Üçüncü tərəf, yoxsa birbaşa etimad? Gündəm

Üçüncü tərəf, yoxsa birbaşa etimad?

Zəngəzur dəhlizində nəzarət kimdə olacaq?

Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizinin açılması ətrafında müzakirələr yenidən intensivləşib. Tərəflər marşrutun iqtisadi əhəmiyyətini qəbul etsələr də, əsas fikir ayrılığı nəqliyyat xəttinə nəzarət mexanizmi və təhlükəsizlik zəmanətləri üzərində cəmlənir. Ekspertlər bildirirlər ki, Naxçıvanla maneəsiz quru əlaqəsinin təmin olunması Azərbaycan üçün dəyişməz prinsipial mövqedir, lakin bunun üçün ilk növbədə ikitərəfli etimad mühiti və ya tərəfləri qane edən neytral idarəetmə modeli formalaşmalıdır.

Zəngəzur dəhlizi və etimad amili

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, Əslində bu məsələ iki dövlət arasında həll olunmalıdır və etimad o səviyyədə olmalıdır ki, ortaq sərhədlərdə, ərazidə kənar qüvvələr və başqa ölkələr müdaxilə edə bilməsin.
Deputat bildirib ki, etimad mühiti formalaşmadan hər hansı dəhlizin işləməsi real görünmür: “Yəni burada etimad olmasa, bu dəhliz işləməyəcək. Ona görə də birinci növbədə bu məsələ həll olunmadan dəhlizin açılmasının hansısa fayda verəcəyini söyləmək bir az sadəlövlük olar”.
Fazil Mustafa qeyd edib ki, prosesdə beynəlxalq özəl şirkətlərin iştirakı ilkin mərhələdə mümkün ola bilər: “Təbii ki, burada beynəlxalq özəl şirkətlər hansısa formada dəhlizin açılmasında ilkin mərhələdə iştirak edə bilərlər. Amma ümumilikdə bütün hallarda tərəflər arasında bu məsələ elə səviyyədə həll olunmalıdır ki, sonradan hansısa münaqişə mövzusuna çevrilməsin”.
Deputatın sözlərinə görə, əsas məqsəd üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını almaqdır: “Ən vacib məqam odur ki, üçüncü qüvvələrin bura müdaxilə etməsinə heç bir zəmin yaranmasın. Bütün mexanizm elə qurulmalıdır ki, gələcəkdə bu məsələ yeni gərginlik və ya münaqişə predmetinə çevrilməsin”.

Naxçıvanla əlaqədə kompromissiz mövqe

Politoloq Oqtay Qasımov hesab edir ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təhlükəsiz və maneəsiz şəkildə təmin olunması ölkənin dəyişməz prinsipial mövqeyidir və bu məsələdə hər hansı kompromisdən söhbət gedə bilməz: “Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməsi məsələsi hələ 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb və həmin maddədə kommunikasiya xəttinin fəaliyyət prinsipləri, eləcə də təhlükəsizliyin təmin olunması ilə bağlı şərtlər açıq şəkildə göstərilib.
Azərbaycanın əsas tələbi Naxçıvana gediş-gəlişin təhlükəsiz və maneəsiz şəkildə təmin edilməsidir və bu mövqe bu gün də dəyişməz olaraq qalır. Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmada da bu məsələ xüsusi diqqət mərkəzində olub”.
Qasımovun fikrincə, Ermənistanla ABŞ arasında “Tramp marşrutu” adlandırılan Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə edilmiş razılaşmada da həmin şərtlərin yerinə yetirilməsi nəzərdə tutulur.
Burada hansısa kompromisdən söhbət gedə bilməz. Azərbaycan üçün əsas məsələ Naxçıvanla quru əlaqəsinin maneəsiz və təhlükəsiz təmin olunmasıdır. Bunu üçüncü tərəf, Ermənistan və ya hansısa dövlət və şirkət həyata keçirəcək, bu əsas məsələ deyil. Əsas olan dəhlizdə Azərbaycanın tələb etdiyi rejimin təmin edilməsidir. Azərbaycan bu məsələdə geri addım atmayacaq.
Qasımov xatırladıb ki, vaxtilə Sovet dövründə həmin ərazilər Azərbaycandan alınaraq Ermənistana verilib və nəticədə Naxçıvan anklav vəziyyətinə düşüb. Bu baxımdan Naxçıvanla təhlükəsiz və maneəsiz əlaqənin təmin edilməsi Azərbaycanın prioritet məsələlərindən biridir”.
Politoloq qeyd edib ki, əvvəllər üçtərəfli bəyanata əsasən dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu və həmin vaxt da eyni şərtlər qüvvədə idi: “Hazırkı mərhələdə isə ABŞ ilə Ermənistan arasında əldə olunmuş razılaşmaya əsasən, nəzarətin Amerika tərəfinin cəlb edəcəyi özəl şirkət vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu halda da təhlükəsiz və maneəsiz keçidlə bağlı şərtlər dəyişmir. Ona görə də bu məsələdə hər hansı kompromisdən danışmaq düzgün deyil”.

Dəhlizdə nəzarət və kompromis modeli

Politoloq Elman Telmanoğlu diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi ilə bağlı əsas fikir ayrılığı marşrutun açılmasının özündən deyil, onun hansı təhlükəsizlik və nəzarət mexanizmi ilə fəaliyyət göstərəcəyindən qaynaqlanır.
O bildirib ki, Azərbaycan üçün prioritet məsələ Naxçıvanla fasiləsiz və etibarlı quru əlaqəsinin təmin edilməsidir, Ermənistan isə marşrut üzərində öz suveren hüquqlarının məhdudlaşdırılacağı ilə bağlı narahatlığını ön plana çıxarır: “Bu səbəbdən kompromis yalnız hər iki tərəfin əsas maraqlarını nəzərə alan idarəetmə modeli əsasında mümkün görünür. Ən real kompromis variantı marşrut üzrə yük və sərnişin daşımalarının maneəsiz həyata keçirilməsi ilə yanaşı, təhlükəsizlik və gömrük prosedurlarının qarşılıqlı razılaşdırılmış mexanizmlərlə tənzimlənməsi ola bilər. Bu model həm Azərbaycanın nəqliyyat bağlantısı ilə bağlı gözləntilərinə cavab verə, həm də Ermənistanın suverenliklə bağlı narahatlıqlarını müəyyən qədər azalda bilər”.
Politoloqun sözlərinə görə, marşruta üçüncü tərəfin və ya beynəlxalq özəl şirkətin cəlb edilməsi ehtimalı da tamamilə istisna edilə bilməz: “Əgər tərəflər bir-birinə kifayət qədər etibar etmirlərsə, neytral texniki operatorun prosesdə iştirak etməsi etimadın formalaşmasına xidmət edə bilər. Bununla belə, belə bir mexanizmin tətbiqi yalnız Azərbaycan və Ermənistanın razılığı əsasında mümkündür və onun səlahiyyətləri nəqliyyatın təhlükəsizliyi və texniki idarəçiliyi ilə məhdudlaşmalıdır. Əks halda, bu məsələ yenidən geosiyasi rəqabətin predmetinə çevrilə bilər”.
Elman Telmanoğlu qeyd edib ki, Zəngəzur dəhlizinin gələcəyini müəyyən edəcək əsas amil marşrutun hansı tərəfin siyasi üstünlüyünə xidmət etməsi deyil, onun regional iqtisadi əməkdaşlığı və qarşılıqlı etimadı gücləndirən kommunikasiya xətti kimi formalaşdırılmasıdır.

Günel Elxan