Fəxr olunası insan... Hadisə

Fəxr olunası insan...

Arzu Şirinova


Hər kəsin gedəcəyi bir məkan var-əbədi dünya. O dünyanın yolçuları özlərilə heç nə aparmırlar-nə var- dövlət, nə imarətlər, nə ləl-cəvahirat. Apardıqları 10 metr ağ parça, tabut və bir də azacıq pambıq olur. Çox vaxt tabut da gərək olmur. Eləcə torpağa qoyulurlar...
Əbədi dünyanın yolçuları geridə miras buraxdıqları çox şeylər ola bilər-var-dövlət, imarətlər, ləl-cəvahirat. Bunların hamısı tək övladları çündür. O da qismət olsa və yaxud miras düşmənçilik toxumu səpməsə. Bir də var əbədi dünyanın bir elə, bir nəslə və ən çox da övladlarına miras buraxdıqları, hər kəsin arzuladığı –gözəl insan, dəyərli el ağsaqqalı, yaxşı kişi kimi qiymətli sözlər olsun. Bax bu sözlərin həsrətini çəkən övladlar var. Çünki ata və ananın ölümündən sonra övladlar bu sözlərdən təskinlik tapır, qürur duyur və fəxr edirlər.
Aprelin 19-da gözəl insan, dəyərli el ağsaqqalı, yaxşı kişi-Sabir Eminov dünyasını dəyişdi. Və ölümündən sonra miras qoyduğu bu sözlərdən övladları-Klara, Məmləkət, Sevda, Azər, Xəzər və Nəzər təskinlik tapır, qürur duyur və fəxr edirlər...
...Sabir Eminov müəllimim olub-rus dili müəllimi. Eyni zamanda, Qubadlı rayonunun Mahmudlu kənd səkkizillik məktəbinin direktoru idi. Həm müəllim, həm də direktor kimi işinin ustasıydı. 9 və 10-cu sinifləri rayon mərkəzində oxuyurduq. İlk gündən rayonun tanınmış müəllimlərinin-Həlimə müəllimə, Bəhmən müəllim, Nəzakət müəllimə, Razim müəllim, Əlqəmə müəllim, Nuşiravan müəllim- sevimlisi olurduq. Elə ilk gündən deyirdilər:"Sabir Eminovun rəhbərlik etdiyi məktəbin şagirdləri hər zaman bilikləri və davranışları ilə seçiliblər".
...Humanitar fənləri çox sevirdim. Bu sevgidə ədəbiyyat müəllimim Əmikişi müəllimin xüsusi payı vardı. İnşa yazanda hər zaman mənə sərbəst mövzu seçməyi məsləhət görürdü. Bir gün yenə də inşa yazırdıq və mən "Mənim arzum" sərbəst mövzusun seçdim. Bütün arzularımı yazmışdım-jurnalist olmağımdan başlamış nisgilli həyatımın sonda gözəlliklərlə dolu olacağına qədər hər şeyi. Əmikişi müəllim yazımı oxuyub təsirlənmişdi və Sabir müəllimə vermişdi ki, o da oxusun. Səhəri gün məktəbə gedəndə Sabir müəllimi ikinci mərtəbədə görüb salam verib tez sinfə kiçmək istədim. Ancaq gecikdim. Sabir müəllim məni yanına çağırdı, başıma sığal çəkdi, dərslərimlə maraqlandı. Elə həyacanlanmışdım ki ...
Həmin gün yerə-göyə sığmırdım. Sanki dünyanı mənə bağışlamışdılar. Üstəlik ədəbiyyat fənnindən keçirilən açıq dərsdə fərqlənməyim və Sabir müəllimin məni tərifləməsi, eyni zamanda, yaxşı jurnalist olacağımı dilə gətirib ümidlə baxması məni daha da ruhlandırdı...
...Günlərin bir günü 8-ci sinifdə oxuyan qonşumuz evimizə gəldi və bildirdi ki, "riyaziyyat müəllimi Hümbət müəllim səni məktəbə çağırır". O vaxt dördüncü cinifdə oxuyurdum. İkinci növbə məktəbə getdiyim üçün təəccübləndim, həm də qorxdum. Tez-tələsik məktəbli formamı geyinib məktəbə getdim. İçəri daxil olanda gördüm ki, digər qonşumuz yazı taxdasının qarşısında başını aşağı salaraq dayanıb. Hümbət müəllim məni yanına çağırdı və dedi:"Bu oğlan vurma cədvəlin bilmir, səni çağırmışam ki, bunu utandırasan". Bu vaxt Sabir müəllim sinfə daxil oldu. Məsələdən hali olub o da sonucu gözlədi.
Özümü itirmişdim, dilim-dodağım qurumuşdu. Zarafat deyildi-iki nəhəngin qarşısında sual-cavab olunacağdım. Həm də onları düşüncələrində yanıltmayacağdım. Bəli, Hümbət müəllim başladı sual-cavaba. Əvvəlcə 2-nin , 3-ün vurma cədvəlin soruşdu və birdən-birə 8-ə keçib ordan-burdan sual verəndə karıxdım, tez də özümü ələ aldım. Nəhəngləri yanıltmamışdım. Hər ikisi alnımdan öpdü və üzlərini qonşu oğlana tutub"utanırsan" deyə sual elədilər. Qonşum mənə elə qəzəblə baxırdı ki...
Bir müddət ondan kənar gəzdim. Nə gizlədim, qorxurdum. Çünki məhəllənin vurub-çatan oğlanlarından idi.
Hər iki olayı babam, Xalq Yazıçısı Əli Vəliyev kəndə gələndə Sabir müəllim ona danışdı. Babamdan yalnız sağ ol sözünü eşitdim. Onu da deyim ki, bu sözü eşitmək hər kəsə və hər nəvəyə qismət olmurdu...
Vaxt çatdı babam, valideynlərim, ibtidai sinif müəlliməm Sura müəllimin, Sabir mülimin, Əmikişi müəllimin ümüdlərini doğrultdum. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum...
...Sabir müəllimin həm də nümunəvi ailəsi, övladları var. Kənddə bizdən bir ev aralıda qalırdılar. Yəni qonşu sayılırdıq. Sabir müəllimin həyat yoldaşı Səvən xalanın dəfələrlə səliqəli, səhmanlı süfrəsinin qonağı olmuşam. Əslində özümü evin uşağı kimi bilirdim. Çünki ailənin hər bir üzvündən bu qayğını hiss edirdim. Həm də qızları Məmləkət və Sevdanın rəfiqəsiydim. Əsasən Məmləkətlə sirrimi, sözümü bölüşərdim. Kəndin ən gözəl yerində yerləşən evlərinin ikinci mərtəbəsində-külafirəngidə oturub Səvən xalanın məxməri çayından (bu çay başqa aləm olurdu-A.Ş) içə-içə işimizdən, gələck planlarımızdan (Məmləkət rayonun komsomol komitəsində, mənsə "Avanqard" qəzetində çalışırdım A.Ş.) danışardıq. Oxuduğumuz kitabları müzakirə edərdik. Bəzən bu müzakirələr Qara Qayanın başında olardı. O Qara Qaya ki, başına çıxanda Bərgüşüd çayı ayaqlarının altında qalardı, yazda döşü lalələrlə bəzənərdi, hər kolun dibində quzuqulağı, dağ keşnişi, südlü yemlik, mərövcə olardı. Bir sözlə, bizim üçün cənnət sayılan bu yerlər seyrəngahımız sayılırdı...
...Qismət elə gətirdi ki, Sabir müəllimlə şəhərdə görüşdük. Ermənistan silahlı qüvvələri Qubadlını işğal edəndən sonra bir çoxları kimi Sabir müəllim də ailəsilə birgə Bakıya gəldi. Aldığım məlumata görə, elin-obanın bu ağır günündə Sabir müəllim yenə də ağsaqqal kimi hər kəsin qayğısına qalıb, kimin nə çətinliyi olubsa rayon rəhbərliyindən həmin şəxsin probleminin həllinə nail olmağa çalışıb. Bir sözlə, Bakıda da qapısını döyən kimsəni naümid geri qaytarmayıb. Övladlarına da bunları tövsiyyə edib Sabir müəllim...
...Qardaşı Vahid dayı dünyasını dəyişəndə ilk dəfə olardı ki, Sabir müəllimi beli bükülən, çarəsiz görürdüm. Sonra ikinci qardaşı Şəmil dayını torpağa tapşırdı. Artıq xəstələnmişdi. Kəndin xeyrinə-şərinə gedə bilmirdi. Özümə borc bildim ki, gedib müəllimimlə görüşüm, hal-əhval tutum, bəlkə könlü xoş olar. Nabat və Səidəylə birgə Bakıda olduqları qapını döydük. Sevda açdı və bizi otağa dəvət elədi. Səvən xalayla görüşdük. O Səvən xala ki, atam canını tapşıranda başının üstündə olub, anamı tək olmağa qoymamışdı...
...Səvən xala o biri otağa keçib bizim gəldiyimizi xəbər verdi. Sabir müəllim gəldi. Bizimlə görüşdü. Düzdür hal-əhvaldan sonra otağına çəkildi. Biz də narahat olmağını istəmədik. Nə gizlədim, özlüyümdə dedim ki, kaş müəllimimi belə vəziyyətdə görməyəydim. Ancaq bu gün təskinlik tapıram -yaxşı ki, gedib görüşdüm. Söz verdim ki, yaxşı ol gəlim ürək dolusu söhbət edərik. Nə yazıq ki, bu arzu gerçəkləşmədi...
...Sabir müəllim bu dünyadan rahat köçdü. Necə deyərlər, gözü arxada qalmadı. Adna, sanına layiq övladları, nəvələri var. Yalnız bir nisgili ürəyində qaldı. Qubadlının işğaldan azad olduğu günü görmədi...
...Hər kəsin gedəcəyi bir məkan var-əbədi dünya. O dünyanın yolçuları özlərilə heç nə aparmırlar-nə var- dövlət, nə imarətlər, nə ləl-cəvahirat. Apardıqları 10 metr ağ parça, tabut və bir də azacıq pambıq olur. Çox vaxt tabut da gərək olmur. Eləcə torpağa qoyulurlar...
Əbədi dünyanın yolçuları geridə miras buraxdıqları çox şeylər ola bilər-var-dövlət, imarətlər, ləl-cəvahirat. Bunların hamısı tək övladları çündür. O da qismət olsa və yaxud miras düşmənçilik toxumu səpməsə. Bir də var əbədi dünyanın bir elə, bir nəslə və ən çox da övladlarına miras buraxdıqları, hər kəsin arzuladığı –gözəl insan, dəyərli el ağsaqqalı, yaxşı kişi kimi qiymətli sözlər olsun. Bax bu sözlərin həsrətini çəkən övladlar var. Çünki ata və ananın ölümündən sonra övladlar bu sözlərdən təskinlik tapır, qürur duyur və fəxr edirlər. Sabir müəllim mənim üçün fəxr olunası insanlardandır. Onun haqqında xatirələrimi bir qəzet səhifəsinə sıxışdırıb Səvən xalanın, övladlarının qəlbinə su səpmək istədim. Bacardımsa nə mutlu mənə. Sonda sevimli müəllimimə Allahdan rəhmət diləyirəm. Ruhun şad olan gün gəlsin-Qubadlının işğaldan azad olduğu günü deyirəm. Həmin günsə uzaqda deyil...