Xəbərsiz borclananlar... Hadisə

Xəbərsiz borclananlar...

Şahid: "Bankdan kredit götürmək istəyirdim, adıma 1 milyon 250 min manat kredit olduğunu öyrəndim"

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bir neçə vəsatətlə çıxış edib.
O, Beynəlxalq Bankın girovla bağlı sazişlərinin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil qeyd edib ki, bankla bağlı 2008-2014-cü illərdə Vergilər Nazirliyində cinayət işi açılıb, yoxlamalar aparılıb ki, həmin yoxlamalarla bağlı sənədlər də məhkəməyə təqdim edilməlidir. Vəkil eyni zamanda 2013-2015-ci illərdə maliyyə hesabatları və beynəlxalq audit təşkilatlarının bankla bağlı verdiyi rəylərin məhkəməyə təqdim olunması haqqında vəsatət verib. Fəxrəddin Mehdiyev bankla "Aqrarkredit" QSC arasında imzalanmış çoxtərəfli sazişlərin də məhkəmə tərəfindən araşdırılmasını istəyib.
Hakim vəsatətlərə şahidlərin dindirilməsindən sonra baxılacağını deyib.
Sonra məhkəmədə şahidlər ifadə verib.
"İnter Tekstil" şirkətinin əməkdaşı Zahid Bağırov ifadəsində bildirib ki, rəhbərliyin tapşırığı ilə Beynəlxalq Bankın baş ofisinə gedib və kreditlə bağlı sənədlərə qol çəkib: "Adıma götürülən kreditin isə hara xərcləndiyindən xəbərimiz yoxdur. Tapşırığı mənə Şakir Xəlilov verib".
Samir Əliyev ifadəsində təqsirləndirilən Azad Cavadovun bacanağı olduğunu, onun şirkətində çalışdığını deyib. O qeyd edib ki, 2011-ci ildə Azad Cavadovun tapşırığı ilə banka gedərək 780 min 700 manatlıq kreditlə bağlı sənədə qol çəkib.
Dövlət ittihamçısı Fərid Nağıyev xatırladıb ki, kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib. Samir Əliyev isə bundan xəbəri olmadığını, həmin məbləğin müəssisənin borclarının ödənilməsi üçün alındığını deyib.
Prokuror qeyd edib ki, həmin kredit üzrə 708 min əsas, 92 min manat isə faiz borcu var.
Azad Cavadovun dostu Emin Nəbiyev ifadəsində deyib ki, Azad Cavadovun tapşırığı ilə adına 700 min manat kredit götürülüb. Şahid kreditin hansı məqsədlə götürüldüyündən xəbərsiz olduğunu deyib.
Prokuror isə həmin pulun Lənkəranda istirahət mərkəzinin tikilməsi üçün alındığını qeyd edib.
Azad Cavadovun digər dostu Rasim Mehdiyev də ifadəsində bildirib ki, Bakı Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün 750 min manatlıq kreditə qol çəkib: "Azad müəllimin göstərişi ilə bankın Sabunçu filialına getdim, kreditlə bağlı sənədə qol çəkdim".
Prokuror isə deyib ki, həmin kredit Qubanın Qəçrəş kəndində istirahət zonasının yaradılması məqsədi ilə götürülüb: "Kredit müqaviləsində şərt belə göstərilib. Həmin kredit üzrə 677 min əsas, 53 min manat isə faiz borcu var".
Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadəsində deyib ki, 2011-ci ildə Azad Cavadov ona zəng edərək bankın Nərimanov filialında getməsini və 750 min manatlıq kredit götürməsini xahiş edib: "Mən də onun tapşırığına əməl etdim. Sonralar bu kreditlə bağlı heç kim mənə bir söz demədi".
"İnter Security" şirkətinin baş direktorunun müavini Şakir Məmmədov qeyd edib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər: "Mənə dedilər ki, öz işləri ilə bağlı baklardan kredit götürmək istəyərkən adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. O isə məsələnin artıq həll olunduğunu dedi".
Şirkətin digər direktor müavini Valid Abdullayev qeyd edib ki, mühafizəçilər onun tərəfindən İbrahim Hüseynovun göstərişi ilə banklara kredit götürmək üçün göndərilib.
Şirkətin əməkdaşı Rahib Hacıyev də deyib ki, onun adına 440 min manat kredit götürülüb, ancaq 2013-cü ildən kredit tam ödənilib.
Şirkətin digər əməkdaşı Emil Nəsibov isə bildirib ki, kredit müqaviləsinə qol çəkməsindən xəbəri olmayıb: "Necə tapşırıq veriblərsə, elə də etmişəm. Banka gedib, sənədə qol çəkmişəm. Ancaq bunun nə ilə bağlı olduğunu araşdırmamışam. Bir gün bankdan 4 min manat kredit götürmək istəyirdim ki, öyrəndim ki, adıma 1 milyon 250 min manat kredit var".
Fasilədən sonra bankın Nərimanov filialının sabiq xəzinədarı İradə Cəfərova ifadə verib. O qeyd edib ki, şirkətin əməkdaşları kredit müqaviləsini imzalayandan sonra pulları baş idarədən alıblar.
Bankın Nərimanov filialının marketinq müdiri Qalib Rzayev qeyd edib ki, filial 8 kredit götürülməsinə razılıq verib və bankın əməkdaşları sənədlərə qol çəkiblər.
Proses sentyabrın 2-də davam etdiriləcək.