

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 18-də Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və DQİDK sədrinin dəvəti ilə ölkəmizdə səfərdə olan Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç ilə görüşüb.
Dövlət Komitəsinin sədri Azərbaycandakı sabit dini durum, dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə danışaraq ölkəmizdə milli-mənəvi və islami dəyərlərin, dini etiqad azadlığının qorunması, dinlərarası harmoniyanın daha da möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənələrin davamı olaraq Prezident cənab İlham Əliyev müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Həmçinin dini sahəyə göstərilən diqqətin bariz nümunəsi kimi Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının sağlam dini mühitin bərqərar olması üçün geniş imkanlar açdığı diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri barədə də danışan Mübariz Qurbanlı vurğulayıb ki, tarixi, mədəni və dini irsimizə daim həssas münasibət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq ermənilər tərəfindən talan edilmiş məscid və digər dini məbədlərin bərpa, o cümlədən təmirini həyata keçirir.
Dini müxtəlifliyin qorunması sahəsində ölkəmizin əldə etdiyi nailiyyətləri qeyd edən Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç Azərbaycandakı məzhəblərarası həmrəyliyi və dini konfessiyalar arasındakı tolerant mühiti xüsusi olaraq vurğulayıb. Polşada fəaliyyət göstərən müsəlman icması və mənsub olduğu təşkilat barədə ətraflı məlumat verib. Eyni zamanda, gələcəkdə ikitərəfli əlaqələrin daha da dərinləşməsi yönündə qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə iki ölkənin din siyasətini həyata keçirən qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, ölkəmizdə mövcud olan dini tolerantlıq mühiti, birgəyaşayışın
təmin olunması istiqamətində görülən işlərlə yaxından tanış olmaq məqsədi daşıyan səfər çərçivəsində Tomaş Mişkeviçin dini konfessiya rəhbərləri ilə görüşlər keçirməsi, dini abidələri ziyarət etməsi nəzərdə tutulub.
Cavid