Dəfələrlə xəbərdarlığımız olub Hadisə

Dəfələrlə xəbərdarlığımız olub

Əflatun Amaşov: "Fikrət Fərəməzoğlunun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndiriləcək hadisə deyil"

"Azərbaycan Mətbuat Şurası hansı formada cəmiyyətdə imic qazanmasından asılı olmayarq bu və ya digər dərəcədə jurnalist fəaliyyəti ilə əlaqəli olan şəxsin azadlıqdan məhrum edilməsindən təəssüf hissi keçirir. Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun həbsinə də belə yanaşırıq. Ancaq hesab edirik ki, onun həbsi söz və ifadə azadlığı kontekstində dəyərləndirilə biləcək hadisə deyil". Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Əflatun Amaşov bildirib ki, jurnalist peşə fəaliyyətində ölkə qanunlarına və peşə davranışı qaydalarına riayət etməlidir. Praktika göstərir ki, etik prinsiplər çərçivəsində hərəkət edən media nümayəndəsinin iş müstəvisində qanundan kənar addım atması hallarına demək olar rast gəlinmir. "Təəssüf ki, eyni sözləri jam.az barədə söyləyə bilməyəcəyik. Bizdə olan məlumata görə, Fikrət Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirləndirilir. Məsələnin təfərrüratlarından xəbərdar deyilik. Sadəcə onu deyə bilərik ki, bu cəhət Şuraya daxil olan çoxsaylı şikayətlərdə də əksini tapırdı. Dəfələrlə xəbərdarlığımız olub. Lakin nəticə çıxarılmayıb. Buna görə də saytın adı Mətbuat Şurası İdarə Heyətinin 21 iyul 2014-cü il tarixli qərarı ilə "qara siyahı"ya salınıb. Bu, Şuranın "jam.az" barədə gördüyü ən sərt ictimai qınaq tədbiridir", - deyə Əflatun Amaşov əlavə edib.
Əflatun Amaşov bildirib ki, bir sıra saytlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə sıx əlaqədə olub. Həmin saytlar əsasən müxtəlif vəzifəli şəxslər barədə onlara ötürülmüş aşağılayıcı materialları yayırdılar: "Bu kimi hallar sağlam jurnalistika sayıla bilməz. Aydındır ki, bir-birinə qarşı duran qütblər olub. Adlarını jurnalist qoyan bəzi şəxslər bu qütblərin oyunlarında iştirak ediblər. Onların yazdıqları, gündəmə gətirdikləri birbaşa hüquqi müstəvidə dəyərləndirilməli məsələlərdir. Şərəf və ləyaqətin təhqiri, işgüzar nüfuza ləkə gətirilməsi və sair bu sayaq hallar onlar üçün tam adi bir şeydir. Belələri barədə götürülən hüquqi ölçü tədbiri heç bir halda jurnalistə qarşı cinayət işi kontekstində dəyərləndirilməməlidir. Jurnalist o adamdır ki, redaksiya tapşırıqlarını yerinə yetirir, tədbirlərə qatılır, reportajlar hazırlayır. Bir sözlə, hamımızın jurnalist üçün təsəvvür etdiyi məziyyətlərə qatlaşır", - deyən Əflatun Amaşov onu da bildirib ki, Mətbuat Şurası hər bir halda Fikrət Fərəməzoğlu ilə bağlı məsələni diqqətdə saxlayacaq: "Qurum çalışacaq ki, onunla bağlı işə obyektiv yanaşılsın və barəsində ədalətli qərar çıxarılsın".