AQTİ və ÜHST tərəfindən birgə həyata keçirilən layihənin başa çatması ilə əlaqədar tədbir keçirilib Hadisə

AQTİ və ÜHST tərəfindən birgə həyata keçirilən layihənin başa çatması ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən heyvan sağlamlığı sahəsində birgə həyata keçirilən tvininq layihəsinin yekunlaşması ilə əlaqədar tədbir təşkil edilib.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində layihə üzrə koordinator Francesko Pomilio ilə görüşdə layihənin mərhələləri, görülmüş işlər və əldə edilmiş nəticələrə dair müzakirələr aparılıb.

Qeyd edilib ki, layihənin əsas məqsədi Milli Referens laboratoriyasının fəaliyyətinin genişləndirilməsinə dəstək, ISO:17043:2010 “Səriştəlilik sınaqlarının təşkilinə dair ümumi tələblər” standartının tətbiqi üzrə GAP analizləri və hesabatın hazırlanması olub. Həmçinin layihə çərçivəsində mikrobioloji, virusoloji və kimyəvi sahədə aparılan müayinələr üzrə təlimlər təşkil olunub. İnstitut əməkdaşlarının peşəkarlığının yüksəldilməsi və səriştəliliyinin artırılması sahəsində bir sıra işlər görülüb. Eyni zamanda, institutun mütəxəssisləri xarici ölkələrdə keçirilən təlimlərdə iştirak edib və təcrübə mübadiləsi aparıblar.

Görüşdə AQTİ və ÜHST arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Görüşdən sonra F.Pomilio iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. O, laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.