Əflatun Amaşov seçicilərlə görüşüb Hadisə

Əflatun Amaşov seçicilərlə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunun Nəsimikənd kəndində seçicilərlə görüş keçirib. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun və rayonun dövlət qurumlarının rəhbər şəxslərinin qatıldıqları toplantıda Nəsimikəndlə yanaşı ətraf kəndlərin sakinləri də iştirak edib.
Görüşdə giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Saatlıda son dövrlər həyata keçirilən tədbirlərdən söz açıb. Rayonda təhsil, səhiyyə, tikinti, mədəniyyət, yeni iş yerlərinin açılması ilə bağlı və digər istiqamətlərdə görülmüş işləri sadalayan Siraqəddin Cabbarov kənd təsərrüfatının inkişafının bölgə üçün əhəmiyyətini xüsusi qabardıb. Bir sıra problemli sahələrə toxunan icra başçısı onların aradan qaldırılması üçün kənd sakinlərinin özlərinin də təkliflər irəli sürməsinin vacibliyini əsaslandırıb. Bu baxımdan seçicilərlə görüşün əhəmiyyətinə toxunub.
Milli Məclisin deputatı Əflatun Amaşov Saatlı seçicilərinin üzləşdikləri çətinliklərin bütövlükdə ölkə kəndləri üçün aktuallığını qeyd edib və bildirib ki, onların həlli üçün əraziyə bələd olan əhalinin fikrinin öyrənilməsi mütləqdir. "Mənə müraciətlər olur. Həmin müraciətlərin müəyyən qismi əhalinin fərdi çətinlikləri ilə bağlıdır. Ancaq təhlil edəndə görürük ki, bəzən beş-altı müraciətdə qabardılan eyni məsələ fərdilikdən çıxır. Problemlərdən həll edilənlər də var, həllini gözləyənlər də, hətta həlli bu günkü gündə mümkün olmayanlar da. Bu təbiidir. Düşünürəm ki, görüşlərdə, sizlərlə təmaslarda həm bunları, həm də qarşıda bizə, yəni bölgəmizə vacib məsələləri müzakirə edəcəyik", - deyə Əflatun Amaşov vurğulayıb.
Çıxış edən sakinlərdən Nəsimikənd folklor evinin müdiri Yaşar İsmayılov, Nəsimikənd bələdiyyəsinin sədri Nadir Bayraqdarov, İdris Baratov, Aydın Bayraqdarov, Zülfüqar Bayraqdarov, Dəmir Binəliyev, həmçinin Günəşli kənd sakini, Ahısxa türklərinin "Vətən" İctimai Birliyinin sədr müavini Cəmasəddin Əhmədov və başqaları kollektor-drenajların qazılmasının vacibliyindən, taxılbiçən kombaynların azlığından, Nəsimikənd kəndinin "Adıgün" mədəniyyət evinin dam örtüyü yenilənməsinə duyulan ehtiyacdan, Torpaq Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində torpaqların icarəyə verilməsindəki çətinliklərdən söz açıblar.
Çıxışlarda habelə Nəsimikənd kəndindəki 2 kitabxanadan birinə şəhid Məcid Seyfədovun adının verilməsi, Saatlının bəzi kəndlərində məskunlaşmış məhsəti türklərinə dövlət qayğısının artırılması, bu xüsusda onlar üçün yeni evlərin inşası təklif edilib.
Görüşdə müzakirə edilən məsələlərlə bağlı konkret tapşırıqlar verilib, müvafiq izahat işləri aparılıb, aidiyyatı qurumlar qarşısında qaldırılacaq məqamlar dəqiqləşdirilib.