Metsamor AES çox ciddi təhlükə mənbəyidir Hadisə

Metsamor AES çox ciddi təhlükə mənbəyidir

Metsamor Atom Elektrik Stansiyası (AES) seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyidir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, Metsamor AES 2 blokdan ibarətdir. Bu bloklardan birincisi 1976-cı ildə, ikinci blok 1980-ci ildə istismara verilib. AES İrəvan şəhərindən 28 km, Türkiyə və İran sərhədindən müvafiq olaraq 16 və 60 km, Azərbaycan sərhədindən 150 km məsafədə yerləşir. Metsamor AES-in işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılıb, amma bir bloku 1993-cı ildə yenidən işə salınıb. Bəyanatda qeyd olunur ki, bu blokun istismar dövrü 2016-cı ildə bitir: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə qərar qəbul edilib ki, yeni AES tikilsin, bu AES-in tikintisi də maliyyə çatışmazlığı ucbatından dayandırılıb. Təbii ki, Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir, o qədər də etibarlı işləməyən AES-dir. Ona görə də beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın, yəni beynəlxalq agentlik bundan sonra Metsamor AES-in işləməsinə icazə verməsin".
Radiasiya Problemləri İnstitutundan o da bildirilib ki, Metsamor AES-in istismarının dayandırılması məsələsi çoxdan qaldırılıb: "Azərbaycan bu məsələ ilə bağlı tərəfdaşlar qazanmalıdır. İran, Türkiyə, Gürcüstan və beynəlxalq agentliyin üzvü olan ölkələr Metsamor AES-in istismarının dayandırılması barədə mövqe ortaya qoymalı və beynəlxalq qurum bu barədə qərar verməlidir".