Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Fevralın 10-da Nizami Rayon İcra Hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilib. Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, Flora Kərimova, eləcə də rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini vurğulayıb. İcra Hakimiyyətinin başçısı 2015-ci ildə rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətləri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq, tədbir iştirakşılarını rayonun sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib.
Hesabat xarakterli filmdə qlobal böhran şəraitində ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, iri istehsal və emal müəssisələrinin fəaliyyətindən bəhs olunub. Nizami rayonunun abadlıq-quruculuq, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə etdiyi nailiyyətlər konkret fakt və görüntülər əsasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Hesabat iclasında çıxış edən Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Flora Kərimova, Rasim Musabəyov qlobal böhran şəraitində müstəqil respublikamızın bütün sahələrdə dinamik inkişaf yolu keçdiyini, qlobal layihələrin icrasının davam etdirildiyini, mühüm sosial layihələrin reallaşdırıldığını diqqətə çatdırıblar. Natiqlər ölkə başçısının antibohran proqramının reallaşdırılması üçün qarşıda duran vəzifələrdən söz açıb, habelə Nizami RİH-in 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatını qənaətbəxş dəyərləndiriblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün uğurlu olduğunu, müxtəlif sahələrdə mühüm nailiyyətlərin qazanıldığını konkret faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb, habelə Nizami rayonunda görülmüş işləri yüksək qiymətləndirib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda görülən işlərin, əldə olunmuş uğurların və nöqsanların ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu yüksək dəyərləndirib. Fondla birgə təşkil olunan fərdi jurnalist müsabiqələrinin əhəmiyyətini bu baxımdan xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə əksini tapmış makroiqtisadi göstəricilər Nizami rayonunun ötən il sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir.
Tarixə çevrilmiş 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən Vüqar Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden, medal və fəxri diplomlarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə ətraflı məlumat verib.
Vüqar Səfərli həmçinin bildirib ki, fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır.
Fondun Nizami RİH-lə birgə indiyədək 4-cü dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıran Vüqar Səfərli 2015-ci il noyabrın 25-dən 2016-cı il yanvarın 21-dək davam etmiş sonuncu müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini bildirib. İcraçı direktor ekspertlərin rəyinə əsasən, müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu qeyd edib.
Vüqar Səfərli çıxışının sonunda Fondla səmərəli əməkdaşlığına görə Nizami RİH-in rəhbərliyinə minnətdarlığını bildirib, habelə belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Müsabiqə qaliblərinin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Müsabiqədə qalib gələn və mükafata layiq görülən jurnalistlərin siyahısı:

I yer - Əliyev Məğrur Möhtərəm oğlu ("Kaspi" qəzetinin baş redaktorunun I müavini)
II yer - Məmmədov Seymur Fərhad oğlu ("Day.az" İnformasiya portalının baş redaktor müavini) və Cəlilova Günel İsa qızı ("Bakı-Xəbər" qəzetinin müxbiri )
III yer - Sultan Rüfət Nadir oğlu ("Mövqe" qəzetinin müxbiri), Abdullayev Ayyət Əhməd oğlu ("Şərq" qəzetinin müxbiri) və Quliyeva Samirə Hüseyn qızı ("525-ci qəzet"nin müxbiri).
Dilşad Yusifova, Orxan İsrafilov, Əli İbrahimov, Roman Temnikov, Nahid Canbaxışlı, Süleyman İsmayılbəyli, İlhamə Xankişiyeva, Anar Miriyev, Rövşən Məmmədli və İradə Sarıyeva həvəsləndirici mükafata layiq görülüblər.