İnformasiya hücumundan necə qorunmalı? Hadisə

İnformasiya hücumundan necə qorunmalı?

İradə Ələkbərova: "İnformasiyanın məhvi əsasən müxtəlif kompyuter virusları vasitəsilə həyata keçirilir"

İnformasiya müharibəsində gedişatı bilmək, gerçəkliyi aydın, dəqiq dəyərləndirmə əsas rol oynayır. Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis İradə Ələkbərovanın araşdırması, gəldiyi qənaətlər maraqlıdır.
O, bildirir ki, müasir informasiya müharibəsində əməliyyatlar iki üsulla aparılır: informasiya-texniki təsir və informasiya-psixoloji təsir. İnformasiya-texniki təsir - müxtəlif növ informasiya sistemlərinə (verilənlər bazası, verilənlər bankı, analitik sistemlər və s.), telekommunikasiya vasitələrinə, kompyuter şəbəkəsinə və s. texniki vasitələrə təsirdir: "İnformasiya-texniki təsir dedikdə radioelektron mübarizə, radioelektron kəşfiyyat, kompyuter şəbəkələrinə müdaxilə, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi əlaqə və idarəetmə sistemləri, dövlətin maliyyə-iqtisadi fəaliyyətləri və s. ola bilər. İnformasiya-psixoloji təsir - siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat, "beyinlərin yuyulması" və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji təsir zamanı hansı üsuldan istifadə olunacağı ilk növbədə məqsəd və hədəflərin düzgün təyinindən asılıdır. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır. Bu halda azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi təqdim etmək informasiya psixoloji müharibələrdə ən effektli təsir növlərindəndir. İnformasiya müharibəsi zamanı psixoloji müharibə vasitələrindən istifadə bir tərəfdən mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə onu digər informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir və bununla da cəmiyyətin maraqları bu cəmiyyətə qarşı informasiya müharibəsi aparan tərəfin maraqlarına tabe etdirilir".
Bəs informasiya müharibəsinin istiqamətləri hansılardır?
Mütəxəssis bildirir ki, informasiya müharibəsində əməliyyatlar əsas iki istiqamətdə aparılır - informasiya hücumu və informasiya mühafizəsi. İnformasiya hücumu - qarşı tərəfin informasiya infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı verməməkdir: "Burada informasiya hücumunun hədəfi kimi dezinformasiya, radioelektron vəsaitlərin məhvi, informasiya bazalarının məhvi, qarşı tərəfin kompyuter şəbəkəsinə hücum və s. daxildir. Bu sırada qarşı tərəfin elektron informasiya bazalarının kiberməhvi xüsusi önəm daşıyır. İnformasiya müharibəsində informasiya hücumu dedikdə şəbəkələrarası birləşmələr vasitəsi ilə informasiya hesablama şəbəkələrinə təsir, şəbəkədə aktiv axtarış, icazəsiz fəaliyyət və nəhayət, informasiya qarşıdurması nəzərdə tutulur".
İnformasiyanın müdafiəsi - obyektin öz məlumatlarının və informasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə tutulur: "Bura informasiyanın strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s. daxildir. İnformasiya müharibəsinin müdafiə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur. İnformasiya müharibəsinin istiqamətlərinin çoxşaxəlı olması onun xüsusiyyətinə də təsirini göstərir: Təsir obyekti - informasiyanın və ya informasiya sistemlərinin bütün formaları. Sərbəst obyektlər kimi bütün növ informasiya və informasiya sistemləri istifadə mühitindən ayrılmaqla təsir altında saxlanılır. Təsir obyekti həm silah, həm də müdafiə obyekti kimi istifadə edilir. Müharibə aparılan ərazi və mühit genişlənmiş olur. İnformasiya müharibəsi həyat fəaliyyətinin müxtəlif sahələrində həm müharibə elan edilərkən, həm də böhran vəziyyətlərdə aparılır. İnformasmiya müharibəsi həm müharibə şəraitində, həm atəşkəs zamanı, həm də sülh şəraitində aparıla bilir. İnformasiya müharibəsində həm xüsusi təlim görmüş hərbçilər, həm də mülki şəxslər iştirak edir".
İnformasiya hücumlarında istifadə olunan proqram və texniki vasitələr - informasiya silahları qarşı tərəfin informasiya resurslarına təcavüzü həyata keçirmək üçün nəzərdə tutulur: "Hücum üçün nəzərdə tutulmuş informasiya silahı kimi aşağıdakıları göstərmək olar: proqramlara daxil olmaqla çoxalan, şəbəkə ilə ötürülən, idarə sistemlərini sıradan çıxaran kompyüter virusları. Məntiqi bomba - hərbi və ya mülki infrastruktura əvvəlcədən tətbiq edilmiş xüsusi proqram təminatıdır, siqnal və ya müəyyən edilmiş zamanda həmin proqram işə düşür. Telekommunikasiya şəbəkələrində informasiya mübadiləsinin qarşısının alınması vasitələri, dövlət və hərbi idarə kanallarında informasiyanın saxtalaşdırılması; mətn proqramlarının neytrallaşdırılması vasitələri; obyektin proqram təminatlarına qarşı tərəfdən bilərəkdən müxtəlif növ səhvlərin daxil edilməsi.
Elektron vasitələrdən istifadə etməklə həyata keçirilən informasiya hücumlarının artması ilk növbədə internetin yayılması ilə sıx bağlıdır. Kompyuter və şəbəkə texnologiyalarından istifadə etməklə bir neçə saniyə ərzində müxtəlif məxfi məlumatlar yerləşdiyi məkandan asılı olmayaraq oğurlanır, nəzarətdə saxlanılır və ya məhv edilir. Kompyuter şəbəkəsindən istifadə etməklə həyata keçirilən bu əməliyyatların transmilli xarakter alması belə deməyə əsas verir ki, informasiya hücumları ilə mübarizədə istənilən strategiyanın əsas hissəsi problemlərin həlli ilə əlaqədar ümumi siyasətin işlənməsidir. Kompyuter şəbəkəsində baş verən informasiya hücumlarının təsnifatını aparmaq üçün şəbəkə təhdidlərinin təyin edilməsi vacibdir.
Uzaq məsafədən nüfuzetmə: hücum nəticəsində şəbəkədən istifadə etməklə hücuma məruz qalmış kompyuteri idarə etmək mümkündür. Lokal nüfuzetmə: bu tip hücumlar şəbəkəyə icazəsiz müdaxiləni təmin edir. Uzaq məsafədən xidmətdən imtina internetdən hücum nəticəsində serverin həddən artıq yüklənməsi və ya normal fəaliyyətinin pozulması ilə bağlıdır. Xidmətdən lokal imtina daxil olduqları kompyuterin normal fəaliyyətinin pozulması və ya həddən artıq yüklənməsidir. Belə hücumlara mərkəzi prosessoru sonsuz sayda əməliyyatlarla yükləyən ziyanlı apletləri misal göstərmək olar. Nəticədə prosessorda sorğuların emalı mümkün olmur.
İnformasiya hücumu vasitələri müxtəlif olduğu kimi, hücumun nəticələri də müxtəlif olur: "İnformasiyanın saxtalaşdırılması kompyuterdə saxlanılan informasiyaya icazəsiz müdaxilə nəticəsində həyata keçirilir. İcazəsiz müdaxilə adətən başqasının adından istifadə etməklə, texniki qurğuların fiziki ünvanlarını dəyişməklə, hər hansı məsələnin həllindən sonra yaddaşda qalan informasiyadan istifadə etməklə, proqram və informasiya təminatının modifikasiyası, informasiya daşıyıcısının oğurlanması, verilənlərin ötürülməsi kanalına yazı aparatının qoşulmasi ilə həyata keçirilir. İnformasiyanın məhvi onun tamamilə və ya müəyyən hissəsinin təyinat üzrə istifadə üçün yararsız hala salınmasıdır. İnformasiyanın məhvi əsasən müxtəlif kompyuter virusları vasitəsilə həyata keçirilir".
Məsələn, sifarişçiyə tələb etdiyini deyil, başqa sənədin göndərilməsini, maliyyə hesablamalarında səhvlərin olmasını, səsvermələrdə səslərin dəyişdirilməsini həyata keçirmək olar. Mütəxəssisin fikrincə, informasiyanın bloklanması dedikdə informasiyaya çıxışın olmaması, informasiya əməliyyatlarının ardıcıllıqla yerinə yetirilməsinə qoyulan qadağa və ya hər hansı qurğunun sıradan çıxması nəticəsində informasiyadan istifadənin mümkünsüzlüyü nəzərdə tutulur.

Uğur