DTX əməkdaşları peşə bayramlarını qeyd ediblər Hadisə

DTX əməkdaşları peşə bayramlarını qeyd ediblər

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları və veteranlar peşə bayramlarını qeyd ediblər.
Təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev tarixi proseslərə nəzər salaraq Heydər Əliyevin müstəqil Azərbaycanın hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər gördüyünü bildirib.
Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirən Mədət Quliyev qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib.
Eyni zamanda, ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyi vurğulanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında böyük vəzifələrin qoyulduğu, cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan verəcəyi diqqətə çatdırılıb.
Təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyevə toplantı iştirakçıları adından müraciət qəbul olunub. Tədbirdə xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əmrləri elan edilib. Sonra bayram tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.