Mexiko şəhərində “Azərbaycanın təqdimatı” adlı tədbir Hadisə

Mexiko şəhərində “Azərbaycanın təqdimatı” adlı tədbir

Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən "Naucalli" parkının mədəniyyət sarayında "Instituto de Cultura y Parque Naucalli"nin təşkilatçılığı və ölkəmizin Meksikadakı səfirliyinin dəstəyi ilə "İpək Yolu" adı altında "Azərbaycanın təqdimatı" tədbiri keçirilib. Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Mehriban Səmədova bu kimi tədbirlərin müasir qloballaşma dövründə planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi iki nəhəng qitə arasında informasiya, fikir mübadiləsinin aparılmasında tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir körpü olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın gənc respublika olmasına baxmayaraq, çox zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu qeyd edib, ölkəmizin ictimai-coğrafi mövqeyi barədə ətraflı məlumat verib.
M.Səmədova, həmçinin bildirib ki, Azərbaycan dini mənsubiyyət baxımından müsəlman ölkəsi olmaqla yanaşı, tarixən Qərblə yaxın əlaqələrə malik olub. Bu, mədəni irsimizdə Avropa və Asiyaya mənsub olmuş adət-ənənələrin varisliyinin qorunub saxlanmasında əksini tapıb. Azərbaycanın tarixən qədim ticarət yolları, o cümlədən İpək Yolu üzərində yerləşən ölkə olması, hazırki geosiyasi durumda Avropa və Asiya qitələri arasinda körpü kimi yenidən mühüm əhəmiyyət kəsb etməsi xüsusi vurğulanıb.
Daha sonra tamaşaçılara "Azərbaycan haqqında" videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın ağır sınaqlara məruz qaldığı zamanlar, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multikulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlığa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər, ölkəmizin turizm imkanları barədə məlumat yer alıb.
Sonra Mexikoda fəaliyyət göstərən "Nour Said" folklor qrupu tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından və digər Şərq xalqlarının repertuarından rəqslər ifa olunub. Proqramın növbəti hissəsində tərkibi əsasən həmvətənlərimizdən ibarət olan, uzun illər Meksikada fəaliyyət göstərən simfonik orkestrin ifasında Üzeyir Hacıbəyovun, Cövdət Quliyevin və Azərbaycanın digər bəstəkarlarının əsərlərindən ibarət konsert verilib. Sonda M.Səmədova "Naucalli" parkının baş aşpazlarına ispan dilində çap olunmuş "Azərbaycan milli mətbəx nümunələri" kitablarını təqdim edib. Konsert zalına girişdə Azərbaycana aid təşkil olunmuş stenddə səfirliyin sərəncamında olan tarixi eksponatlar, suvenirlər və Azərbaycan haqqında çap materialları, o cümlədən ölkəmizin turizm imkanları barədə bukletlər, jurnallar, broşürlər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şirniyyat nümunələrindən, çay və qəhvədən ibarət olan ziyafət verilib. Təqdimatla bağlı təəssüratlarını bölüşən tədbir iştirakçılarının bir çoxu Azərbaycan barədə öyrəndiklərinin onlar üçün böyük bir yenilik olduğunu bildirərək, bu ölkəyə səyahət etmək və daha yaxından tanış olmaq istəklərini bildiriblər.