Qara dənizdə insident: regionda risklər artır Gündəm

Qara dənizdə insident: regionda risklər artır

Qara dənizdə mülki gəminin hədəfə alınması regionda təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Türkiyədən Rusiyaya meyvə-tərəvəz yükü daşıyan "Nadejda" gəmisinin Ukrayna dronu ilə vurulduğu, ekipaj arasında Azərbaycan və Türkiyə vətəndaşlarının da olduğu bildirilir. Hadisə həm Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, həm də Rusiya-Ukrayna müharibəsinin regional və beynəlxalq təsirləri ilə bağlı yeni suallar doğurur.
Məsələ ilə bağlı siyasi ekspertlər “Xalq Cəbhəsi”nə danışıblar.
“Münaqişə geniş diplomatik nəticələr doğura bilər”
Politoloq Yusif Bağırzadə bildirib ki, bu hadisə Qara dənizdə davam edən müharibənin regional və beynəlxalq təhlükəsizlik baxımından yaratdığı risklərin daha bir nümunəsi kimi qiymətləndirilə bilər: “Gəminin ekipajında Azərbaycan və Türkiyə vətəndaşlarının olması isə hadisəyə humanitar və diplomatik aspektlər də əlavə edir. Belə insidentlər münaqişə zonasının birbaşa döyüş meydanından kənarda yerləşən aktorlara təsir imkanlarının artdığını göstərir. Məlumdur ki, Qara dəniz uzun müddətdir Rusiya-Ukrayna qarşıdurmasının əsas istiqamətlərindən biridir. Burada enerji infrastrukturu, limanlar, hərbi obyektlər və kommersiya gəmiçiliyi strateji əhəmiyyət daşıyır. Ukraynanın dəniz dronlarından və digər uzaqmənzilli vasitələrdən istifadə etməsi Rusiyanın logistika imkanlarını zəiflətmək və iqtisadi təzyiq yaratmaq məqsədi daşıyır. Lakin belə hücumların mülki gəmilərə və üçüncü ölkələrin vətəndaşlarına təsir göstərməsi münaqişənin daha geniş diplomatik nəticələr doğurmasına səbəb ola bilər”.
“Ankara balanslı siyasət yürüdür”
Y.Bağırzadənin fikirlərinə görə, bu hadisədə əsas diqqət çəkən məqamlardan biri gəminin Türkiyə şirkətinə məxsus olması və ekipajda Azərbaycan və Türkiyə vətəndaşlarının iştirak etməsidir: “Ankara uzun müddətdir Rusiya və Ukrayna arasında balanslı siyasət yürüdür. Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Rusiya ilə enerji, ticarət və digər sahələrdə əməkdaşlığı davam etdirir. Buna görə də Türkiyə vətəndaşlarının və Türkiyə ilə əlaqəli kommersiya obyektinin münaqişədən zərər görməsi Ankara üçün həssas məsələdir. Azərbaycan baxımından da hadisə diqqətlə izlənilməlidir. Azərbaycan vətəndaşlarının təhlükə ilə üzləşməsi rəsmi Bakının diplomatik kanallar vasitəsilə məsələni gündəmə gətirməsini ehtiva edir. Azərbaycan ənənəvi olaraq regional sabitlik və nəqliyyat-kommunikasiya təhlükəsizliyinə xüsusi önəm verir. Qara dənizdə artan hərbi risklər Azərbaycan kimi region ölkələrinin ticarət əlaqələrinə və logistika marşrutlarına dolayı da olsa təsir göstərə bilər”.
“Risklər arta bilər”
Politoloq əlavə edib ki, hadisədən sonra regional gərginliyin artması ehtimalına gəldikdə isə belə bir ehtimal müəyyən mənada mövcuddur: “İlk növbədə, Rusiya bu tip hücumları Ukraynanın beynəlxalq gəmiçiliyə və mülki infrastruktura qarşı addımı kimi təqdim edə və cavab tədbirlərini genişləndirə bilər. Ukrayna isə öz növbəsində bu cür əməliyyatları ənənəvi olaraq Rusiyanın hərbi-iqtisadi imkanlarını məhdudlaşdırmaq vasitəsi kimi qiymətləndirəcək. Bu qarşılıqlı yanaşma Qara dənizdə risklərin artmasına səbəb ola bilər. Lakin hadisənin birbaşa daha geniş regional qarşıdurmaya çevrilməsi zənnimcə məhdud ehtimaldır. Çünki Türkiyə də daxil olmaqla bir sıra ölkələr Qara dənizdə sabitliyin qorunmasında maraqlıdır və tərəflərlə diplomatik əlaqələrə malikdir. Xüsusilə Türkiyənin vasitəçilik imkanları gərginliyin idarə olunmasında mühüm rol oynaya bilər”.
Təhlükəli presedent
O qeyd edib ki, bununla yanaşı, belə hadisələr təhlükəli presedent yaradır: “Müharibə şəraitində mülki gəmilərin, ticarət marşrutlarının və üçüncü ölkələrin vətəndaşlarının risk altında qalması təsadüfi insidentlərin daha böyük diplomatik böhranlara çevrilməsi ehtimalını artırır. Buna görə də Qara dənizdə naviqasiya təhlükəsizliyi, mülki obyektlərin qorunması və tərəflər arasında kommunikasiya kanallarının saxlanılması xüsusi əhəmiyyət daşıyır”.
“Tələsik nəticələr çıxarmaq doğru olmaz”
Politoloq Tural İsmayılov deyib ki, Qara dənizdə baş verən bu hadisə bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsinin coğrafiyası təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, eyni zamanda, beynəlxalq dəniz daşımaları və mülki logistika zəncirlərinə də təsir göstərir: “Əgər hadisənin təfərrüatları rəsmi araşdırmalarla təsdiqlənərsə, bu, bölgədə təhlükəsizlik risklərinin artdığını və mülki gəmiçiliyin daha mürəkkəb şəraitdə fəaliyyət göstərdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilə bilər. Bununla belə, mövcud mərhələdə emosional və ya tələsik nəticələr çıxarmaq doğru olmazdı. İlk növbədə insidentin bütün detallarının, o cümlədən hücumun xarakterinin, hüquqi qiymətləndirilməsinin və beynəlxalq dəniz hüququ baxımından nəticələrinin aydınlaşdırılması vacibdir”.
“Gərginlik artacaq”
T.İsmayılov qeyd edib ki, geosiyasi baxımdan isə hadisə Qara dənizin təhlükəsizlik mühitinin daha da mürəkkəbləşdiyini göstərir: “Son dövrdə dəniz nəqliyyatı marşrutları, liman infrastrukturu və logistika xətləri tərəflərin strateji hesablamalarında mühüm yer tutur. Belə şəraitdə mülki gəmilərin təhlükəsizliyinin təmin edilməsi təkcə müharibə tərəflərinin deyil, beynəlxalq dəniz ticarətində maraqlı olan bütün dövlətlərin diqqət mərkəzində qalacaq. Bu hadisədən sonra regionda gərginliyin müəyyən dərəcədə artması ehtimalı istisna deyil. Lakin bunun daha geniş eskalasiyaya çevriləcəyini indidən söyləmək çətindir. Hadisənin gələcək təsiri əsasən tərəflərin verəcəyi siyasi və diplomatik reaksiyalardan, həmçinin beynəlxalq ictimaiyyətin məsələyə münasibətindən asılı olacaq. Hazırkı mərhələdə ən doğru yanaşma hadisəni təsdiqlənmiş faktlar əsasında qiymətləndirmək və vəziyyətin inkişafını diqqətlə izləməkdir”.
“Bu, qəbuledilməzdir”
Siyasi şərhçi Zeynal Əmrəliyev diqqətə çatdırıb ki, Rusiya və Ukrayna arasında baş verən müharibə ümumilikdə bütün regiona mənfi təsir göstərir: “Əlbəttə, bu, ümumi beynəlxalq logistikaya da ciddi ziyan vurur. Yəni gəmilərin təhlükəsizliyində bu məsələ ilə bağlı ciddi problemlər var. Hər iki dövlətin bir-birinə atdığı raketlər, dron hücumları həm hava nəqliyyatının, həm də dəniz nəqliyyatının inkişafına mənfi təsir göstərir. Bu baxımdan baş vermiş faciə bu aspektdən dəyərləndirilməlidir. Əlbəttə ki, günahkarlar tapılıb cəzalandırılmalıdır və heç bir halda bu cür yük gəmilərinə hücum qəbuledilməzdir. Yəni hər iki dövlət bu məsələ ilə bağlı öz mövqeyində ehtiyatlı olmalıdır”.
“Hadisə geniş araşdırılacaq”
O əlavə edib ki, “Nadejda” gəmisinin vurulması hadisəsi yəqin ki, geniş şəkildə araşdırılacaq, Türkiyə tərəfi bu məsələ ilə bağlı geniş şəkildə Ukrayna ilə danışıqlar aparacaq və bu faciənin miqyası hesablanılacaq: “Ümumiyyətlə, hazırda regionda Rusiya-Ukrayna müharibəsi səbəbindən çox böyük gərginlik var. Həmçinin tərəflərin arasında ciddi şəkildə çaxnaşma gedir və bu da ümumi beynəlxalq vəziyyətə mənfi təsir göstərir”.

Röya İsrafilova