Üçüncü tərəf, yoxsa birbaşa etimad?
5 Avqust 23:47

ABŞ və İran arasında imzalanmış 14 bəndlik Anlaşma Memorandumu Yaxın Şərqdəki gərginliyi azaltmaq və tərəflər arasında yeni diplomatik mərhələnin əsasını qoymaq baxımından diqqət mərkəzindədir. Sənəd atəşkəsin əldə olunmasına və enerji bazarlarında nisbi sabitliyə imkan yaratsa da, Hörmüz boğazında təhlükəsizlik insidentləri, sanksiyaların ləğvi və nüvə proqramı kimi fundamental məsələlərin hələ də tam həllini tapmaması, eyni zamanda razılaşmaya rəğmən qarşılıqlı zərbələr və getdikcə artan gərginlik razılaşmanın gələcəyini sual altına qoyur. Ciddi təhdidlərə baxmayaraq İran prezidenti Məsud Pezeşkian memorandumu əhəmiyyətli hesab edir.
“Bölgə üçün yeni ümid”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzalanmış memorandumu ölkənin gələcək xarici siyasətinin əsas elementlərindən biri kimi təqdim etməsi Tehran–Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:
“Pezeşkianın bəhs etdiyi memorandum Yaxın Şərqdə davam edən müharibənin gedişində dönüş nöqtəsi hesab oluna bilər.
Bu razılaşma imzalanana qədər regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətin idi. Memorandumun imzalanması isə heç olmasa müəyyən müddət üçün atəşkəsin əldə olunmasına və beynəlxalq enerji bazarlarında nisbi sabitliyin yaranmasına imkan verdi. İran rəhbərliyi bu sənədi aylarla davam edən danışıqların nəticəsi kimi qiymətləndirir və onun tam icra olunacağı təqdirdə ölkə üçün mühüm siyasi nəticələr verəcəyinə inanır.
Razılaşmanın əsas məqsədi diplomatik danışıqlara üstünlük verilməsi, münaqişənin idarə olunan siyasi prosesə çevrilməsi və İrana tətbiq olunan sanksiyaların mərhələli şəkildə yumşaldılmasıdır. Bununla yanaşı, ABŞ-ın əsas tələbləri hesab olunan Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və İranın nüvə proqramı ilə bağlı öhdəlikləri hələ də tam həllini tapmayıb. Məhz buna görə də tərəflərin razılaşmaya nə dərəcədə sadiq qalacağı əsas suallardan biri olaraq qalır”.
Onun fikrincə, memorandumun müddəalarına əməl olunacağı təqdirdə bu, müharibənin başa çatmasına və Tehran–Vaşinqton münasibətlərində yeni mərhələnin formalaşmasına zəmin yarada bilər: “Lakin hazırkı mərhələdə proseslər göstərir ki, tərəflər razılaşmanın bütün şərtlərini tam şəkildə yerinə yetirməkdə çətinlik çəkirlər. Hörmüz boğazında təhlükəsizlik insidentləri, tankerlərə qarşı hücumlar və zaman-zaman qarşılıqlı atəşlərin davam etməsi bunu təsdiqləyir. ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın tam icrası təkcə regionun təhlükəsizlik balansına deyil, həm də İranın müttəfiqləri ilə münasibətlərinə müsbət təsir göstərə bilər.
Çünki müharibənin uzanması yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradır. Bu baxımdan memorandumun uğurla icra olunması regionda sabitliyin möhkəmlənməsinə və diplomatik münasibətlərin normallaşmasına xidmət edə bilər”.
“İranda qərarı Pezeşkian vermir”
Politoloq Şakir Ağayev qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzalanmış memorandumu ölkənin gələcək xarici siyasətinin əsas elementlərindən biri kimi təqdim etməsi Tehran–Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: “Lakin mən bu məsələdə o qədər də nikbin deyiləm. Hazırkı mərhələdə Pezeşkian formal olaraq prezident olsa da, ölkədə bütün qərarların onun tərəfindən verildiyini söyləmək mümkün deyil. Hətta Pezeşkianla ABŞ Prezidenti Donald Tramp arasında imzalanmış memorandumun mürəkkəbi qurumamış onun şərtləri pozuldu, atəşkəs yenidən pozuldu. Tərəflər bir-birini hədələməyə davam edir və memorandumun müddəalarının icrası istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Səhv etmirəmsə, sənəd 14 bənddən ibarətdir və bu bəndlərin heç biri hələlik tam şəkildə həyata keçirilmir.Tramp ötən gün İranla razılıq əldə olunduğunu və yeni görüşlərin keçiriləcəyini bəyan etsə də, İran Xarici İşlər Nazirliyi belə bir razılaşmanın olmadığını açıqladı. Bu da göstərir ki, tərəflər arasında hələ ortaq mövqe formalaşmayıb”.
O bildirib ki, İranda real idarəçilik mexanizmi Pezeşkianın əlində deyil: “Ölkədə əsas qərarverici qüvvə SEPAH, onun generalları və mühafizəkar siyasi dairələrdir. Memorandumun icrası da məhz onların mövqeyindən asılı olacaq. Buna görə də sənədin tam şəkildə həyata keçiriləcəyinə dair nikbin proqnoz vermək çətindir. Bununla belə, bu razılaşmanın reallaşması region üçün mühüm əhəmiyyət daşıya bilər. İran, ABŞ və İsrail arasında hərbi qarşıdurmanın davam etməsi Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün ciddi risklər yaradır. Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə müharibənin davam etməsi, İranda yaşayan milyonlarla azərbaycanlının yaşadığı şəhərlərin hücumlara məruz qalması ölkəmiz üçün həm humanitar, həm siyasi, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur. Əgər memorandum tam şəkildə icra olunarsa, bu, yalnız Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər. Azərbaycanın da əsas istəyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır”.
Ş.Ağayev hesab edir ki, İranın müttəfiqlərinin mövqeyi də proseslərin gələcək inkişafına təsir göstərəcək: “Çin, Rusiya, Pakistan, İraq və digər tərəfdaş ölkələr memorandumu müsbət qarşılayaraq problemin diplomatik yollarla həllini dəstəklədiklərini bildiriblər.
Hesab etmirəm ki, bu memorandumun imzalanması İranın müttəfiqləri ilə münasibətlərində ciddi dəyişiklik yaradacaq. Çünki sənəddə İran məğlub tərəf kimi təqdim olunmur. Hər iki tərəfin öz şərtləri var və danışıqlar əsasən İranın nüvə proqramı, nüvə silahına malik olmaması, eləcə də Hörmüz boğazı ilə bağlı məsələlər ətrafında aparılır. Bunlar isə regionun təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan mövzulardır”.
“Diplomatiya müharibəni təxirə salıb”
Siyasi şərhçi Əli Oruclu söyləyib ki, ABŞ ilə İran arasında iyunun 18-də imzalanmış 14 bəndlik Anlaşma Memorandumu müharibənin dayandırılması üçün müəyyən ümidlər yaratsa da, iyulun 8-dən etibarən tərəflər arasında qarşılıqlı hücumların yenidən başlaması bu gözləntiləri puça çıxardı: “Tərəflər bir-birini atəşkəsi və əldə olunan razılaşmaları pozmaqda ittiham etməklə məsuliyyəti qarşı tərəfin üzərinə yönəltməyə çalışıblar. Memorandumda açıq qalan mühüm məsələlər var idi. Xüsusilə də 60 gün ərzində İranın nüvə proqramı, sanksiyaların tam ləğvi, zənginləşdirilmiş uranın təhvil verilməsi kimi fundamental məsələlər sonrakı mərhələyə saxlanılmışdı. Bundan başqa, Livanda İsrailin hərbi əməliyyatları dayandırması və qoşunlarını həmin ölkədən çıxarması ilə bağlı müddəalar da yer alırdı ki, bu da Təl-Əvivin planlarına tam uyğun gəlmirdi.
ABŞ və İran arasında müharibənin yenidən alovlanması onun daha geniş coğrafiyaya yayılması, digər dövlətlərin münaqişəyə cəlb olunması və dünya iqtisadiyyatına ağır zərbə vurması riskini artırırdı.
Gəmi nəqliyyatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının bağlanması və ya blokadaya alınması, eləcə də Bab əl-Məndab boğazında keçidlərin məhdudlaşdırılması həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlər yaradırdı. Buna görə də diplomatik missiyanın yenidən ön plana çıxması dağıdıcı müharibəni, heç olmasa, müvəqqəti olaraq təxirə sala bildi”.
Siyasi şərhçi hesab edir ki, memorandumda əksini tapan müddəalar tam icra olunacağı təqdirdə heç bir tərəf özünü məğlub hesab etməyəcək:
“Tehran üçün hava zərbələrinin vurduğu ziyan və Hörmüz bölgəsində yaranmış qeyri-sabitlik ciddi iqtisadi və sosial nəticələr doğurub. İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəiflədilib, arsenalındakı silahların böyük hissəsi ya istifadə olunub, ya da məhv edilib. Buna baxmayaraq, Tehran öz mövcudluğunu qoruyub saxlaya bilibsə, bunu daxili auditoriyaya uğur kimi təqdim etməyə çalışacaq və təbliğat məqsədilə bundan geniş istifadə edəcək. Lakin əvvəlki kimi regionda təsir imkanlarına malik olmayacaq...”.
Günel Elxan