Qəbul imtahanlarının vaxtı açıqlandı Hadisə

Qəbul imtahanlarının vaxtı açıqlandı

Kolleslərə ərizə qəbuluna başlanır

Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünən keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq. Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək. Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də baş tutacaq.
Mayın 12-dən Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlanacaq. Məleykə Abbaszadə bildirib ki, ərizə qəbulu mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılacaq. Onun sözlərinə görə, ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi orta təhsil müəssisələrində 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən özləri təsdiqləyə bilərlər. TQDK sədri vurğulayıb ki, ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər: "Ümumi orta təhsil (9 illik) səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Buraxılış imtahanını (9-cu siniflər üzrə) yalnız riyaziyyat fənni üzrə verən cari ilin məzunları (təlim dili gürcü və ya ingilis dilində olan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda buraxılış imtahanında riyaziyyat fənni ilə yanaşı ərizədə qeyd etdikləri bölməyə uyğun ana dili fənnindən imtahan verirlər. Qəbul imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunur test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur. ixtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər".
M.Abbaszadə əlavə edib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyənlər ümumi qaydada "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 19-dan 29-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməlidirlər. O qeyd edib ki, qeydiyyat komissiyaları hər gün saat 9-dan 17-dək fəaliyyət göstərirlər. Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək seçmə turda iştirak edir. Seçmə turlar TQDK tərəfindən təşkil edilən Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.