
Kəmaləddin Heydərov: "Fövqəladə Hallar Nazirliyi sahibkarlara hər zaman dəstək verəcək"
Dünən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 26-da keçirdiyi iclasda verilən tapşırıqların icra ediləcəyini bildirən Kəmaləddin Heydərov qeyd edib ki, görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır.
Azərbaycanda son illər aparılan tikinti-quruculuq işlərindən söz açan nazir tikinti işləri ilə bağlı layihə-sənədləşmə işlərinin sürətləndirilmiəsi üçün yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində sahibkarların elektron imza vasitəsi daxil olacağı onlayn elektron sistemin istifadəyə veriləcəyini, bu sistemin tikinti sahəsində "vahid pəncərə" rolunu oynayacağını nəzərə çatdırıb.
İctimai nəzarətin əhəmiyyətini vurğulayan fövqəladə hallar naziri gələcəkdə tikinti şirkətlərinin nümayəndələrinin də iştirakı ilə FHN yanında İctimai Şura yaradılacağını, İctimai Şuranın sahibkarların problemlərinin həllində əhəmiyyətli rol oynayacağını vurğulayıb. Kəmaləddin Heydərov onu da qeyd edib ki, əvvəllər yerli icra strukturları tərəfindən yol verilən neqativ halların qarşısı bundan sonra alınacaq, heç bir süni maneə olmayacaq: "Bu görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır".
Kəmaləddin Heydərov bildirib ki, son 12 ildə Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri tikinti sektoru olub: "Həm dövlət investisiyaları, həm xarici, həm də yerli investorlarn iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimizdə aparılan tikinti-quruculuq işləri yüksək qiymətləndirilir, qonaqlar Bakının möcüzəli şəkildə inkişafını öz gözləri ilə görürlər".
Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əvvəllər Dövlət Tikinti və Arxitektura Komitəsinin nəzdində olub, həmin vaxt tikinti işlərinin aparılması ilə bağlı sənədləşmə 245 gündən çox şəkirdi: "Agentlik Fövqəladə Hallar Nazirliyinin tərkibinə veriləndən sonra isə bu müddət əhəmiyyətli dərəcədə azalıb, sənədləşmə asanlaşıb. Artıq iş adamları apardıqları tikinti işləri ilə bağlı çatışmazlıqlar barədə onlara verilən kodlarla onlayn sistemdə məlumat alacaqlar, bunun üçün əlavə vaxt itkisi olmayacaq".
Kəmaləddin Heydərov qeyd edib ki, lisenziyalar sadələşdirilib, ancaq tikinti işlərinin keyfiyyətli aparılması nəzarətdə saxlanılacaq:
"Gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək".
Kəmaləddin Heydərov bildirib ki, yeni Tikinti və Şəhərsalma Məcəlləsi aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: "Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək. Bundan sonra da tikinti şirkətləri bu sahədə heç bir maneə ilə üzləşməyəcək".
Fövqəladə hallar naziri tikinti sahəsində elektrik enerji, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin alınması sahəsində problemlərin olduğunu deyib və qeyd edib ki, bu problemlər mərhələ-mərhələ həllini tapacaq.
Kəmaləddin Heydərov bildirib ki, tikinti sahəsində yeniliklər çox vacibdir və qısa müddətdə bunun tətbiqi nəzərdə tutulur: "Belə görüşlərin məqsədi odur ki, tikinti işlərinin sürətləndirilməsi üçün daha hansı işlərin görülməsini müəyyənləşdirək. Gələcəkdə mühüm əhəmiyyətli obyektlərə texniki şərtlərin verilməsi asanlaşdırılacaq. Əvvəllər tikinti şirkətləri tərəfindən binalar tikilmiş, qəbul aktları olmadan istifadəyə verilmişdi. Həmin binalarFövqəladə Hallar Nazirliyi tərəfindən rəy alınmadan istifadəyə verildiyi üçün o binalarda yanğın təhlükəsizliyinin vəziyyəti barədə heç nə məlum deyil. Tutaq ki, o binalara elektrik enerjisinin verilməsi dayandırılanda sakinlər narazı qalır, dövlət qurumları da çətin durumla üzləşir. O binaları tikmiş şirkətlərin rəhbərləri isə üzə çıxmırlar. Ancaq yaxşı haldır ki, hazırda belə faktlar yoxdur, bunlar əvvəllər olub".
Nazir bildirib ki, tikinti işlərinə başlanandan bitənə qədər süni maneələrə yol verilməyəcək: "Sənədləşmə ilə bağlı məlumatları tikinti şirkətləri elektron qaydada sistemə elə daxil etməlidir ki, gələcəkdə suallar qalmasın. Tikintinin icazəsindən başlamış bütün ilkin məlumatlarFövqəladə Hallar Nazirliyində yaradılmış və yaxın gələcəkdə istifadəyə veriləcək elektron sistemə düzgün daxil edilməlidir. Bu, əslində tikinti sahəsində "vahid pəncərə" rolunu oynayacaq, digər müvafiq qurumlar daFövqəladə Hallar Nazirliyindəki elektron bazadan bu məlumatları götürə biləcək. Bir sözlə, yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində istifadəyə veriləcək elektron sistem tikinti sahəsində "vahid pəncərə" rolunu oynayacaq".
Kəmaləddin Heydərov Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlandığını bildirib.
Fövqəladə hallar naziri deyib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: "Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək".
Görüşdə sahibkarların suallarını cavablandıran Kəmaləddin Heydərov elektrik enerjisi, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin verilməsi sahəsində problemlərin mərhələ-mərhələ aradan qaldırılacağını, texniki şərtlərin verilməsinin asanlaşdırılacağını söyləyib.
O, Fövqəladə Hallar Nazirliyinin sahibkarlara hər zaman dəstək verəcəyini vurğulayıb.