə qədər sevgisi olmayanlara qarşı sərt davranılmalıdır. Qanunun qarşısında "farağat" dayanmaq üçün onun sərtliyinə hələ çox ehtiyac duyulacaq. İnsanların əksəriyyəti "Konstitutsiya Azərbaycan xalqının iradəsini ifadə edir" kəlamına məhəl qoymurlar. Bəlkə də mahiyyətini anlamırlar. Bu, müasir cəmiyyətin məhsuludur. Cəmiyyəti dəyişmək üçün, özümüzü dəyişməliyik".