Təhsil proqramlarının gələcəyi: yeni yanaşmalar Layihə

Təhsil proqramlarının gələcəyi: yeni yanaşmalar

Müasir dövrdə cəmiyyətin maariflənməsində, gənc nəslin dünyagörüşünün formalaşmasında və tənqidi təfəkkürün inkişafında elmi-kütləvi və təhsil yönümlü media layihələrinin rolu əvəzedilməzdir. Lakin Azərbaycanda bu sahənin mövcud vəziyyəti, keyfiyyət göstəriciləri və auditoriyaya çatdırılma mexanizmləri mütəxəssislər arasında geniş müzakirələrə səbəb olur. Media subyektləri ilə təhsil mühiti arasında effektiv inteqrasiyanın qurulması, yalnız məlumat ötürən deyil, həm də düşündürən və maraq yaradan məzmunun hazırlanması strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil ekspertləri Elmin Nuri və Əmrah Həsənli elmi-kütləvi və mədəni-maarif proqramlarının inkişaf perspektivlərinə diqqət çəkiblər. Ekspertlər öz açıqlamalarında sahənin prioritetlərini təhlil edərək müasir təqdimat formatlarının tətbiqi, hədəf auditoriyasının psixoloji xüsusiyyətlərinin nəzərə alınması və aidiyyəti qurumlar arasında davamlı əməkdaşlıq modelinin formalaşdırılması ilə bağlı təklifləri irəli sürüblər.

Təhsildə sponsor və istək problemi

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən təhsil eksperti Elmin Nuri Xalqcəbhəsi.az-a açıqlamasında deyib ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması üçün ilk növbədə istək olmalıdır.
Ekspert bildirib ki, televiziya kanallarında bu istiqamətdə ciddi maraq hiss olunmur: “Əvvəlcə sualınızı şəffaf şəkildə cavablandırım. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması üçün ilk növbədə istək lazımdır. Təəssüf ki, bu istəyi görmürük. Maarifçiliyə xidmət edən layihələrin həyata keçirilməsi üçün televiziya rəhbərlərinin bu sahəyə xüsusi həvəsi və yanaşması olmalıdır”.
Elmin Nuri qeyd edib ki, özü də vaxtilə təhsillə bağlı televiziya layihələri təqdim etsə də, bu təşəbbüslər dəstək görməyib: “Şəxsən mənim təhsillə bağlı bir neçə televiziya layihəm olub. Müxtəlif kanallara müraciət etmişəm. Lakin mənə açıq şəkildə bildirilib ki, sponsor varsa, layihə də var, sponsor yoxdursa, ehtiyac da yoxdur. Faktiki olaraq, belə təşəbbüslərə maraq göstərilməyib”.
Onun sözlərinə görə, televiziya kommersiya prinsipləri ilə fəaliyyət göstərsə də, maarifçilik missiyasını unutmamalıdır: “Anlayıram ki, bazar iqtisadiyyatı şəraitində televiziya da gəlir əldə etməlidir. Amma televiziya yalnız reklam və qazanc üzərində qurulmamalıdır. Onun cəmiyyət qarşısında maarifləndirici missiyası da var. Bu missiya xüsusilə təhsil sahəsində özünü daha qabarıq göstərməlidir”.
Ekspert hesab edir ki, düzgün hazırlanmış təhsil proqramları geniş auditoriya toplaya bilər: “Bu gün diqqət və maraq ən böyük dəyərdir. Elə düşünülür ki, təhsil proqramlarına auditoriya olmayacaq. Mən bununla razı deyiləm. Əksinə, peşəkar şəkildə hazırlanmış, maraqlı formatda təqdim olunan təhsil proqramları kifayət qədər geniş izləyici kütləsi toplaya bilər. Ən böyük auditoriyalardan biri məhz təhsil sahəsindədir. Sadəcə bunun mexanizmi düzgün qurulmalıdır”.
Elmin Nuri televiziya kanallarını bu sahənin mütəxəssisləri ilə əməkdaşlığa çağırıb: “Televiziya rəhbərləri təhsil ekspertlərini bir masa arxasına dəvət etməlidirlər. Hətta qonorar verməsələr belə, bir araya gəlib müzakirə aparmaq mümkündür. Məqsəd həm televiziya üçün baxımlı məhsul hazırlamaq, həm də cəmiyyətə faydalı maarifçilik layihələri təqdim etmək olmalıdır. Bu balansı qurmaq mümkündür. Sadəcə bunu istəmək lazımdır”.
Ekspert vurğulayıb ki, hazırda ölkədə sırf təhsilə həsr olunan proqramlar demək olar ki, yoxdur: “Bu gün təhsillə bağlı proqramlar yox səviyyəsindədir. Olan verilişlərdə də bəzən mövzu seçimi, aparıcının sualları və terminlərdən istifadə baxımından ciddi qüsurlar müşahidə olunur. Ayrı-ayrı tok-şoularda təhsil mövzusuna toxunulur, amma sırf bu sahəyə həsr olunmuş peşəkar proqramlar yoxdur. Hətta şahidi olmuşam ki, bəzi verilişlərdə abituriyentlə tələbə anlayışları, yaxud təhsilin pilləsi ilə təhsilin səviyyəsi qarışdırılıb. Bu kimi məsələlərdə daha peşəkar yanaşmaya ehtiyac var”.

Təhsil proqramlarında məzmun qüsuru

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində müəyyən müsbət təşəbbüslər olsa da, bu sahədə hələ də ciddi boşluqlar qalmaqdadır: “Əsas problemlərdən biri bu proqramların maarifləndirməkdən daha çox məlumat ötürməyə yönəlməsidir.Halbuki təhsil məzmunu insanlarda düşünmə bacarığını, tənqidi yanaşmanı, araşdırma vərdişini və öyrənməyə marağı formalaşdırmalıdır. Bu istiqamət gücləndirilmədən proqramların real təsiri məhdud qalacaq. Digər mühüm çatışmazlıqlardan biri proqramların hədəf auditoriyasına uyğun hazırlanmamasıdır.Məktəb yaşlı uşaqlar, yeniyetmələr, valideynlər, müəllimlər və gənclər üçün eyni təqdimat üslubundan istifadə olunur. Halbuki hər yaş qrupunun psixoloji xüsusiyyətləri, maraqları və məlumatı qəbul etmə forması fərqlidir. Məzmun da buna uyğun qurulmalıdır”.
Ekspert hesab edir ki, müasir təqdimat üsullarından kifayət qədər istifadə olunmaması da proqramların cəlbediciliyini azaldır: “Bugünkü auditoriya uzun mühazirələrdən daha çox vizual təqdimata, animasiyalara, real həyat nümunələrinə, eksperimentlərə, debatlara və interaktiv müzakirələrə üstünlük verir. Proqramlar bu tendensiyaya uyğunlaşmasa, xüsusilə gənc nəslin marağını cəlb etmək çətin olacaq”.
TİHA sədri ekspert seçiminin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bəzən efirlərdə mövzunun peşəkarı olmayan şəxslərə üstünlük verilir. Elmi-kütləvi və təhsil proqramlarında sahəni dərindən bilən alimlər, müəllimlər, təhsil ekspertləri, psixoloqlar və praktiki təcrübəsi olan mütəxəssislər daha çox iştirak etməlidirlər. Bu, həm proqramın etibarlığını artırır, həm də ictimai inamı gücləndirir. Regional uğurlar və yerli nümunələr də daha geniş işıqlandırılmalıdır.
Azərbaycanın müxtəlif bölgələrində uğurlu müəllimlər, istedadlı şagirdlər, innovativ məktəblər və maraqlı təhsil təşəbbüsləri var. Onların təcrübəsinin ictimaiyyətə çatdırılması həm cəmiyyətdə motivasiya yaradır, həm də müsbət nümunələrin yayılmasına xidmət edir. Proqramların daha effektiv hazırlanması üçün televiziya kanalları, Elm və Təhsil Nazirliyi, ali təhsil müəssisələri, elmi institutlar və müstəqil ekspertlər arasında davamlı əməkdaşlıq modeli formalaşdırılmalıdır.
Məzmun hazırlanarkən beynəlxalq təcrübə öyrənilməli, eyni zamanda milli dəyərlər və ölkənin təhsil prioritetləri də nəzərə alınmalıdır”.
Sonda Əmrah Həsənli vurğulayıb ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları cəmiyyət üçün sadəcə efir məhsulu deyil, strateji maarifləndirmə vasitəsidir: “Keyfiyyətli hazırlanmış belə proqramlar yalnız bilik vermir, eyni zamanda oxuyan, düşünən, araşdıran və məsuliyyətli vətəndaşın formalaşmasına töhfə verir. Məhz buna görə də bu istiqamətə uzunmüddətli investisiya kimi yanaşılmalı, ardıcıl və ciddi addımlar atılmalıdır.”

Günel Elxan