13:13
560
İran Fransa səfirliyi ilə əlaqəli olan Tehrandakı Fransa Dil Mərkəzini bağlayıb. İran hakimiyyəti müəssisəni lisenziyasız fəaliyyət göstərməkdə və milli təhlükəsizliyə qarşı yönəlmiş əməllərdə ittiham edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Braziliyanın "The Rio Times" internet nəşri məlumat yayıb.
İranın məhkəmə orqanları fransız qısaltması CLF kimi tanınan mərkəzin uzun illər ərzində dil kursları adı altında fəaliyyət göstərdiyini bildiriblər. Rəsmi şəxslərin sözlərinə görə, mərkəz lisenziya alınmasının zəruriliyi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqları görməzdən gəlib.
Tehran Prokurorluğu məhkəmə qərarına uyğun olaraq mərkəzin bağlandığını elan edib. İran hakimiyyəti mərkəzi İran-İslam mədəniyyətinə və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyətdə günahlandırıb.
Onlar bəyan ediblər ki, mərkəz elita nümayəndələrini müəyyənləşdirib, onların arasında şəbəkələr yaradıb, həmçinin ixtisaslı iranlıların ölkədən getməsinə şərait yaradıb. Bu cür ifadə dil məktəbini adi mədəniyyət müəssisəsi kimi deyil, təhlükəsizlik təhdidi kimi qələmə verir.
Fransa Xarici İşlər Nazirliyi bağlanma qərarını qəbuledilməz adlandırıb və bunu ölkənin İrandakı mədəni varlığına hücum kimi qiymətləndirib. Qurumdan bildirilib ki, Fransa müvafiq cavab tədbirləri görəcək. Paris həmçinin İran səfirini XİN-ə çağıracağını açıqlayıb.
Paris və Tehran arasında münaqişə iyul ayında, İran hakimiyyətinin Fransa səfirliyinin iki əməkdaşını bir neçə saatlıq saxlaması ilə kəskinləşmişdi. Fransa bu insidenti diplomatik toxunulmazlığın pozulması kimi pisləmişdi. Avqustda isə Paris əməkdaşlarına qarşı bu cür rəftara cavab olaraq iki iranlı diplomatı ölkədən qovacağını bəyan etmişdi.
Məryəm Quliyeva