Mətbuat Şurasında şikayətlərə baxılıb Hadisə

Mətbuat Şurasında şikayətlərə baxılıb

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
MŞ-dan verilən məlumata görə, iclasda ilk olaraq Sabirabad şəhər sakinləri Böyükağa Həmidovun və Bilal Əhmədovun "Qanun və şah" qəzeti barədə şikayətlərinə baxılıb. Toplanmış materialların Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizə komissiyasında da araşdırılması məntiqi sayılıb.
Dövlət Dəniz Administrasiyasının "365 info.az" saytının 30 avqust 2016-cı ildə yayımladığı "Qüdrət Qurbanovun Avropanı gəzib-tozan MTN-çi oğlu…" sərlövhəli yazı ilə bağlı müraciətinə baxılarkən səslənən məqamlar bu KİV barədə məsələnin də Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizə komissiyasında araşdırılmasına ehtiyacı olduğu barədə rəy çıxarılıb.
Salyan Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasının, Təhsil Şöbəsinin "infom.az" saytı barədə müraciətlərinin müzakirəsi bu KİV-in fəaliyyətində ciddi qüsurların mövcudluğunu aşkarlayıb. Sayta xəbərdarlıq edilib.
Quba Dövlət Sosial-İqtisadi Kollecinin MŞ-yə məktubunda bildirilib ki, "vekilinsesi.az", "axtar.az", "hafta.az", "turkustan.info" və digər saytlarda gedən məlumatlarda bölgədə qətl törədən Qaçay Nadir oğlu Şahverənov adlı şəxsin əsassız olaraq həmin orta ixtisas təhsili məktəbinin III kurs tələbəsi olduğu göstərilib. Komissiya şikayətçi tərəfin iddiasının təmin olunmasını məqbul sayıb və çıxardığı rəydə həmin saytlarda düzəliş, yaxud təkzib verilməsini onlara tövsiyə edib.