Əmək pensiyası alanların sayı açıqlanıb Hadisə

Əmək pensiyası alanların sayı açıqlanıb

Bu ilin aprelin 1-ə respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 mln. 281,712 min nəfər təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 787,68 min nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 61,5% olub.
Əlilliyə görə əmək pensiyası alanların sayı 356,188 min nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 27,7% olub. Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı isə 137,844 min nəfərdir ki, bu da ümumi pensiyaçıların sayına nisbətdə 10,8% təşkil edir.
2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləi 29,8 manat təşkil edirdisə, 2014-cü ilin 1 aprel tarixinə 171,7 manat olub.
Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləi 189,6 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləi 148,9 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 128,2 manat təşkil edir.
2014-cü ilin aprelin 1-nə əmək pensiyası alanların tərkibində qadınların sayı 773,113 min nəfər, kişilərin sayı 508,599 min nəfər olub. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı bu ilin 1 aprelinə 129,591 min nəfərdir.
Əmək pensiyası "Əmək pensiyaları haqqında" qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.