Elşad İskəndərov BMT-nin nümayəndəsi ilə görüşüb Hadisə

Elşad İskəndərov BMT-nin nümayəndəsi ilə görüşüb

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Qrupunun görüşündə iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohada səfərdədir.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş İndoneziyada bu ilin avqustunda keçiriləcək Sivilizasiyalar Alyansının Qlobal Forumunun gündəliyinin tərəfdaş ölkələri ilə müzakirə məqsədilə keçirilir.
Səfər zamanı E.İskəndərov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Əbüdələziz ən-Nassirlə görüşüb. Görüşdə ali nümayəndə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın gücləndirilməsi istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edib, BMT Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və bu sahədə Azərbaycan prezidentinin təşəbbüslərinə hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib.
Ali nümayəndəyə təşəkkürünü bildirən E.İskəndərov ölkə başçısının dini tolerantlıq və mültikulturalizm sahəsində təşəbbüsləri haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycanın tolerantlıq modelinin İndoneziyada keçiriləcək növbəti Qlobal Forumunda Sivilizasiyalar Alyansı ilə birgə təqdimatının keçirilməsi haqqında razılıq əldə edilib. 100-dən artıq dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi və dünən başlamış görüşün iclasında çıxış edən Dövlət Komitəsinin sədri Azərbaycanda mədəniyyətlərarası dialoq və dini tolerantlığın əsrlərlə formalaşmış ənənələrə dayanaraq yüksək səviyyədə inkişaf etdiyindən, həmçinin bu tolerantlığın daha da möhkəmləndirilməsi və dünyada örnək olaraq təbliğ edilməsi məqsədilə ölkəmizin həyata keçirdiyi tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. E.İskəndərov həmçinin qeyd edib ki, DQİDK ilə BMT SA arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən 2 qurum qlobal dinlərarası dözümlülük və dialoqa müsbət təsir göstərəcək layihələr həyata keçiriblər. Komitə sədri həmçinin İndoneziyada keçiriləcək Sivilizasiyalar Alyansının Forumunda bu təcrübədən istifadə olunaraq konkret layihələr təcrübəsinin geniş yayılmasına xüsusi diqqətin ayrılmasını da təklif edib.