Üçüncü tərəf, yoxsa birbaşa etimad?
5 Avqust 23:47

Məqsəd Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarından gəmiçiliyi qorumaqdır
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Əməliyyatın təkcə dəniz və hava zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində tammiqyaslı quru hücumunu əhatə edə biləcəyi bildirilir.
“Quardian"ın məlumatına görə, Ər-Riyad hakimiyyəti müharibənin yenidən başlanmasını Qırmızı dənizin cənub hissəsi vasitəsilə həyata keçirilən neft tədarüklərinə təzyiqi azaltmağın yolu kimi nəzərdən keçirir.
Yəmən mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mümkün əməliyyatda istifadə etmək məqsədilə ölkənin şərq hissəsində, Səudiyyə Ərəbistanının dəstəklədiyi beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin nəzarətində olan ərazilərdən bəzi hərbi bölmələri geri çəkməyə başlayıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarından gəmiçiliyi qorumaq üçün beynəlxalq dəniz koalisiyası yaratmaq istiqamətində fəaliyyət göstərdiyi də bildirilir.
Nəşrin qeyd etdiyinə görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlayıb. Bundan əlavə, Ər-Riyad ABŞ və Almaniya, Fransa, Böyük Britaniya, İtaliya kimi bir sıra Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.
Bildirilib ki, gərginliyin yeni mərhələsi iyulun 20-də Yəmənin paytaxtı Səna və Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı blokada elan etməsindən sonra başlayıb. Eyni zamanda, onlar bütün gəmilərdən keçid haqqı alınacağı barədə iddiaları təkzib ediblər. Hərəkat nümayəndələri bildiriblər ki, Səudiyyə Ərəbistanı husilərin nəzarətində olan ərazilərə tətbiq etdiyi blokadanı dayandıracağı təqdirdə, onlar da öz blokadalarını ləğv etməyə hazırdırlar.
Mövzu ilə bağlı qəzetimizə danışan Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yucel Karauz bu prosesin bir neçə strateji istiqamət üzrə qiymətləndirmək olduğunu deyərək, qısa təhlil edib:
1. Niyə məhz indi?
Səudiyyə Ərəbistanı uzun müddət Yəməndə birbaşa genişmiqyaslı müharibədən yayınmağa çalışırdı. Lakin son aylarda üç əsas amil Ər-Riyadın strategiyasını dəyişmiş görünür:
* Husilərin Qırmızı dəniz və Babülməndəb boğazında hücumlarının artması;
* İranla bağlı regional gərginliyin Yəmən cəbhəsinə təsir göstərməsi;
* Səudiyyə neft ixracının və dəniz ticarətinin artan risklərlə üzləşməsi.
O, qeyd edib ki, Aşartıq məsələ yalnız Yəməndəki münaqişə deyil, həm də Səudiyyə Ərəbistanının enerji ixracının təhlükəsizliyidir.
2. Quru əməliyyatı uğurlu ola bilərmi?
Bu, ən vacib sualdır.
2015–2022-ci illərdəki müharibə göstərdi ki, Səudiyyə Ərəbistanının texnoloji üstünlüyü təkbaşına qələbə üçün kifayət etmir.
Husilər:
* dağlıq ərazilərdən məharətlə istifadə edirlər;
* uzaqmənzilli raket və PUA imkanlarına malikdirlər;
* uzun illər ərzində ciddi döyüş təcrübəsi qazanıblar.
Bu səbəbdən quru əməliyyatı qısa müddətdə nəticə verməzsə, Səudiyyə Ərəbistanı yenidən uzunmüddətli və yorucu müharibəyə cəlb oluna bilər.
3. Dəniz koalisiyasının əsas məqsədi
Yaradılması planlaşdırılan koalisiyanın əsas vəzifələri bunlardır:
* Babülməndəb boğazını açıq saxlamaq;
* Qırmızı dənizdə beynəlxalq ticarətin təhlükəsizliyini təmin etmək;
* neft tankerilərinin təhlükəsiz hərəkətini qorumaq;
* husilərin raket və PUA hücumlarının qarşısını almaq.
Məlumatlara görə, Türkiyə, Pakistan, Misir və digər ölkələr bu təşəbbüsü dəstəkləyir, ABŞ və bir sıra Avropa dövlətləri isə koalisiyaya qoşulmağa dəvət olunublar.
4. Türkiyə baxımından bunun mənası nədir?
Türkiyənin adının dəstək verən ölkələr arasında çəkilməsi onun avtomatik şəkildə hərbi əməliyyatlarda iştirak edəcəyi anlamına gəlmir.
Ankara üçün əsas prioritetlər bunlar ola bilər:
* Qırmızı dəniz ticarət yolunun təhlükəsizliyi;
* Süveyş–Babülməndəb xəttinin açıq saxlanılması;
* enerji təchizatının qorunması;
* regional sabitliyin dəstəklənməsi.
Türkiyə daha çox dəniz təhlükəsizliyi, logistika və koordinasiya sahəsində rol oynaya bilər. Hazırkı şəraitdə Yəməndə quru döyüş əməliyyatlarında birbaşa iştirakı ehtimalı aşağı qiymətləndirilir.
5. İranın mümkün reaksiyası
İran birbaşa müharibəyə qoşulmadan husilərə aşağıdakı sahələrdə dəstəyi artıra bilər:
* daha müasir raket sistemləri;
* PUA texnologiyaları;
* elektron müharibə imkanları;
* kəşfiyyat dəstəyi.
Belə olacağı təqdirdə qarşıdurma yalnız Yəmənlə məhdudlaşmaya bilər.
Risk altında ola biləcək ərazilər:
* Babülməndəb boğazı;
* Qırmızı dəniz;
* Səudiyyə Ərəbistanının neft obyektləri;
* Yanbu limanı;
* Körfəz bölgəsinin enerji infrastrukturu.
6. Qlobal iqtisadiyyata mümkün təsirləri
Əgər əməliyyat genişlənərsə, aşağıdakı nəticələr gözlənilə bilər:
* neft qiymətlərinin artması;
* dəniz daşımalarının bahalaşması;
* sığorta haqlarının yüksəlməsi;
* qlobal inflyasiya təzyiqinin güclənməsi;
* investorların təhlükəsiz maliyyə alətlərinə yönəlməsi.
Əksinə, əgər əməliyyat qısa müddətdə Qırmızı dənizdə təhlükəsizliyi bərpa edərsə, enerji bazarlarında müəyyən sabitləşmə də müşahidə oluna bilər.
Strateji qiymətləndirmə
Bu hadisəyə yalnız Yəməndə vətəndaş müharibəsinin yenidən alovlanması kimi baxmaq düzgün olmaz.
Əsas mübarizə aşağıdakı strateji məntəqələr üzərində nəzarət uğrundadır:
* Qırmızı dəniz;
* Babülməndəb boğazı;
* Süveyş kanalı;
* Hind okeanı;
* Körfəz bölgəsinin enerji dəhlizləri.
Bu baxımdan Yəmən artıq Yaxın Şərqin ən mühüm dəniz-geosiyasi mərkəzlərindən birinə çevrilmişdir.
Yaxın həftələrdə diqqətlə izlənilməli olan əsas göstəricilər
1. Səudiyyə quru qoşunlarının faktiki olaraq Yəmən ərazisinə daxil olub-olmaması.
2. ABŞ və Avropa ölkələrinin dəniz koalisiyasına rəsmi şəkildə qoşulub-qoşulmayacağı.
3. Husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı yeni raket və PUA hücumları həyata keçirib-keçirməyəcəyi.
4. İranın husilərə verdiyi hərbi dəstəyin miqyası.
5. Babülməndəb boğazından keçən beynəlxalq gəmiçiliyin normal davam edib-etməməsi.
Məhz bu beş göstərici qarşıdurmanın məhdud çərçivədə qalacağını, yoxsa daha geniş regional müharibəyə çevrilmə riskinin artacağını müəyyən edəcək əsas amillər olacaq.
Politoloq Elşən Manafov isə deyib ki, İranın ona ABŞ tərəfindən olan təcavüzlə bağlı Hörmuz boğazı ətrafında özünün təhlükəsizlik maraqlarından irəli gələrək gördüyü tədbirlər boğaz üzərindən loqistik marşurutları həyata keçirən bir çox dövlətləri çətin duruma saldığı kimi Səudiyyə Ərəbistanının da, enerji resurslarının daşınması üçün tədbirlər görməyə sövq edir. Səuduyyə özünün enerji resurslarının 80%-ni Hörmuz boğazı vasitəsilə həyata keçirirdi, qalan 20% isə Qırmızı dəniz üzərindən daşınır.
Lakin, İranla siyasi və maliyyə anlamında iş birliyində olan Yəmən husilərinin Qırmızı dəniz üzərindən keçən neft tankerlərinə hücumları rəsmi Ər- Riyada ciddi itkilər yaşadır, tranzit xərcləri ilə yanaşı sığorta xərclərini də artırır, Səudiyyənin nəhəng enerji resurslarlna malik qüdrətli dövlət kimi nufuzuna xələl gətirir: "Yaranmış şərait Qırmızı dəniz üzərindən həyata keçirilən daşınmaların təhlükəsizliyini təmin etmək məqsədilə Səuduyyəni Yəmən husilərinə qarşı tədbirlər görməyə məcbur edir. Ər Riyadın bununla bağlı çağırışlarına artıq bir sıra ərəb ölkələri - İordaniya, Küveyt, Bəhreyn, Misir, habelə Türkuyə, Somali, Pakistan və başqaları müsbət cavab veriblər. Avropa Birliyinə daxil olan bəlli dövlətlərə gəlincə, onlar Yəmən husiləri ilə bağlı müdafiə xarakterli əməliyyatlarda Səudiyyəyə dəstək olacaqlarını vəd etsələr də, hücum əməliyyatlarına qatılmayacaqlarını bəyan ediblər.
Bu məsələdə Qərbin sərgilədiyi mövqe isə onun qədim Romadan qalmış "parçala və hökm sür" siyasətinə baglılığından irəli gəlir.
Səudiyyə, habelə bir sıra ərəb ölkələri ilə İran və onunla bağlı proiksi Qüvvələr, o cümlədən Yəmən husiləri arasında ideoloji, dini zəmində olan qarşıdurmanı məhz Qərbdən olan qloballist dairələr dərinləşdirir və beynəlxalq sionizm tərəfindən də, dəstəklənirlər. İranın şiə inqilabının ixracı ilə bağlı məlum siyasəti hənəfi, habelə sələfi mövqelərindən çıxış edən islamla baglı camaye, həmçinin siyasi dairələr tərəfindən qəbul edilmir, bu qarşıdurmanı isə islam həmrəyliyinə yol vermək istəməyən qlobalist dairələr sionstlərlə bahəm dərinləşdirirlər.Gerçək Gerçək məqsəd isə Yaxın və Orta Şərqin təbii sərvətlərinə nəzarət və satış bazarları ugrunda rəqabətlə baglıdır".
Cavid