“Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur” Hadisə

“Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur”

Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə görüşüb

Oktyabrın 31-də II Azərbaycan Elm Festivalı çərçivəsində "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" mövzusu ətrafında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun orta məktəb şagirdləri ilə görüşü olub.
Şagirdlər görüşdən öncə Elm Festivalında iştirak edən Tarix İnstitutunun elmi nailiyyətlər sərgisi ilə tanış olublar. Sərgidə, həmçinin institutun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində keçirilmiş müsabiqələrində qalib gəlmiş şagirdlərin əl işləri də nümayiş etdirilir.
Tarixçi-alim Yaqub Mahmudov şagirdlər qarşısında geniş çıxış edərək, Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb: "XX yüzilliyin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan xalqı dünya miqyaslı tarixi şəxsiyyətlər yetişdirib. İnternet məkanında isə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini ləkələmək meylləri müşahidə olunur".
İnstitut direktoru şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb: "Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Xalq özünü tanımalı, ideya, məfkurə ilə silahlanmalıdır. Yalnız o zaman xalq inkişaf edə bilər. Maariflənmiş gənclər ölkənin gələcəyidir".
"Milli kimliyimizi qorumağın və müasir çağırışlara cavab verməyin yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. Bu gün dünya zəka ilə, beyin ilə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, dönməz azərbaycançı olmaq gərəkdir", - deyə deputat qeyd edib.
Görüşdə tarixçi-alim bildirib ki, biz imperiya yaradan xalqlardanıq: "Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb".
Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanmış və sonda isə Y.Mahmudov şagirdlərin suallarını cavablandırmış, rəy və təkliflərini bildirmişdir.
Xatırladaq ki, Yaqub Mahmudov tarixçi-alimlər ilə birgə Bakının orta məktəblərində - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Atatürk Liseyi, 313, 311, 144, 201, 272, 21 nömrəli məktəblərdə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində görüşlər keçirib.