Silahlı Qüvvələr və medianın əlaqəli əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilib Hadisə

Silahlı Qüvvələr və medianın əlaqəli əməkdaşlığı mövzusunda dəyirmi masa keçirilib

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, tədbir Müdafiə Nazirliyi ilə şuranın birgə təşəbbüsü ilə baş tutub. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, media ilə silahlı qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir. MŞ sədri, millət vəkili Əflatun Amaşov deyib ki, 2014-cü ilin avqustunda cəbhə xəttində gərginlik yaranan zaman media məsələyə lazımi peşəkarlıqla yanaşmayıb: "Ancaq 2016-cı ilin aprel müharibəsi dönəmində medianın fəaliyyət tərzi baxımından kifayət qədər peşəkar mənzərə var idi".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev müxtəlif internet informasiya resurslarının reytinq qazanmaq üçün cəbhə xəbərləri ilə manipulyasiya etmələrinin yolverilməzliyindən bəhs edib.
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev də çıxışında diqqəti əsasən ordu sistemində baş verən olayların cəmiyyətə çatdırılmasındakı bəzi neqativ meyllərə çəkib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Müdafiə Nazirliyinin media ilə təmaslarındakı səmərəlilik dövlət üçün olduqca həssas mövzuya yanaşmanı formalaşdırmaq, ictimai rəyi düzgün şəkildə yönləndirmək baxımından son dərəcə əhəmiyyətlidir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı cari ilin 10 ayı ərzində mediada ordu, eləcə də cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan informasiyaların xarakterik xüsusiyyətlərinə dair təhlillə çıxış edib.
Tədbirdə MŞ sədrinin müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Aqil Abbas, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı və başqaları da çıxış ediblər.