Üçüncü tərəf, yoxsa birbaşa etimad?
5 Avqust 23:47

Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı iddialar səsləndirilir. Qeyd edilir ki, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Əməliyyatın təkcə dəniz və hava zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində tammiqyaslı quru hücumunu əhatə edə biləcəyi bildirilir.
Həmçinin deyilir ki, Ər-Riyad hakimiyyəti müharibənin yenidən başlanmasını Qırmızı dənizin cənub hissəsi vasitəsilə həyata keçirilən neft tədarüklərinə təzyiqi azaltmağın yolu kimi nəzərdən keçirir.
Siyasi şərhçi Şəhla Cəlilzadə “Xalq Cəbhəsi”nə bildirib ki, ABŞ və İsrail İrana qarşı müharibədə onu strateji resurslarından və müdafiə imkanlarından məhrum etməyə çalışırlar: “İran isə buna cavab olaraq bütün regionu müharibə arealına çevirməyə çalışaraq, bununla ABŞ-nin təzyiq siyasətini dəyişdirə biləcəyini düşünür. Əslində, İran müəyyən qədər istəyinə nail ola bilir. Məsələn, müharibənin birinci mərhələsində (28 fevral-8 aprel) məhz ABŞ-nin regional müttəfiqlərinin təzyiqi ilə danışıqlar perioduna keçid edilmiş və 17 iyunda ABŞ əsas İran tələblərini özündə ehtiva edən memoranduma imza atmalı olmuşdu. İndi müharibənin ikinci mərhələsi yenə region üçün dağıdıcı xarakter alıb”.
“İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib”
Ş.Cəlilzadənin fikirlərinə görə, Birinci dünya müharibəsindən də bildiyimiz kimi regional nizamı dəyişən genişmiqyaslı müharibələrdə böyük regional aktor çökərsə bütün region onun dağıntıları altında qalır: “Bu mənada İran da hazırda çöküşünü ləngitmək və ya qeyri-mümkün etmək üçün bütün Yaxın Şərqi genişmiqyaslı müharibə alovuna verməyə hazırdır. Lakin Körfəz ölkələri Qərbin mühüm enerji tərəfdaşları olduqları üçün, burada böyük yatırımların itirilməsi qorxusu olduğu üçün bu, heç də arzuolunan ssenari deyil. Başqa sözlə, İran Yəmən husilərini Səudiyyə Ərəbistanına qarşı aktivləşdirib. Belə ki, qlobal neft təchizatçılarından olan Səudiyyə Hörmüzə alternativ olaraq yaranan gərginlik fonunda Qırmızı dəniz marşrutu ilə ixracı 4-5 dəfə artırmışdı. Burada yaradılan neft emalı təsislərinin gücü olduqca böyükdür. Bab-əl-Məndəb boğazı və Qırmızı dənizlə şimala ordan isə Qərbə yönələn Səudiyyə hazırda husilərin Bab-əl-Məndəbdə yaratdığı hərbi eskalasiyadan artıq ciddi şəkildə təsir görüb”.
“Belə bir razılaşma əldə olunarsa…”
O əlavə edib ki, husilər Qırmızı dənizdə Səudiyyə tankerlərini vurub, əsas iki neft emal zavoduna (Jizan və Yanbu) zərbələr endirib: “Müqayisə üçün Jizanın günlük neft emalı gücü Azərbaycanın günlük toplam neft emalı gücünə (Bakıdakı və Türkiyədəki STAR NEZ-nun birgə gücünə) yaxındır. Belə bir enerji təsislərinin məhvi sadəcə Səudiyyə üçün deyil, Qərb üçün də ciddi itki olar. Odur ki, Səudiyyə rəsmiləri Trampa İrana qarşı təzyiqləri azaltmaq çağırışı edib. İran isə təklif edib ki, ABŞ Hörmüzdə İranın enerji ixracı imkanlarını bərpa etsin və ümumiyyətlə Hörmüzdə İranın Omanla birgə suveren hüququnu tanısın. Yalnız bu şərtlərdə İran da regionda genişmiqyaslı hücumu dayandıracaq. Başqa sözlə, əgər belə bir razılaşma əldə olunarsa, Yəmən husiləri də təhdid faktoru olaraq geri çəkiləcəklər. Tramp artıq danışıqların başlandığını bəyan edib”.
Regional münaqişənin genişləndirilməsi
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, son günlər yayılan məlumatlara görə, Ər-Riyad Qırmızı dəniz və Bab əl-Məndəb boğazında neft daşımalarına qarşı husilərin təzyiqini aradan qaldırmaq üçün hərbi variantı ciddi şəkildə nəzərdən keçirir: “Bu əməliyyatın regional münaqişəni genişləndirməsi riski kifayət qədər yüksəkdir. Çünki husilər artıq təkcə Yəməndə fəaliyyət göstərən silahlı qrup deyil, İranın regiondakı "müqavimət oxu"nun əsas elementlərindən biri hesab olunur. Onlara qarşı genişmiqyaslı quru əməliyyatı Tehranın birbaşa və ya dolayı yollarla reaksiyasına səbəb ola bilər. İran husilərə silah, kəşfiyyat və texniki dəstəyini artırmaqla yanaşı, İraq və digər müttəfiq silahlı qrupları da prosesə cəlb edə bilər. Son hadisələr husilərlə İraqdakı İran yönümlü silahlı qruplar arasında koordinasiyanın gücləndiyini də göstərir”.
“Quru əməliyyatı başlanarsa…”
V.Zifəroğlunun sözlərinə görə, digər mühüm məqam enerji təhlükəsizliyidir: “Husilər indiyədək dəfələrlə Qırmızı dənizdə kommersiya gəmilərinə və Səudiyyənin enerji infrastrukturuna hücum ediblər. Əgər quru əməliyyatı başlanarsa, onların cavabı daha genişmiqyaslı raket və pilotsuz uçuş aparatları hücumları, həmçinin Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyin intensiv şəkildə hədəfə alınması ola bilər. Bu isə dünya enerji bazarında yeni qiymət dalğalanmaları yarada bilər. Bununla belə, Səudiyyə Ərəbistanının məqsədi yalnız hərbi qələbə əldə etmək deyil. Ər-Riyad son aylarda formalaşdırdığı beynəlxalq dəniz təhlükəsizliyi təşəbbüsü ilə Qırmızı dənizdə beynəlxalq ticarət marşrutlarını qorumağa çalışır və mümkün quru əməliyyatı da bu strategiyanın davamı kimi görünür”.
“Təhlükəsizlik böhranı dərinləşəcək”
Ekspert qeyd edib ki, qarşıdakı mərhələdə tammiqyaslı İran–Səudiyyə müharibəsinin başlanması ehtimalı hələ də aşağıdır: “Lakin regional "proksi müharibəsi"nin daha geniş coğrafiyaya yayılması ehtimalı kifayət qədər yüksəkdir. Yəni münaqişə Yəmənlə məhdudlaşmaya, Qırmızı dəniz, Bab əl-Məndəb boğazı, İraq, hətta Körfəz ölkələrində enerji infrastrukturu və dəniz kommunikasiyalarını da əhatə edə bilər. Bu isə Yaxın Şərqdə təhlükəsizlik böhranını daha da dərinləşdirəcək və beynəlxalq ticarət marşrutları üzərində təzyiqi artıracaq”.
Röya İsrafilova