IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edəcək Hadisə

IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edəcək

Martın 10-11-də BakıdaDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAaction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək IV Qlobal Bakı Forumunun proqramı açıqlanıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, forumda Albaniya, Manteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri iştirak edəcək. Bundan başqa, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir
"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndənin iştirakı ilə "Müştərək cəmiyyətlər və qadın azadlıqları" mövzusunda təşkil olunub. İkinci forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində "Post 2015 gündəliyi və müştərək cəmiyyətlər" mövzusunda keçirilib. İkinci forumda 42 ölkədən 165 nümayəndə iştirak edib. 2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə "Yeni dünya düzənində etimadın bərpa edilməsi" olub və bu toplantıya dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb. Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib və nitq söyləyib.